Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1368/2023 09.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X1 iştirakları ilə, xx.xx.1984-cü ildə İmişli rayonu, Xəlfəli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, sürücü, əvvəllər məhkum olunmamış, İmişli rayonu, Xəlfəli ərazi dairəsi, Xəlfəli kəndində qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsindən daxil olmuş materiala baxaraq, məhkəmə müəyyən etdi: Şəxs 08 mart 2023-cü il tarixdə, saat 14:30 radələrində ünvan 1 ünvanında polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X5 verdiyi izahatında bildirdi ki, 08 mart 2023-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində “Toyota” markalı avtomobil Şəxs idarə etdiyi avtobusu arxa hissəsindən vurmuşdur. Həmin vaxt tıxaca görə yolu nizamlamağa çalışan yol patrul xidməti əməkdaşı Şəxs sənədlərini tələb etmişdir. Lakin Şəxs polis əməkdaşının sinəsindən itələyərək müqavimət göstərmiş və avtobusa minərək hadisə yerindən uzaqlaşmağa çalışmışdır. Lakin yol-patrul xidməti polis əməkdaşları həmin şəxsi saxlayaraq Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinin əməkdaşlarına təhvil vermişlər. Bundan sonra barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs polis qüvvələrinin köməkliyi ilə polis şöbəsinə gətirilmiş və tərəfindən Şəxs barəsində inzibati xəta haqqında prorokol tərtib olunaraq aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək verdiyi izahatında göstərdi ki, o, 14 ildir sürücü vəzifəsində işləyir. 08 mart 2023-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində idarə etdiyi avtobusla hərəkət edərkən “Toyota” markalı avtomobil onun idarə ediyi avtobusu arxa hissəsindən vurmuşdur. Həmin vaxt tıxaca görə yolu nizamlamağa çalışan yol patrul xidməti əməkdaşı əvvəlcə ona “sür” əmri vermiş, daha sonra avomobilini dayandırmağına dair göstəriş vermişdir. Lakin həmin vaxt avtobusda olan sərnişinlər etiraz etməyə başlamışdır. Daha sonra, o, avtobusdan düşərək yol patrul xidməti əməkdaşının yanına gəlmiş, həmin vaxt polis əməkdaşı ondan sənədlərini tələb etmişdir. O, polis əməkdaşına mobil telefonunu götürərək avtobudan geri dönəcəyini bildirsə də, polis əməkdaşı onun qaçdığını güman edərək əlindən tutmaqla saxlamağa çalışmışdır. Həmin vaxt polis əməkdaşının hərəkətindən əsəbləşdiyi üçün əli ilə onun sinəsindən itələyərək avtobusa doğru hərəkət etmişdir. Halbuki, həmin vaxt avtoqəza onun tərəfindən törədilmədiyinə görə hadisə yerindən yayınmaq fikri olmamışdır. O, avtobusa daxil olduqdan sonra yol-patrul xidməti əməkdaşı post-patrul xidməti əməkdaşlarına xəbər verib avtobusa daxil olmuş və ondan avtobusla hərəkət etməsinə mane olmağa çalışmışdır. Sonradan post-patrul xidməti əməkdaşları onu 22-ci Polis Şöbəsinə aparmış və orada izahatı alınmış, həmçinin barəsində inzbati xəta haqqında protokol tərtib edilmişdir. İzahatının sonunda heç bir təqsirinin olmamasını və himayəsində 3 azyaşlı uşağının olmasını bildirərək barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri BPİ-nin X12 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol-patrul xidməti baş inspektoru X6 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 08 mart 2023-cü il tarixdə, saat 14:30 radələrində Bakı şəhəri, Nəsimi rayonu, R.Behbudov küçəsində xidməti vəzifəsini yerinə yetirərkən “Toyota” markalı avtomobillə avtobus toqquşmuşdur. Bundan sonra o təlimata uyğun olaraq həmin avtomobili və avtobusu idarə edən şəxslərə yaxınlaşaraq onlardan sənədlərini tələb etmişdir. Həmin vaxt avtobusun sürücüsü Şəxs onun boğazından yapışaraq itələmiş və avtobusa minərək hadisə yerindən uzaqlaşmağa çalışmışdır. O dərhal post-patrul xidməti əməkdaşlarına məlumat vermiş və avtobus sücüsünün uzaqlaşmasına onlar gələnədək imkan verməmişdir. Sonradan polis əməkdaşları gələrək Şəxs Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə aparmış və izahatını almışdır. O hadisə barədə raport tərtib etmiş və aidiyyəti quruma ünvanlamışdır. Bundan sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Daxili İşlər Nazirliyi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi X5 tərəfindən tərtib edilmiş 09 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilən sənədləri nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan 08 mart 2023-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 08 mart 2023-cü il tarixdə, saat 18:30 radələrində inzibati qaydada tutulmuşdur. Məhkəməyə təqdim edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Şəxs himayəsində 23 iyun 2014-cü il təvəllüdlü X2, 08 mart 2016-cı il təvəllüdlü X3, 22 yanvar 2019-cu il təvəllüdlü X4 ad və soyadlı üç uşağı vardır. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə tərəfindən Şəxs himayəsində 3 (üç) uşağının olmasını məsuliyyətini yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1368/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1368/2023
09.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver