Məhkəmə qərarları › İş №3(006)-1399/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1399/2020

14.08.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1399/2020 14.08.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs” X1 nümayəndəsi X4 iştirakı ilə, “Şəxs” X1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala baxaraq məhkəmə Müəyyən etdi: “Şəxs” MMC xx xxxx 2020-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********5752 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək rəsmiləşdirilmiş, Türkiyə Respublikasından 34UY4439/34BJZ/739 nömrəli nəqliyyat vasitəsi ilə göndərilmiş yükü Azərbaycan Respublikasının gömrük ərazisinə gətirməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verməli olduğu halda, xx xxxx 2020ci il tarixdə, saat 02:01-də Qərb Ərazi Baş Gömrük İdarəsinin “Mazımçay” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilmədiyi müəyyən edilmişdir. Belə ki, Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş xx xxx 2020-ci il tarixli raporta əsasən “Şəxs” MMC xx.xx.2020-ci il tarixində 34UY4439/34BJZ/739 nömrə nişanlı nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********5752 nömrəli GB ilə bəyan olunan yük üçün qısa idxal bəyannaməsi vaxtında tərtib olunmamışdır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “Şəxs” MMC-nin nümayəndəsi A.V.Paşayev bildirmişdir ki, Türkiyə Respublikasından ölkəyə daxil olan malların iynə olmuşdur. Belə ki, müqavilə bağladıqları şirkət MMC-yə zəng edərək sifariş edilən malların artıq ölkədə olduğunu bildirmiş və buna görə də üçün qısa idxal bəyannaməsini verə bilməmişlər. İlk dəfə belə hadisənin baş vermişdir. Göstərilənləri nəzərə alaraq, ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat aparılan “Şəxs” MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin, Təhqiqat Şöbəsinin böyük təhqiqatçısı X3 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, 00100-0744/20 saylı inzibati xəta haqqında protokolla, gömrük bəyannaməsi və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan xx.xx.2020-ci il tarixli, **********5752 saylı gömrük bəyannaməsindən görünür ki, Türkiyə Respublikasının “Geotek Medikal ve Sağlık Hız.Tic.San.LTD.ŞTİ X6.Bölg.X8 Sitesi” şirkəti tərəfindən “Şəxs” MMC-nin ünvanına göndərilən mallar ölkə ərazisinə həmin tarixdə daxil olmuşdur. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına qısa idxal bəyannaməsi verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, “Şəxs” MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 49-51, 114-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: “Şəxs” X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1500 (min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar