Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1392/2024 18.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X4 Şikayətçi: X2 iştirakları ilə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, xx.xx.2021-ci il tarixdə iştirakı və məlumatı olmadan onun barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin sahə inspektoru Elxan Hüseynov tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə protokol tərtib edilmişdir. Bu protokol barədə 2 ay əvvəl ona sms gəldikdən sonra məlumatlı olmuşdur. Daha sonra o, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinə müraciət etmiş və ona həmin sahə inspektorunun artıq orada çalışmadığı və məsələ ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı qərar qanunsuz olduğu üçün onun ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi xahiş olunur. Məhkəmə iclasında şikayətçi X5 şikayətin məzmununa uyğun izahat verərək göstərdi ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməmiş, bu barədə ona sübut təqdim olunmamışdır. Şikayətin təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verilməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • xx.xx.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokola əsasən X5 həmin günü səhər saatlarında İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulmuş xətanı törətmişdir; • Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X1 Xətalar Məcəlləsinin 211.2-ci maddəsi üzrə 100 manat cərimə edilmişdir. Beləliklə, müəyyən edilir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən iş üzrə bütün faktiki hallar tam araşdırılmadan şikayət vermiş şəxsin törətdiyi xətanın mahiyyəti və bu xətaya dair təqsirliliyinin mövcudluğu aşkar edilmədən, onun iş üzrə icraatın aparılmasında iştirakının təmin olunmasına imkan yaratmadan qanunvericiliyin tələbləri kobud şəkildə pozulmaqla əsassız olaraq inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə müvafiq olaraq inzibati məsuliyyətə cəlb etmə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa, hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, siyasi partiyalar haqqında, qeyrihökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında, sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında, həmçinin dərman vasitələri haqqında qanunvericiliyin, əmək qanunvericiliyinin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə cəlb edilməsi qaydasının, kritik informasiya infrastrukturunun təhlükəsizliyinin təmin edilməsi qaydasının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 211-ci maddəsi Məcəllənin 23-cü fəslinə, yəni əhalinin sanitariyagigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara aiddir. Göründüyü kimi, inzibati xətalar qanunvericiliyinə əsasən əhalinin sanitariya-gigiyena və sanitariya-epidemioloji salamatlığı qaydaları əleyhinə olan inzibati xətalara görə inzibati məsuliyyətə cəlb etmə müddəti ilə bağlı xüsusi norma göstərilmədiyindən, bu müddət 04 ay müəyyən edilmişdir. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd olunan Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. İnzibati Xətalar Məcəlləsinin 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133- 135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilsin. Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinin rəisi tərəfindən qəbul edilmiş xx.xx.2021-ci il tarixli, EPQ ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1392/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1392/2024
18.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver