Məhkəmə qərarları › İş №3(006)-1367/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1367/2023

10.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1367/2023 10.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 22-ci PB-nin polis sahə rəisi X1, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Əli-Bayramlı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, orta təhsilli, Şirvan şəhəri, Hacıqəhrəmanlı qəsəbəsi, Abşeron rayonu, Qobu qəsəbəsində yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə ilə təqsirli bilinməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhəkmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 08 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 13:00 radələrində Baki şəhəri, ünvan 1 ünvanın qarşısında **-SE-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünü təhqir edərək xırda xuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin 22-ci PB-nin polis sahə rəisi R.M.Aslanov protokolu müdafiə edərək bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nə müraciət edərək “Hyundai” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü tərəfindən təhqir olunduğu bildirmiş, həmin müraciət əsasında taksi sürücüsününün Şəxs olduğu müəyyən edilmiş və izahatı alınması üçün polis şöbəsinə dəvət edilmişdir. Sonuncu 08 mart 2023-cü il tarixdə, PŞ-yə gəlmiş, orada izahatı alınmış, barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək izahatında göstərmişdir ki, o, “Bolt” şirkətində taksi sürücüsü işləyir. xx.xx.2023-cü il tarixdə, saat təxminən 13:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkətdə olan zaman sol zolaqda sola dönmə nişanını yandıraraq sol arxa küçəyə dönərkən, hansı ki, həmin yerdə asfalt örtüyünün üzərində yalnız sola dönmə nişanı var, bu zaman tanımadığı bir maşın onun solundan gələrək, yol nişanı tələbini pozaraq düz keçmiş, qəza şəraiti yaratmışdır. Sonra həmin sürücünün qadın olduğunu bilmiş və güzgüdən işarələrlə ona yerdəki yol nişanına baxmasını bildirmişdir. Bundan sonra o, sola dönə bilməmiş, düz keçib dayanmışdır. Həmin vaxt ona sifariş verən müştəridən əşyanı almış, gedəcəyi ünvana doğru hərəkətə başlamış, yavaşyavaş yolun solundan sağına doğru keçməyə çalışmış, biraz irəliyə getdikdən sonra güzgüdən həmin avtomobilin sürücüsünün onun maşının şəklin çəkdiyini görmüşdür. Bundan sonra, həmin sürücü avtomobilin surətini artıraraq sağ şüşəni aşağı salmış, ona qarşı çox kobud təhqiredici nalayiq söyüş işlədərək çıxıb getmişdir. Həmçinin bildirmişdir ki, o, həmin qadına qarşı heç bir söyüş söyməmiş, heç bir kobud hərəkət etməmiş, nə də maşının aşağı düşməmiş, əksinə qadın onu pis söyüşlə təhqir etmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi İ.İ.Ağazadə bildirmişdir ki, hüquqlarını müdafiə etdiyi şəxsin əməlində inzibati xəta tərkibi mövcud deyildir. Belə ki, baş vermiş hadisənin nə videogörüntüləri iş materiallarına əlavə edilmiş, nə də hadisə ilə bağlı şahid dindirilmişdir. Hadisə hər iki tərəfdə yolda avtomobil idarə edərkən baş vermişdir, lakin polis əməkdaşları tərəfindən yolda quraşdırılmış kameralardan videogörüntü alınıb iş materiallarına əlavə edilməmişdir. Belə ki, Şəxs tərəfindən hər hansı ictimai qaydanı pozuntusu törədilməmiş və törədilməsinə dair hər hansı sübutda məhkəməyə təqdim edilməmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, xx.xx.2023-cü il saat təxminən 13:00 radələrində Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi ilə hərəkətdə olan zaman “Hyundai” markalı, **-DV-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü ona qarşı hörmətsiz hərəkət etmiş, sonuncunun üz ifadəsindən onu təhqir etdiyini bilmişdir. Hadisə ilə bağlı o, ilkin olaraq “Bolt” şirkətinə müraciət etmiş, daha sonra PŞ-nə müraciət etmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələri ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 08 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2023-cü il saat 13:00 radələrində ünvan 1 ünvanın qarşısında, “Mini Cooper” markalı, **-SE-*** dövlət qeydiyyat nişanlı sürücüsünü təhqir edərək xırda xuliqanlıq etmiş və bununla da, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan 08 mart 2023-cü il tarixli inzibati tutma haqqında protokoldan görünür ki, Şəxs həmin tarixdə, saat 16:00-da tutulmuşdur. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs Nəsimi RPİ-nin 22-ci PŞ-nə müraciət edərək “Hyundai” markalı, **-DV- *** dövlət qeydiyyat nişanlı avtomobil sürücüsü tərəfindən təhqir olunduğu bildirmiş, həmin müraciət əsasında taksi sürücüsününün Şəxs olduğu müəyyən edilmiş və izahatı alınması üçün polis şöbəsinə dəvət edilmişdir. Sonuncu 08 mart 2023-cü il tarixdə, PŞ-yə gəlmiş, orada izahatı alınmış, sonuncunun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs barəsində yalnız zərəçəkmiş şəxsin şikayəti əsasında, onun ictimai qaydanı hansı hərəkətlərlə pozmasını göstərən hər hansı sübut, yəni videogörüntü iş materiallarına əlavə edilmədən, hadisə ilə bağlı şahidin izahatı alınmadan protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən ictimai qayda pozuntusu sübut olunmadığından, sonuncunun əməlində inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmamışdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 106-112, 114.1.1, 115.1, 115.5, 117, 128.2.1, 130.1, 510-cu maddələrini rəhbər tutaraq, məhəkmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar