Məhkəmə qərarları › İş №3(006)-1373/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1373/2023

27.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1373/2023 27.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, şikayətçi X1 iştirakı ilə, Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 12556269 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayətlə Yasamal Rayon Məhkəməsinə müraciət edərək Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 12556269 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Həmin Məhkəmənin xx.xx.2023-cü il tarixli, 3(004)-805/2023 saylı qərardadı ilə (Hakim: M.A.Məmmədov) şikayətçi E.A.Tağıyevin şikayət aidiyyəti üzrə baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə Asan Ödəniş tətbiqi vasitəsilə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə inzibati tənbeh barədə qərarla 100 manat cərimə olunmuşdur. Məsələni araşdırdıqdan sonra həmin inzibati xəta "Toyota Prado" markali **-TU-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə törədildiyi ona məlum olmuşdur. Lakin həmin avtomobil onun mülkiyyətində olmamaqla yanaşı onun tərəfindən də idarə edilməmişdir. O, dərhal “Asan Ödəniş” sistemindən çıxarışlar etmiş və barəsində icra olunmamış və ya ödənilməmiş inzibati xəta haqqında işlər üzrə xx.xx.2023cü il tarixli EQ12778712 saylı, xx.xx.2022-ci il tarixli EQ12556269 saylı, xx.xx.2022-ci il tarixli EQ12532147 saylı və xx.xx.2023-cü il tarixli EQ12675487 saylı qərarlar ona məlum olmuşdur. Bakı Şəhəri Dövlət Yol Polis İdarəsinin X2 tərəfindən tərtib edilmiş onun inzibati qaydada cərimə olunmağı barədə xx.xx.2022-ci il tarixli EQ 12556269 saylı qərarı xx.xx.2023-cü il tarixdə əldə etmişdir. Göstərilənlərə əsasən Bakı şəhəri DYPİ-nin MMXnin rəisi Elçin Xasiyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, EQ 12556269 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməsi və inzibati icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi E.A.Tağıyev şikayət ərizəsinin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısını dinləyib, şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin olunmalı və yenidən araşdırılması üçün qərarı qəbul edən orqan Bakı Şəhər BPİ-nin DYPİ-nə göndərilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli, EQ 12556269 saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, E.A.Tağıyev xx.xx.2022-ci il tarixdə, saat 09:59-da S.Rüstəm küçəsi ilə Rəfili küçəsinin kəsişməsində "Toyota Prado" minik markalı **-TU-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olan zaman Bakı şəhəri DYPİ-nin MMX-nin rəisi E.Xasiyev tərəfindən o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN Baş DYPİ-nin sistemindən çıxarışından görünür ki, inzibati xəta "Toyota Prado" minik markalı **-TU-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil ilə törədilmişdir. İş materiallarında olan “Asan Ödəniş” sistemindən çıxarışdan görünür ki, E.A.Tağıyev barəsində xx.xx.2022-ci il tarixli, EQ 12556269 saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, "Toyota Prado" minik markalı **- TU-*** nömrəli dövlət qeydiyyat nişanlı avtomobil E.A.Tağıyevin mülkiyyətində olmadığı və sonuncu tərəfindən idarə edilmədiyi halda xx.xx.2022-ci il tarixdə, saat 09:59-da S.Rüstəm küçəsi ilə Rəfili küçəsinin kəsişməsində baş vermiş inzibati xəta hadisəsinə dair Bakı şəhəri DYPİ-nin MMX-nin rəisi E.Xasiyev tərəfindən E.A.Tağıyev barəsində qanunsuz qərar qəbul edilərək sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsi ilə təqsirli bilinərək 100 (yüz) manat məbləğində cərimə edilmişdir. Bundan başqa məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəmə iclasının vaxtı və yeri barədə Bakı Şəhər BPİ-nin DYPİ-nə lazımi qaydada məlumat verilsə də, Bakı Şəhər BPİ-nin DYPİ-nin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, həmçinin inzibati xəta hadisəsinə dair qəbul olunmuş qərarda göstərilən halları təsdiq edən heç bir mötəbər sübutu məhkəməyə təqdim etməmişlər. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi E.A.Tağıyev barəsində DİN Baş DYPİ-də aparılan inzibati iş üzrə icraat zamanı Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən göstərilən hallar tam araşdırılmamış və inzibati xəta hadisənin kim tərəfindən törədilməsi müəyyən edilmədən əsassız qərar qəbul olunmuşdur. Yuxarıda göstərilən səbəblərdən də, qərar qanunvericiliyin tələblərinə cavab verməyən sübut növü olmaqla onlardan, inzibati icraat üzrə sübut edilməli olan halların sübuta yetirilməsində istifadə edilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən isə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı Şəhər BPİ-nin DYPİ-nin xx.xx.2022-ci il tarixli, EQ 12556269 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli, qeyd olunan inzibati xəta haqqında iş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinə əməl edilməklə baxılması üçün yenidən Bakı Şəhər BPİnin DYPİ-nə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti qismən təmin olunsun. Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinin xx.xx.2022-ci il tarixli, EQ 12556269 saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün yenidən Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polis İdarəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar