Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1368/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X5 iştirakı ilə Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 9613 saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X2 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, təxminən saat 16:59 radələrində Bakı şəhəri, Məmmədcəfər Cəfərov küçəsində idarə etdiyi “Kia Sorento minik” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən Bakı şəhər X7 İdarəsinin baş inspektoru tərəfindən saxlanılaraq işıqforun qadağanedici işarəsi verilərkən hərəkətinin davam etdirildiyi bildirilmişdir. Bununla bağlı onun barəsində xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati xəta haqqında iş üzrə qərar qəbul edərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinə əsasən 80 manat məbləğində cərimə tətbiq edilmişdir. O, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək həmin qərardan şikayət vermişdir. Bakı şəhəri Yasamal Rayon Məkəməsinin 20 fevral 2024-cü il tarixli, 3(004)- 547/2024 saylı qərarına əsasən şikayəti qismən təmin olunmuş, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilmişdir. Lakin Bakı şəhər X7 İdarəsinin baş inspektoru tərəfindən heç bir araşdırma aparılmadan, kamera görüntülərinə baxış keçirilmədən yenidən eyni qərar qəbul edilmişdir. O, heç bir qayda pozuntusu etməmiş, işıqforun yaşıl işığı yanarkən hərəkətinə davam etmişdir. İnzibati tənbeh haqqında qərarın verilməsinə əsas olmuş protokol heç bir araşdırma aparılmadan tərtib edilmişdir. Halbuki, həmin ərazidə çoxsaylı təhlükəsiz şəhər kameraları və Bakı Nəqliyyat Agentliyinə məxsus olan kamerlar mövcuddur. Kamerlarda hadisənin bütün görüntüləri əks olunduğu halda görüntülərə baxış belə keçirilməmişdir. Görüntülərə baxış keçirilmədən işin obyektiv araşdırılması mümkün deyildir. Bakı şəhəri X7 İdarəsi tərəfindən kamera görüntülərinə baxış keçirilməməsi onu sübut edir ki, tərəfindən heç bir inzibati xəta törədilməmiş, əks hal baş vermiş olduğu təqdirdə isə mütləq kamera görüntülərinə düşərdi. Lakin heç bir əsas və dəlil olmadan barəsində qərəzli olaraq inzibati tənbeh tətbiq edilmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 9613 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsi xahiş olunur. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi qaydada xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, şikayətçi və qərarından şikayət verilən orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Yasamal Rayon Məkəməsinin 20 fevral 2024-cü il tarixli, 3(004)- 547/2024 saylı qərarı ilə X2 tərəfindən verilmiş şikayət qismən təmin olunmuş, barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilmiş və qeyd olunan inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhər X8 İdarəsinə göndərilmişdir. Həmin qərarda qeyd olunmuşdur ki, X2 xx.xx.2023-cü il tarixdə, təxminən saat 16:59 radələrində idarə etdiyi “Kia Sorento minik” markalı, **-XL-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Məmmədcəfər Cəfərov küçəsində svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətə davam etdiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Bakı şəhəri X8 İdarəsi tərəfindən inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin tələblərinə riayət olunmamış, barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan və zəruri araşdırma aparılmadan işə baxılaraq qərar qəbul olunmuşdur; • Bakı şəhəri X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 9613 saylı inzibati tənbeh vermə haqqında qərara görə X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 80 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: • İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddə); • İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2-ci maddə); • İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); • İnzibati xəta haqqında iş üzrə qərarda aşağıdakılar göstərilir: qərarı çıxarmış hakimin, vəzifəli şəxsin vəzifəsi, soyadı, adı, atasının adı, kollegial orqanın adı və tərkibi; işin baxılması tarixi və yeri; işinə baxılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi; işə baxılarkən müəyyən edilmiş hallar; inzibati xətaya görə məsuliyyət nəzərdə tutan bu Məcəllənin müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü; inzibati cərimə şərti olaraq tətbiq edildikdə, hüquqpozmanın aradan qaldırılması üçün müəyyən edilmiş müddət və bu müddətdə hüquqpozma aradan qaldırıldığı təqdirdə, cərimənin ödənilməməsi barədə qeyd; iş üzrə icraata xitam verilməsi və ya dayandırılması üçün əsas olan bu Məcəllənin müvafiq maddəsi; qərardan şikayət verilməsi müddəti və qaydası (115.1-ci maddə). Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri X8 İdarəsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, mövcud olan məhkəmə qərarında göstərilmiş işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək prosessual pozuntular aradan qaldırılmamış, yalnız polis əməkdaşının izahatı alınaraq barəsində icraat aparılan şəxsin iştirakı təmin olunmadan qərar qəbul edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri X8 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 9613 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri X7 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 9613 saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1368/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1368/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver