Məhkəmə qərarları › İş №3(006)-1354/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1354/2020

18.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1354/2020 18.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi X6, İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X3, Qərarı qəbul etmiş orqanın nümayəndəsi X4 iştirakları ilə “xxxxxxxxxxxx” MMC-nin Bakı şəhər Ekologiya və X1 xx.xx.2015-ci il tarixli, BD-068 saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə icla-sın-da baxaraq MÜƏYYƏN ETDİ: “xxxxxxxxxxxx” MMC qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhər Ekologiya və X1 (indiki 11 saylı Regional Ekologiya və X9) xx.xx.2015-ci il tarixli, BD-068 saylı qərarına əsasən “xxxxxxxxxxxx” MMC xx.xx.2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1-ci maddəsi ilə təqsirli bilinərək 9.000 manat məbləğində cərimə edilmişdir. Həmin qərar cəmiyyətin qeydiyyatda olduğu hüquqi ünvanına göndərildiyindən onun surətini əldə edə bilməmiş, yalnız cəmiyyətin “xxxxxxxx” ASC bank hesabına Bakı şəhəri Yasamal rayon İcra və probasiya şöbəsinin qərarı ilə qoyulmuş məhdudiyyətdən sonra xx.xx.2020-ci il tarixdə məlumatlı olmuşlar. Bu qərar əsassız hesab olunmalıdır, çünki orada qeyd olunan inzibati xətanın törədilməsi ilə əlaqədar cəmiyyətin əvəzinə nəqliyyat vasitəsinin sürücüsü barədə tənbeh tədbiri tətbiq olunmalı idi. “xxxxxxxxxxxx” MMC-nin aparılan işdən məlumatı olmamışdır. Göstərilənləri nəzərə alaraq həmin qərarın ləğv olunması xahiş edilir. Məhkəmə iclasında şikayətçi “xxxxxxxxxxxx” MMC-nin nümayəndəsi X7 şikayətdə göstərilənlərə uyğun izahat verib əlavə olaraq qeyd etdi ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” Ticarət Mərkəzi ətrafındakı böyük su hövzəsinə şirkətə məxsus yük avtomobili ilə tullantıların basdırılmasına dair qurum tərəfindən heç bir göstəriş verilməmiş və ümumiyyətlə belə hadisənin baş verməsindən məlumatlı olmamışlar. Əgər belə hadisə də baş veribsə, o zaman inzibati məsuliyyətə bu xətaya bilavasitə yol verən sürücü cəlb edilməli idi. İş üzrə araşdırma “xxxxxxxxxxxx” MMC-yə məlumat verilmədən aparılaraq cəmiyyət barəsində əsassız qərar qəbul edlmişdir. Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında qərarı qəbul etmiş orqanın nümayəndəsi X8 izahatında bildirdi ki, Bakı şəhər Ekologiya və X1 xx.xx.2015-ci il tarixli, BD-310 saylı sərəncamı əsasında xx.xx.2015-ci il tarixdə həmin qurumun əməkdaşları tərəfindən monitorinq həyata keçirilən zaman Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən “Binə” Ticarət Mərkəzi ətrafındakı böyük su hövzəsinə sürücüsü məlum olmayan, lakin sonradan “xxxxxxxxxxxx” MMC-yə məxsus olduğu müəyyən edilən “Kamaz” markalı, **-AG-*** dövlət qeydiyyat nişanlı yük nəqliyyat vasitəsi ilə polietilen üzlüklərin boşaldılması faktı müşahidə edilmişdir. Bununla bağlı iş üzrə araşdırma aparılması üçün xx xxxx 2015-ci il tarixdə “xxxxxxxxxxxx” MMC-yə məlumat verilərək nümayəndəsi Bakı şəhər Ekologiya və X2 dəvət olunsa da, heç bir nəticə əldə olunmamışdır. Aparılmış araşdırma nəticəsində Departamentin xx.xx.2015-ci il tarixli, BD-068 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə “xxxxxxxxxxxx” MMC xx.xx.2016-cı il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 104.1-ci maddəsi ilə təqsirli bilinərək 9.000 manat məbləğində cərimə edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətin rədd olunmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmədə müəyyən edildi ki, “xxxxxxxxxxxx” MMC barəsində Bakı şəhər Ekologiya və X5 tərəfindən inzibati xəta haqqında iş üzrə icraatla bağlı araşdırma aparılarkən qanunvericiliyin tələblərinə tam riayət edilməmiş, tullantıları basdıran yük avtomobilin sürücüsü müəyyən edilib məsələyə dair onun izahatı alınmamış, bu tapşırığın ona kim tərəfindən verilib-verilməməsi dəqiqləşdirilməmiş, hadisə ilə əlaqədar barəsində icraat aparılan qurumunun mövqeyi öyrənilməmiş, bununla da iş üzrə bütün faktiki halların tam və hərtərəfli qaydada öyrənilməsi üçün lazımi təbdirlər görülməmişdir ki, sonda da belə qeyri-obyektiv qərarın qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları (vəzifəli şəxslər) tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir. Bu Məcəllənin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir. Qeyd olunan Məcəllənin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhər Ekologiya və X1 xx.xx.2015-ci il tarixli, BD-068 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar