Məhkəmə qərarları › İş №3(006)-1372/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1372/2023

29.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1372/2023 29.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, X1 Azərbaycan Respublikası DİN Bakı şəhəri Bakı şəhəri Nəsimi rayon RPİ-nin 21-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərardan verdiyi şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: X2 barəsində tərtib edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Bakı şəhəri Nəsimi rayon RPİ-nin 21-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında Nəsimi rayon məhkəməsinin mülki işinə dair qətnaməsinin yerinə yetirilməsi üçün xx.xx.2022-ci il və xx.xx.2023-cü il tarixlərdə məcburi icra tədbirləri görülmüşdür. Həmin vaxt həyətdə icra məmuru Rövşən Əhmədov, qonşular, ustalar və Həsrət Mehdiyevanın vəkili Elxan adlı şəxslər olmuşdur. Həmin vaxt artıq tikililər söküldüyündən qonşular arasında hər hansı dava olmamışdır. Ancaq buna baxmayaraq, H.Mehdiyeva onunla ədavət apararaq şər və böhtan ataraq ona zülm və əziyyət vermişdir. Belə ki, Elxan adlı vəkil 03 iyun 2023-cü il tarixdə 102 xidmətinə zəng vuraraq yalan məlumat vermiş və guya, onun tərəfindən H.Mehdiyevanın döyüldüyünü bildirmişdir. Bundan sonra qondarma işi Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin təhqiqatçısı Şahin adlı şəxs icraata götürmüş, lakin gələrək nə onun, nə də digr şəxslərin izahatlarını almamışdır. 04 iyun 2022-ci il tarixdə Şahin adlı təhqiqatçı onun qapısını döyərək barəsində H.Mehdiyevanın şikayət etdiyini, lakin şikayətin nə barədə olması barədə məlumat verməmişdir. Lakin bir ay yarım keçdikdən sonra guya, onun H.Mehdiyevanın başına daşla vuraraq xəsarət yetirməsi barədə şikayət olduğunu bilmişdir. 27 avqust 2022-ci il tarixdə Şahin adlı təhqiqatçı onu öz kabinetinə çağırmış və izahatını almış, daha sonra ona ekspert rəyini göstərmiş, halbuki həmin rəy tamamilə saxtalaşdırılmışdır. Onun barəsində saxta sənəd hazırlamış həkimin kim olmasını təhqiqatçıdan soruşsa da, bu barədə ona heç bir məlumat verilməmişdir. O, əgər xəsarət yetrilmişdisə, nəyə görə ümumiyyətlə təcili tibbi yardıma müracit edilməməsini soruşmuş, lakin sualına cavab verilməmişdir. Daha sonra təhqiqatçı ona qeyd olunan halların “boş” bir məsələ olduğunu bildirmiş, ona narahat olmamasını və evə getməsini bildirmişdir. Lakin bundan bir həftə sonra sahə inspektorunu əvəz edən Ərəstun adlı şəxs ona zəng vurmuş və polis bölməsinə gələrək İXM-nin 157-ci maddəsinə əsasən Nəsimi rayon məhkəməsinə getməli olduğunu bildirmişdir. O, sahə inspektoru tərəfindən qeyd olunan vaxtda polis bölməsinə getsə də, Nəsimi rayon məhkəməsinə aparılmamış, daha sonra Ərəstun adlı şəxs ona işinin olduğunu və evə getməsini tövsiyyə etmiş və daha sonra onu çağıracağını bildirmişdir. O, bundan sonra bir neçə dəfə polis bölməsinə çağırısa da, onu Nəsimi rayon məhkəməsinə aparmamışlar və həmin çağırılmalardan birində polis bölməsində rəis müavini kimi özünü təqdim edən şəxs ona yaxınlaşmışdır. O, qeyd etdiyi faktlar barədə həmin şəxsə məlumat versə də, həmin şəxs hakim tərəfindən işə baxılacağını və iş üzrə icraata xitam verəcəyini bildirmişdir. O həmin çağırışlardan sonra uzun müddət stress yaşamış və əsəb keçirmişdir. Növbəti dəfə polis bölməsinə getdikdən sonra Ərəstun adlı şəxs və sahə müvəkkili Pərviz adlı şəxs onu kabinetdə qarşılamışlar. Həmin vaxt Ərəstun adlı şəxs onun Nəsimi rayon məhkəməsinə aparılacağını gülə-gülə bildirmiş, o da süründürməçilik olduğuna görə şikayət edəcəyini bildirmişdir. Ərəstun adlı şəxs ona bəzi sənədlər təqdim etmiş, o da həmin şəxsin təsiri altında həmin sənədləri təsdiq etmiş, bundan sonra Ərəstun adlı şəxs ona 500 manat cərimə olunması ilə bağlı məlumat vermişdir. Hətta Ərəstun adlı şəxs ona pul verilməsini və bundan sonra məhkəməyə aparılacağını və işə hakimin baxacağını bildirmişdir. O, qeyd olunan münasibətdən əsəbləşərək prokurorluğa şikayət edəcəyini bildirmiş və qapını çırparaq getmişdir. Daha sonra prokurorluğa şikayət etmiş və həmin şikayətlə bağlı onu prokurorluğun əməkdaşı qəbul etmişdir. O, qeyd olunan hadisələr barədə məlumat vermiş və ondan pul əldə edilməsi üçün işin 4 ay uzadıldığını bildirmişdir. Prokurlruğun əməkdaşı onun aldadıldığını və əslində inzibati cərimənin polis bölməsi tərəfindən deyil, məhkəmə qərarı əsasında olmalı olduğunu bildirmişdir. Daha sonra icra məmuru Rövşən Əhmədov tərəfindən 500 manat cərimə olunması ilə bağlı məlumat almışdır. O, icra məmurunun qəbuluna getmiş və hadisələr barədə məlumat vermiş, hətta icra məmuru Rövşən Əhmədov da qeyd olunan cərimədən təəccüblənmiş və həmin vaxt heç bir dava-dalaşın olmadığını bildirmişdir. O, qeyd olunan cərimədən şikayət vermək istəmiş və bu barədə Pərviz adlı polis əməkdaşına bildirmiş, lakin həmin şəxs poçtla həmin qərarı göndərmək səlahiyyətlərinin olmadığını, buna görə də, polis bölməsinə gələrək əldə etməsini istəmişdir. Bundan sonra o, polis bölməsinə gedərək həmin qərarı əldə etmişdir. Bundan əlavə, çox acınacaqlı vəziyyətdə yaşayır və iki ağır əməliyyat keçirmişdir. Qeyd olunanların nəzərə alınaraq, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Qərarından şikayət verilən şəxs və şikayətçi məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Buna görə də, məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayəti və materialları nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət təmin edilməlidir. Belə ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarına əsasən X6 döymə, qəsdən fiziki ağrı yetirmə əsası ilə Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 500 manat cərimə edilmişdir. İş üzrə nə inzibati xəta haqqında protokol, nə də protokol əsasında qəbul edilən qərar X4 təqdim edilməmişdir. Protokol və qərar şəxs tərəfindən daha sonra əldə edilmişdir. Göründüyü kimi, şəxs inzibati xəta törədilməsi ilə razılaşmamış, belə bir vəziyyətdə tərtib edilmiş protokol əsasında hər hansı bir digər sübut olmadan şəxs barədə inzibati tənbeh qərarı çıxarılmışdır. Şəxs protokolla razılaşdıqda, əlavə sübut toplamadan, əlavə sübut mövcud olmadan, yalnız həmin protokol əsasında şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Lakin göründüyü kimi şəxs inzibati xəta törətməsi ilə razılaşmadığı şəraitdə, onun barəsində tərtib edilmiş protokol əsasında, səlahiyyətli orqan protokolda göstərilən əməlin şəxs tərəfindən törədilib-törədilməməsini, törədildiyi təqdirdə təqsirin mövcud olubolmadığını müəyyən etmək üçün əlavə sübut toplamadan, həmin protokolla kifayətlənib, inzibati tənbeh qərarı çıxarmışdır. Şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, əlavə araşdırma aparmağa ehtiyac qalmır. Lakin razılaşmadıqda, onun inzibati xəta törətməsi sübutlarla təsdiqini tapmalıdır. Sübut toplamaq isə inzibati tənbeh vermiş səlahiyyətli orqanın üzərinə düşür. Hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən icra olunmaması, təqsirinin olub-olmaması sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Çünki barəsində protokol tərtib edilmiş şəxs sübut etməli deyildir ki, inzibati xəta törədilməyib. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Çünki belə bir vəziyyətdə şəxs təqsirsizliyini sübut etməlidir ki, təqsirli sayılmasın. X5 Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Məhkəmənin bu qənaəti İXM-nin aşağıdakı normaları ilə də təsdiq edilir. Belə ki, əməlin (hərəkət və ya hərəkətsizliyin) inzibati xəta hesab olunması üçün İXMlə müəyyən edilmiş 4 əlamətin hər biri mövcud olmalıdır, yəni həmin əməllə İXM-lə qorunan ictimai münasibətlərə qəsd edilməli, əməl hüquqazidd olmalı, təqsirli sayılmalı (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olmalıdır. İXM-nin İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati xətanın anlayışından bəhs edilən İXM-nin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Şəxsin hansı əməli törətməsi (harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə), bu əməlin hansı sübutlarla müəyyən edilməsi və bu əməlin İXM-nin hansı maddəsi ilə inzibati xəta hesab edilməsi və həmin maddəyə görə tətbiq edilən inzibati tənbehi qərar qəbul etmiş səlahiyyətli orqan müəyyən etməlidir. Məhkəmə səlahiyyətli orqanın qərarını yoxlayarkən, həmin qərarda qeyd edilən əməlin harada, nə vaxt, necə, hansı üsulla, hansı hərəkət və ya hərəkətsizliklə törədilməsinin konkret hansı sübutla təsdiq edilməsini və məhz səlahiyyətli orqanın qərarında istinad etməli olduğu sübutlarla şəxs tərəfindən törədilib-törədilməməsini yoxlamalıdır. Qərarda konkret sübut göstərilmədiyi üçün məhkəmə belə bir qərarı İXMnin tələblərinə uyğun çıxarılmış araşdırılmanın nəticəsi olan qərar kimi hesab edə bilməz. Səlahiyyətli orqanın qərar qəbul edərkən, şəxsin qərarda mövcud olmayan və istinad edilməmiş hər hansı bir qeyri-müəyyən sübutla inzibati xətaya səbəb olan əməli törədibtörətməməsini məhkəmə öz mülahizəsinə əsasən müəyyən edə bilməz. Həmin protokoldakı əməlin şəxs tərəfindən törədilməsini təsdiq edən İXM-nin 76-cı maddəsində sadalanmış digər sübut növləri mövcud olmalıdır. Lakin iş üzrə məhkəməyə belə bir sübut səlahiyyətli orqan tərəfindən təqdim edilməmişdir. Çünki məhkəmə hazırkı işə baxılması ilə əlaqədar şəxsin təqsirini müəyyən edən sübutları qərar qəbul etmiş səlahiyyətli orqandan tələb etmiş, lakin məhkəməyə əlavə hər hansı bir sübut təqdim edilməmişdir. Ona görə də əməlin mövcudluğu ilə razılaşmadığı şəraitdə tərtib edilmiş mübahisəli protokol əsasında, digər hər hansı bir sübut olmadığı şəraitdə şəxsin inzibati xəta törətməsində aradan qaldırılmamış şübhələr mövcud olmaqdadır. Məhkəmə bir daha qeyd edir ki, İnzibati Xətalar Məcəlləsinin vəzifələri və prinsiplərinə əsasən məhkəmənin ziddiyyətli və şübhəli məqamların şəxsin ziyanına aradan qaldırıb, barəsində protokol tərtib edilmiş şəxsin ziyanına, onun inzibati xəta törətməsini təsdiq edən sübutlar toplamaq yox, həmin şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilib. Çünki İXM-nin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İXM-nin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Buna görə də şübhələr şəxsin xeyrinə həll edilməlidir. Şəxsin təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilmədiyi üçün, qərar ləğv edilməli, həmin əməlin törədilməsində təqsirsiz bilinməli və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Çünki İXM-nin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İXM-nin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddərini rəhbər tutaraq, QƏRARA ALDİ: Şikayət təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə qəbul edilmiş Azərbaycan Respublikası DİN Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin xx.xx.2022-ci il tarixli, MN ******* nömrəli qərarı ləğv edilsin, həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar