Məhkəmə qərarları › İş №3(006)-1352/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1352/2024

05.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1352/2024 05.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxx 1992-ci il tarixdə Sabirabad rayonu, Qaralar kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, Sabirabad rayonu, Məmişlər kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2024-cü il tarixdə Nəsimi rayonu, Cavadxan küçəsi 32 ünvanında nalayiq ifadələr işlətməklə ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X6 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində ünvan 1 ünvanın qarşısında Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili Həsən Həsənli ilə xidmətdə olarkən bir nəfər şəxsin ucadan ünvansız nalayiq küçə söyüşləri söydüyünü bununla da ətrafa yığılan şəxslərin diqqətini cəlb etdiyini görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan hərəkətlərini dərhal dayandırmasını və şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd varsa təqdim etməsini tələb etmişlər, lakin həmin şəxs özü haqda məlumat verməkdən imtina edərək “gedin işinizlə məşğul olun” ifadəsini işlətmişdir. Onlar həmin şəxsi nizam-intizama dəvət edərək şəxsiyyətini müəyyən olunması üçün ərazi üzrə 19-cu PŞ-nə getməyi tələb etsələr də onların qanuni tələblərinə tabe olmayaraq, hadisə yerindən yayınmağa cəhd göstərmişdir. Tərəflərindən fiziki qüvvə tətbiq edilərək həmin şəxs xidməti avtomobilə əyləşdirilmiş və 19-cu PŞ-nə təmin olunmuşdur. Şöbədə aparılan İlkin araşdırma zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü Şəxsdur. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə ailə problemləri ilə bağlı əsəbi olduğu vaxt telefon vasitəsilə qohumu ilə danışarkən evdən təkrarən zənglər gəlməyə başladığı üçün yenidən əsəbləşmiş və yüksək səslə qışqıraraq söyüşlə danışmağa başlamışdır. Həmin vaxt polis əməkdaşları ona yaxınlaşıb yüksək səslə danışmaması üçün irad bildirməsinə baxmayaraq o, polis əməkdaşlarına fikir verməmişdir. Bundan sonra polis əməkdaşları onu 19-cu PŞ-nə aparmışlar. Əməlindən peşmandır, bir daha belə hərəkət etməyəcəyinə söz verir. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Nəsimi RPİ-nin 19-cu polis şöbəsinin əməliyyat müvəkkili X4 izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 19:30 radələrində ünvan 1 ünvanın qarşısında Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X6 ilə xidmətdə olarkən bir nəfər şəxsin ucadan ünvansız nalayiq küçə söyüşləri söydüyünü, bununla da ətrafa yığılan şəxslərin diqqətini cəlb etdiyini görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək ondan hərəkətlərini dərhal dayandırmasını və şəxsiyyətini təsdiq edən hər hansı bir sənəd varsa təqdim etməsini tələb etmişlər, lakin həmin şəxs özü haqda məlumat verməkdən imtina edərək “gedin işinizlə məşğul olun” ifadəsini işlətmişdir. Onlar həmin şəxsi nizamintizama dəvət edərək şəxsiyyətini müəyyən olunması üçün ərazi üzrə 19-cu PŞ-nə getməyi tələb etsələr də onların qanuni tələblərinə tabe olmayaraq, hadisə yerindən yayınmağa cəhd göstərmişdir. Tərəflərindən fiziki qüvvə tətbiq edilərək həmin şəxs xidməti avtomobilə əyləşdirilmiş və 19-cu PŞ-nə təmin olunmuşdur. Şöbədə aparılan İlkin araşdırma zaman məlum olmuşdur ki, həmin şəxs xx.xx.1992-ci il təvəllüdlü Şəxsdur İş materiallarında olan inzibati qaydada tutma haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 18:30-da inzibati qaydada tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsi xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə, 535.1-ci maddəsi isə polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə məsuliyyət müəyyən edir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin İİ hissəsinə görə Azərbaycan Respublikasının ərazisində olan bütün hüquqi və fiziki şəxslər polis əməkdaşının qanuni tələblərini icra etməlidirlər. Həmin Qanunun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək polis əməkdaşının hüququdur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin polis sahə inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətaların xarakterini, onun şəxsiyyətini, iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, Zeynalov X1 Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən barəsində həmin Məcəllənin 535.1-ci maddəsində nəzərdə tutulan həbs inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 30 (otuz) gün müddətinə inzibati həbs edilsin. Həbs etmənin əvvəli 04 aprel 2024-cü il tarixdən saat 18:30-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi RPİ-nin 19-cu polis şöbəsinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnzibati X2 Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində qərardan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar