Məhkəmə qərarları › İş №3(006)-1358/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1358/2024

18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1358/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində icraat aparılan şəxs: Şəxs iştirakları ilə xx.xx.1995-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, ali təhsilli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi, məhəllə 2344, ev 134, mənzil 13-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi üzrə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Bakı şəhəri Nəsimi rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Həmin qərara görə Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən “Seven Sundays” restoranının qarşısında tanışı Zərərçəkmiş şəxs istifadəsində olan “Hyundai Elantra” markalı, **-AV-*** dövlət qeydiyyat nişanlı avtomobilə ayaqla təpik zərbələri endirərək sonuncunun əmlakını qəsdən zədələməklə ona 500 manat məbləğində ziyan vurmuşdur. Məhkəmədə barəsində icraat aparılan şəxs Şəxs izahatında göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən “Seven Sundays” restoranında tanışı Zərərçəkmiş şəxs ilə istirahət etmiş, daha sonra onların arasında mübahisə baş verdiyindən Səma restoranı tərk etmişdir. Buna görə o, Səmaya zəng edib geri qayıtmasını istəmiş, daha sonra çölə çıxaraq Səmanın idarə etdiyi avtomobilin qarşısına keçərək avtomobildən düşməsini tələb etmişdir. Səma onunla razılaşmadığına görə o, avtomobilin arxa hissəsindən təpiklə zərbə endirsə də, avtomobildə heç bir əzik yox idi. Bu zərbələr nəticəsində avtomobilə 500 manat məbləğində ziyanın dəyməsi ağlabatan deyil. İş materiallarında olan: • “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Bakı şəhəri Nəsimi rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına əsasən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; • Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinə vermiş olduğu izahatına əsasən xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsində yerləşən “Seven Sundays” restoranında olan zaman tanışı Emillə aralarında mübahisə yaranmış, sonuncu onun ünvanına təhqiramiz ifadələr işlətmişdir. Daha sonra o, restoranı tərk etdikdə Emil onun idarə etdiyi “Hyundai Elantra” markalı, **- AV-*** dövlət qeydiyyat nişanlı avtomobilə təpik zərbələri endirərək ona 500 manat ziyan vurmuşdur; • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 20-ci polis şöbəsinin təhqiqatçısı Kənan Hüseynov tərəfindən qəbul edilmiş “Cinayət işinin başlanılmasının rədd edilməsi” haqqında xx.xx.2024-cü il tarixli qərarında qeyd olunmuşdur ki, toplanmış materialın məzmununda cinayət tərkibi yaradacaq əsas və səbəblər olmadığından Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 186.1-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs təqsirliyi sübuta yetmədiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati məsuliyyət nəzərdə tutulur. Təqdim edilmiş materiallara əsasən Şəxs tərəfindən Zərərçəkmiş şəxs 500 manat məbləğində ziyanın vurulduğu qeyd olunsa da, bununla bağlı zərər çəkmiş şəxsin izahatından başqa digər heç bir mötəbər sübut təqdim edilməmiş, inzibati xəta nəticəsində vurulan zərərin miqdarının müəyyən edilməsi istiqamətində tədbirlər görülməmiş, o cümlədən müvafiq ekspertiza keçirilməmişdir. Belə olan halda isə məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Bu Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. İnzibati Xətalar Məcəlləsinin 53.2-ci maddəsinin tələbinə görə hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar