Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1369/2022 25.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin 31 mart 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Nəsimi RPİ-nin 22-ci PB-nin 31 mart 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini Xətai Rayon Məhkəməsindən xahiş etmişdir. Həmin Məhkəmənin 05 aprel 2022-ci il tarixli, 3(011)-1476/2022 saylı qərardadı ilə (Hakim F.A.Axundov) şikayəti ərazi aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 28 Mall ticarət mərkəzində olarkən fərdi qoruyucu vasitəsini ayaqyolunda yerə düşürdüyü və üzərində ehtiyat tibbi maskası olmadığı üçün ticarət mərkəzinin 4-cü mərtəbəsinə qalxıb orada anasının fərdi qoruyucu vasitə alıb ona gətirməsini gözləmişdir. O, orada gözləyən vaxt polis əməkdaşı ona yaxınlaşıb şəxsiyyət vəsiqəsinin şəklini çəkmişdir. O, barəsində qəbul edilmiş qərarla razı deyil. Göstərilənlərə əsasən Nəsimi RPİ-nin 22-ci PB-nin 31 mart 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi F.V.Əkbərzadə şikayət ərizəsinin məzmununa uyğun çıxış edərək bildirmişdir ki, o, həmin gün fərdi qoruyucu vasitədən istifadə etmişdir, sadəcə tibbi maskası özündən asılı olmayan səbəblərdən yerə düşdüyündən və həmin maska qoruyuculuq qabiliyyətini itirdiyindən onu təkrar istifadə edə bilməmişdir. Lakin o, bunu bərpa etmək üçün ona yeni tibbi maska alınmasını gözləmiş, maskasız olmasını səbəbini polis əməkdaşına bildirmişdir. Buna baxmayaraq polis əməkdaşı tərəfindən barəsində protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq şikayətinin təmin edilməsini və Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin 31 mart 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi RPİ 22-ci PB-nə lazımi qaydada məlumat verilsə də, Nəsimi RPİ 22-ci PB-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə 22-ci PB-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan 31 mart 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, F.V.Əkbərzadə Azərbaycan Respublikası İXM-in 211.2-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, F.V.Əkbərzadə 30 mart 2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 28 Mall Ticarət Mərkəzində olarkən epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələbləri pozması səbəbindən barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və sonuncu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 100 (bir yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Həmçinin məhkəmə iclasına müəyyən edilmişdir ki, şikayətçi F.V.Əkbərzadə 30 mart 2022-ci il tarixdə fərdi qoruyucu vasitədən istifadə etməklə 28 Mall Ticarət Mərkəzinə daxil olmuş, lakin tibbi maskası yerə düşüb gigiyenasını itirdiyindən o, məcburi olaraq olduğu binanın 4-cü mərtəbəsində anasının ona tibbi maska almasını gözləmişdir. Həmin vaxt polis əməkdaşı ona yaxınlaşıb, onun nəyə görə tibbi maska istifadə etməməsini nəzərə almadan F.V.Əkbərzadə barəsində EXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Bununla da məhkəmə hesab edir ki, şikayətçinin barəsində tərtib edilmiş protokolda və qəbul edilmiş işin hallarına tam qiymət verilməmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Məhkəmə həmçinin hesab edir ki, sübut etmə vəzifəsi qərarından şikayət verilmiş orqanın üzərinə düşür, lakin həmin orqanın nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gələ bilməməsinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmiş, eləcə də iş üzrə sübutlar təqdim etməmişdir. Yuxarıda göstərilən səbəblərdən də, tərtib edilmiş protokol və qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Bununla da məhkəmə hesab edir ki, protokol və qərar qəbul edilərkən yuxarıda göstərilən hallar tam araşdırılmamış və F.V.Əkbərzadənin barəsində əsassız qərar qəbul olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, Nəsimi RPİ 22-ci PB-də aparılan inzibati araşdırma zamanı hakimin gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikasının İXM-nin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Nəsimi RPİ-nin 22ci PB-nin 31 mart 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün Nəsimi RPİ 22-ci PB-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Nəsimi RPİ-nin 22-ci Polis Bölməsinin 31 mart 2022-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Nəsimi RPİ 22-ci Polis Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verldiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1369/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1369/2022
25.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver