Məhkəmə qərarları › İş №3(006)-1382/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1382/2022

27.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1382/2022 27.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X5, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X7 iştirakı ilə, X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 29.03.2022-ci il tarixli, MN № ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarından şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X11 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin qəbul etdiyi 29.03.2022-ci il tarixli, MN № ******* saylı «inzibati tənbeh vermə haqqında» qərarından şikayət verərək həmin qərarın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırlmışdır ki, o - fiziki şəxs X11 ünvan 1 ünvanda fəaliyyət göstərən Barduck restoranının sahibidir. X6 16.06.2021-ci il tarixli müddətli əmək müqaviləsinə əsasən onun tərəfindən xadimə vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi 16.07.2021-ci il tarixədək bağlanmışdır. Əmək Məcəlləsinin tələblərinə müvafiq olaraq hər ay əmək müqaviləsinin müddəti 1 ay uzadılmış, sonuncu dəfə əmək müqaviləsi 16 yanvar 2022-ci il tarixədək uzadılmışdır. 10 yanvar 2022-ci il tarixdə X6 xəbərdarlıq etmədən işə çıxmamışdır. Həmin gün onunla telefon vasitəsi ilə əlaqə saxladıqda xəstə olduğunu və işə çıxarkən xəstlik vərəqəsini təqdim edəcəyini bildirmişdir. Bu haqda restoranm işçilərinin iştirakı ilə müvafiq Akt tərtib olunmuşdur. Bundan sonra 25 yanvar 2021-ci il tarixdə X6 ilə telefon vasitəsi ilə əlaqə saxladıqda yenidən xəstə olduğunu və işə çıxarkən xəstlik vərəqəsini təqdim edəcəyini bildirmişdir. Ona xəstəlik vərəqəsini təqdim etmədiyi təqdirdə işdən azad olunacağı barədə xəbərdarlıq edilmişdir. Bu haqda da restoranın işçilərinin iştirakı ilə müvafiq Akt tərtib olunmuşdur. 18 fevral 2022-ci il tarixdə X3 ünvanına rəsmi məktub göndərilmişdir. X1 3 gün ərzində işdə olmadığı günlər üçün xəstəlik vərəqəsinin təqdim olunması, əks təqdirdə işdən azad olunacağı barədə bildirilmişdir. X6 xəstəlik vərəqəsini təqdim etmədiyindən onunla olan əmək müqaviləsinə 23.02.2022-ci il tarixdə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndi ilə xitam verilmişdir. Həmin tarixdə, yəni 23 fevral 2022-ci ildə son haqq-hesabın alınması barədə X4 rəsmi məktub göndərilmişdir. X2 Əmək Müfəttişliyi Xidmətinə müraciət edərək 2022-ci ilin yanvar ayında işdən qanunsuz olaraq azad edildiyini bildirərək, hüquqlarının bərpa olunmasını xahiş etmişdir. X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisi X9 29 mart 2022-ci il tarixli MN № ******* İnzibati tənbeh vermə haqqında Qərarı ilə işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə görə vəzifəli şəxs olaraq 1000 manat məbləğində cərimə olunmuşdur. X14 Xidmətinin Bakı şəhər İdarəsində şikayətə baxılarkən, X8mm göstərdiyi məqamların heç biri üzrə mənə irad bildirilməmişdir. Lakin iddia edilmişdir ki, X6 işlədiyi müddət ərzində 2021-ci ilin iş vaxt normasmdan artıq işlədiyi 12 saat üçün əmək haqqı onun son haq-hesabında nəzərə alınmamışdır. Qeyd olunmalıdır ki, X3 əmək haqqı əmək müqaviləsinə müvafiq olaraq hər ay vaxtında ödənilmişdir. İşlədiyi müddət ərzinə onun heç bir hüququ pozulmamışdır. Son haqq-hesabı aparılarkən riyazi hesablamalar nəticəsində nöqsana yol verilmişdir. X8mm son haqq-hesabında nəzərdən qaçan məbləğ cəmi 33,79 manat (183,71 manat- 149,92 manat) təşkil etmişdir. Həmin məbləğ son haqq-hesaba əlavə edilərək bu haqda X4 rəsmi məktub göndərilmişdir. Hesab edir ki, onun barəsində 29 mart 2022-ci il tarixli qərar tam qanunsuzdur, qərar qəbul olunarkən qanunvericiliyin tələbləri və sübutlar yox, yalnız X14 Xidmətinin Bakı şəhər İdarəsinin rəisinin şəxsi mülahizəsi əsas götürülüb. X14 Xidmətinin Bakı şəhər İdarəsi bu hərəkətləri ilə iş yerləri təşkil edən, dövlətə vergi ödəyən sahibkarların hüquqlarını kobud şəkildə pozur, Dövlətin sahibkarlar göstərdiyi qayğıya kölgə salır, sahibkarlıqla məşğul olan şəxslərin fəaliyyətinə qanunsuz müdaxilə edir. Məhkəmə iclasında iştirak edən şikayətçi X11 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında barəsində şikayət verilən orqanın nümayəndəsi X13 bildirdi ki, vətəndaş X6 əmək müfəttişliyinə şikayət edərək əmək hüquqlarının pozulduğunu bildirmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, Həlimə Hüseynova ilə olan əmək müqaviləsinə X11 tərəfindən Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndi ilə xitam verilmişdir. Son haqq-hesab isə vaxtında edilməyib, vətəndaşa zəng ediblər ki, əlbəəl gəib götürsün. Son haqq-hesab zamanı Həlimə Hüseynovanın işlədiyi əlavə saatlar göstərilməmişdir. Bu isə Tərlan Mürvətovun dediyi kimi riyazi hesablama səhvi deyil. Göstərilənləri nəzərə alınaraq şikayətin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən tərtib edilmiş 16.03.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 29.03.2022-ci il tarixli, MN № ******* saylı qərardan görünür ki, X3 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verildiyi üçün X11 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 1000 manat məbləğində cərimə olunmuşdur. İşə qəbul haqqında 16.06.2021-ci il tarixli, 017/21 saylı əmrdən görünür ki, X6 16.06.2021-ci il tarixdən xadimə vəzifəsinə təyin edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. 23.02.2022-ci il tarixli, 018 saylı əmrdən görünür ki, X6 əmək vəzifələrini kobud şəkildə pozduğuna, yəni özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsinə görə onunla bağlanmış 16.06.2021-ci il tarixli əmək müqaviləsinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “ç” bəndinə əsasən 23.02.2022-ci il tarixdən xitam verilmişdir. Həlimə Hüseynovanın işə çıxmasının son günü 10.01.2022-ci il hesab olunmuşdur. (Son haqq-hesab: istifadə edilməmiş11 məzuniyyət günü.) X11 tərəfindən imzalanmış son haqq-hesaba dair cədvəllərdən görünür ki, X4 əvvəlcə 149,92 manat, daha sonra isə 183,71 manat ödəniş edilməsi hesablanmışdır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinin tələbinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən inzibati xətalar haqqında işlər üzrə qərarlarından şikayət, prokuror isə protest verilə bilər. Həmin Məcəllənin 128.2.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından–yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə qərardan şikayət verilə bilər. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət verilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 99.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəbdir. Həmin Məcəllənin 99.2-ci maddəsinə əsasən materiallara, məlumatlara və ərizələrə inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyəti olan vəzifəli şəxs tərəfindən baxılır. Həmin materiallarda, məlumatlarda və ərizələrdə inzibati xətanın əlamətləri göstərilən faktiki məlumatların olması və inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların olmaması inzibati xəta haqqında işlərin başlanmasına əsasdır. Həmin Məcəllənin 100.4-cü maddəsinin tələbinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatları və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququ vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi tarixdən on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab edilir. Məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək hesab edir ki, şikayətçi X11 tərəfindən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin “inzibati tənbeh vermə haqqında” 29.03.2022-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi üçün əsas ola biləcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin 29.03.2022-ci il tarixli, MN № ******* saylı “inzibati tənbeh vermə haqqında” qərarının ləğv olunması barədə X5 şikayət ərizəsi təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 99100, 128-129-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X5 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin Bakı şəhər İdarəsinin «inzibati tənbeh vermə haqqında» 29.03.2022-ci il tarixli, MN № ******* saylı qərarının ləğv edilməsi barədə şikayəti təmin edilməsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar