Məhkəmə qərarları › İş №3(006)-1354/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1354/2023

07.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1354/2023 07.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin polis sahə inspektoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1972-ci il tarixdə, Zaqatala rayonu, Qandax kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), Zaqatala rayonu, Qandax ərazi dairəsi, Qandax kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, vətəndaş Ə.T.Fətiyev 06 mart 2023-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nə ərizə ilə müraciət edərək bildirmişdir ki, 01 mart 2023-cü il tarixdə saat 05:00 radələrində ünvan 1 ünvanında yerləşən Sofiya şadlıq sarayının çöl hissəsinə qoyulmuş liftin iki ədəd qapısını və bəzi detalları naməlum şəxs və şəxslər tərəfindən oğurlanmışdır. Ə.T.Fətiyevin müraciəti əsasında Nəsimi RPİ-nin 19-cu PŞ-nin təhqiqatçısı Maqsud Mirzəzadə tərəfindən araşdırılma aparılmış, araşdırma nəticəsində baş vermiş hadisədə cinayət tərkibi olmadığı üçün 06 mart 2023-cü il tarixdə cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmiş, eyni zamanda törədilmiş əməldə inzibati xəta tərkibi olduğu üçün qəbul edilmiş qərarın surəti Nəsimi RPİ-nin 19-cu PŞ-nin aidiyyati əməkdaşına verilmişdir. Həmin polis şöbəsinin sahə inspektoru Q.İ.Məmmədov tərəfindən müvafiq inzibati araşdırma aparılmış və hadisəni törədən şəxsin xx.xx.1972-ci il təvəllüdlü Şəxs olduğu müəyyən edilmiş və sonuncu 07 mart 2023-cü il tarixdə Nəsimi RPİ-nin 19-cu PŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 19-cu PŞ-nin sahə inspektoru Q.İ.Məmmədov bildirmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən zərərçəkmiş şəxs Ə.T.Fətiyevə vurulmuş ziyanın bir qismi ödənilmiş, sonuncu Şəxsla barışmışdır və sonuncuya qarşı heç bir tələbi və şikayəti yoxdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında göstərmişdir ki, əməlindən peşmandır və bir daha bu kimi əməllərə yol verməyəcəyinə söz verir. Həmçinin bildirmişdir ki, zərərçəkmiş şəxs Ə.T.Fətiyevə qarşı vurulmuş ziyanın bir qismini ödənilmişdir, sonuncunun ona qarşı heç bir şikayəti və tələbi yoxdur və onunla barışıq əldə etmişdir. Göstərilən halları nəzərə alaraq, barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan əlavə verilmiş suala cavab olaraq bildirmişdir ki, saxlanılarkən hüquq və vəzifələri ona izah edilmiş, heç bir fiziki təzyiqə və zorakılığa məruz qalmamış, iş materialları ilə tanış olmuş, xahişi ilə yaxın qohumlarına məlumat verilmişdir. Həmçinin bildirmişdir ki, hazırda məhkəmə iclasında hüquqlarının müdafiəçi tərəfindən müdafiə edilməsinə ehtiyacı yoxdur, bu, onun maddi vəziyyəti ilə bağlı deyildir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs Ə.T.Fətiyev bildirmişdir ki, ona vurulmuş ziyan Şəxs tərəfindən ona vurulmuş ziyan qismən ödənilmişdir, sonuncuyla barışdığından ona qarşı hər hansı şikayət və tələbi yoxdur. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Bundan başqa zərərçəkmiş şəxs Ə.T.Fətiyevin məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Şəxs tərəfindən vurulmuş ziyanın bir qismi ödənilmiş və sonuncuya qarşı heç bir şikayət və tələbi yoxdur. O, Şəxsla barışıq əldə edərək sonuncunun barəsində başlanmış inzibati icraata xitam verilməsini xahiş edir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, zərərçəkmiş şəxs Ə.T.Fətiyev Şəxsla barışmış və ona qarşı heç bir şikayət, tələb və mülki iddiasının olmadığını bildirmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 39.2-ci maddəsinə əsasən bu Məcəllənin 227, 232-1-ci və 351-1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat zamanı inzibati xəta törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərər çəkmiş şəxslə barışdıqda inzibati iş üzrə icraata xitam verilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Şəxs Ə.T.Fətiyevə qarşı vurulmuş ziyanın bir qismini ödədiyi, zərərçəkmiş şəxslə barışdığı və sonuncunun ona qarşı şikayət və tələbi olmadığı üçün onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 39, 40, 43, 48-51, 53, 114-117, 128-130 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar