Məhkəmə qərarları › İş №3(006)-1384/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1384/2023

13.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1384/2023 13.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), evli, himayəsində bir uşağı olan, kosmetoloq işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2n Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 mart 2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6755/2021 saylı icra sənədi üzrə borclu Şəxs icra sənədi üzrə tələbi icra etməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Nəsimi Rayon İcra Şöbəsinin icra məmuru V.Ş.Qaralov inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)- 6755/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2.000 (iki min) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı P.A.Əsgərovaya verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, həmin bildirişi borclu rəsmi olaraq xx.xx.2022-ci il tarixdə qəbul etmiş, borclunun adına hər hansı daşınar və daşınmaz əmlakın olub-olmaması ilə bağlı müvafiq qrurumlara sorğular verilmiş, lakin onun adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Bundan başqa, borclunun banklarda olan hesabının üzərinə həbs qoyulması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmçinin borclu tərəfindən 700 manat məbləğində pul tələbkara ödənilmişdir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Bundan əlavə icra məmuru V.Ş.Qaralov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, tələbkar S.Ə.Məmmədova borcum tam ödənilməsində maraqlıdır. Lakin borclunun borcu tam ödəməyə imkanı yoxdur, yalnız hissə-hissə ödəyə bilər. Həmçinin bildirmişdir ki, tərəfindən tələbin ödənilməsinə dair borclunun əmək haqqısına heç bir hərəkət aparılmamışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, icra sənədindən məlumatı var. Onun borcunu tam ödəməyə imkanı yoxdur, buna görə də hissə-hissə ödənişlər edir və bugünədək 700 (yeddi yüz) məbləğində pul ödəmişdir. Hal-hazırda qalan 1330 (min üç yüz otuz) manatı tam ödəməyə imkanı çatmır, borcunu hissə-hissə ödəməyə söz verir. Həmçinin o, bildirmişdir ki, 2022-ci ilin aprel ayından işləyir. İş yerini bir neçə dəfə dəyişmişdir. Göstərilənləri, maddi imkanının aşağı olmasını, adına hər hansı daşınar və ya daşınmaz əşyanın olmamasını və hər ay mütəmadi şəkildə hissə-hissə ödəniş edəcəyinə dair söz verməsini nəzərə alaraq barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar P.A.Əsgərova öz izahatında göstərmişdir ki, borclu bügünədək ona 700 (yeddi yüz) manat ödəniş etmişdir və borclunun ona 1330 (min üç yüz) manatı borcu qalmışdır. Hal-hazırda borcludan şikayətçidir və borcun tam şəkildə ödənilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilib-edilməməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6755/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2.000 (iki min) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı P.A.Əsgərovaya verilməlidir. İş materiallarında olan icraata başlamaq haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6755/2021 saylı icra vərəqəsi üzrə həmin tarixdə icraat başlanılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəsimi Rayon İcra şöbəsinin məktubundan görünür ki, cavabdeh Şəxs ünvanına tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş və borclu xx.xx.2022-ci il tarixdə həmin bildirişi qəbul etmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli Nəsimi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş icra ödənişinin alınması barədə qərardan görünür ki, borclu Şəxs 2030 (iki min otuz) manat məbləğində borcun 7 faizi, yəni 142,10 (yüz qırx iki) manat 10 (on) qəpik məbləğində icra ödənişi tutulmuşdur. İş materiallarında olan Nəsimi rayon İcra Şöbəsinin icra məmuru tərəfindən qəbul edilmiş borclunun hesabının üzərinə həbs qoyulması haqqında qərarından görünür ki, borclu Şəxs banklarda olan hesablarının və hesablarındakı pul vəsaitlərinin üzərinə 2172,10 ( iki min yüz yetmiş iki) 10 (on) qəpik manat məbləğində həbs qoyulmuşdur. İş materiallarında olan Nəsimi rayon İcra şöbəsinin müvafiq banklara və elektron icra sistemi ilə verilmiş sorğularından görünür ki, borclu Şəxs adına hər hansı daşınar və daşınmaz əmlak aşkar edilməmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(006)-6755/2021 saylı icra vərəqəsindən görünür ki, cavabdeh Şəxs 2.000 (iki min) manat məbləğində borc və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq iddiaçı P.A.Əsgərovaya verilməlidir. İcra sənədi üzrə icraata xx.xx.2022-ci il tarixli qərarla başlanılmış, borcluya icraata başlamaq haqqında qərar və tələbin könüllü icrası haqqında bildiriş göndərilmiş, həmin bildirişi borclu rəsmi olaraq xx.xx.2022-ci il tarixdə qəbul etmiş, borclunun adına hər hansı daşınar və daşınmaz əmlakın olub-olmaması ilə bağlı müvafiq qrurumlara sorğular verilmiş, lakin onun adına hər hansı daşınar və ya daşınmaz əmlak aşkar edilməmişdir. Bundan başqa, borclunun banklarda olan hesabının üzərinə həbs qoyulması haqqında xx.xx.2022-ci il tarixli qərar qəbul edilmişdir. Həmçinin borclu tərəfindən 700 manat məbləğində pul tələbkara ödənilmiş, lakin bugünədək borclu Şəxs 1.330 (bir min üç yüz otuz) manat məbləğində ödənilməmiş borcu qaldığından xx.xx.2023-cü il tarixdə Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Həmçinin məhkəmə iclasında borclunun iş yerinin, yəni aylıq sabit gəlirinin olması müəyyən edilmiş, icra məmuru tərəfindən bu hal araşdırılmamış və borcun ödənilməsinə dair tələbin icrası borclunun əmək haqqısına yönəldilməmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iş materiallarından da göründüyü kimi hazırda sözügedən icra sənədi üzrə borcun Şəxs tərəfindən hissə-hissə ödənildiyindən, sonuncunun əmək haqqısına icra məmuru tərəfindən heç bir icra hərəkəti edilmədiyindən həmin icra sənədinin Şəxs tərəfindən qərəzli olaraq icra edilməməsindən söhbət gedə bilməz. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Təsvir olunanlardan görünür ki, məhkəmə araşdırması zamanı borclu Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarında əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi olmamışdır. Belə ki, inzibati xəta tərkibinin yaranması üçün zəruri olan 4 zəruri elementdən biri olan subyektiv cəhət yoxdur. Yəni, borcun tam ödənilməməsinə Şəxs psixi münasibəti qərəzli olmamışdır. İcra məmuru yalnız öz subyektiv mülahizələrinə əsasən sonuncunun barəsində inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İXM-nin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar