Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1404/2021 31.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin böyük icra məmuru X1, zərəçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx.xx.1979-cu ildə Qazax rayonu, Poylu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə Nəsimi rayon İcra və Probasiya şöbəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Şəxs Bakı şəhər Qaradağ rayon məhkəməsinin 31.07.2009-cu il tarixli, 2(002)- 1021/2009 saylı icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, Bakı şəhəri Qaradağ rayon məhkəməsinin 31.07.2009-cu il tarixli, 2(002)-1021/2009 saylı qətnaməsinə əsasən ondan qazancının və başqa gəlirinin üçdə bir hissəsi miqdarının tutulub 18 iyun 2006-cı il təvəllüdlü X3 və 20 sentyabr 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 29 iyul 2009-cu il tarixdən başlayaraq alimentin Musayeva (Hacıyeva) Nurhan İsmayıl qızına ödənilməsi qət edilmişdir. O, əvvəllər hərbiçi olmuş, işlədiyi dövrdə aliment onun əmək haqqına yönəldilmiş və heç bir problem yaranmamışdır. Sonradan həmin işidən tərxis olunmuş və 2018-ci ilin avqust ayından başlayaraq müxtəlif vaxtlarda aliment borcunu ödəmək imkanına malik olmamışdır. Belə ki, o, ikinci dəfə ailə həyatı qurmuş və həmin nikahdan iki övladı dünyaya gəlmiş, bununla da, onun aylıq xərcləri artdığından aliment üzrə ödənişləri vaxtında ödəyə bilməmişdir. Bundan əlavə o, ikinci qrup əlildir və səhhətində problemləri vardır. Hal-hazırda icra orqanının tərtib etdiyi protokola əsasən 3272 manat aliment borcu yaranmışdır. Həmin borc məbləğindən 2000 (iki min) manatını vaxt verilərsə 2 (iki) il müddətinə hissə-hissə ödəyə bilər. Alimentin ödənilməsindən heç vaxt yayınmamış, lakin işsiz olduğundan, himayəsində ikinci nikahından iki övladı olduğundan və səhhətində müəyyən problemlər yarandığından müəyyən vaxtlarda icra sənədinin icrasını tam olaraq yerinə yetirə bilməmişdir. Göstərilənlərə əsasən barəsində olan iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak etmiş tələbkar X4 verdiyi izahatında göstərmişdir ki, Bakı şəhər Qaradağ rayon məhkəməsinin 31.07.2009-cu il tarixli, 2(002)-1021/2009 saylı qətnaməsinə əsasən Şəxs qazancının və başqa gəlirinin üçdə bir hissəsi miqdarının tutulub 18 iyun 2006-cı il təvəllüdlü X3 və 20 sentyabr 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 29 iyul 2009-cu il tarixdən başlayaraq alimentin ona ödənilməsi qət edilmişdir. Lakin cavabdeh tərəfindən 2018-ci ilin avqust ayından başlayaraq öhdəliklər yerinə yetirilməyərək icra sənədi üzürlü səbəb olmadan yerinə yetirilməmişdir. Şəxs icranın təmin edilməsindən yayınmışdır. Hal-hazırki günə olan aliment borcu 3272 manat ödəniş təşkil edir. Həmin vaxtdan başalayaraq, Şəxs alimentin ödənilməsinə görə yaranmış borcun ödənilməsi üçün müəyyən vaxt verilsə də, sonuncu öz öhdəliklərini yerinə yetirməkdən imtina etmişdir. Hal-hazırda yaranmış aliment borcunun tam olaraq ödənilməsini və Şəxs qarşı şikayətçi olduğunu bildirərək, onun barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş edir. Məhkəmədə Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin icra məmuru X5 verdiyi izahatında göstərmişdir ki, 2(002)-1021/2009 saylı, 31.07.2009-cu il tarixli icra sənədinə əsasən Şəxs qazancının və başqa gəlirinin üçdə bir hissəsi miqdarının tutulub 18 iyun 2006-cı il təvəllüdlü X3 və 20 sentyabr 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 29 iyul 2009-cu il tarixdən başlayaraq alimentin Musayeva (Hacıyeva) Nurhan İsmayıl qızına ödənilməsi qət edilmişdir. İcra sənədi Nəsimi rayon İcra şöbəsinə daxil olmuş və qanuna müvafiq qaydada icraya yönəldilərək icra sənədi üzrə icraata başlamaq haqqında qərar qəbul edilərək tələbin könüllü olaraq təmin edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Lakin borclu tərəfindən icra sənədinin icrası tam təmin edilməmiş və müəyyən borc məbləği yaranmışdır. X4 həmin borcun ödənilməsi üçün cəhdlər etsə də bir nəticə əldə olunmamışdır. Bundan sonra o şöbəyə müraciət edərək, Şəxs tərəfindən ona olan borcun ödənilməsini tələb etmişdir. Bundan sonra Şəxs şöbəyə dəvət olunaraq izahatı alınmış və barəsində inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Məhkəmə, Bakı şəhər Qaradağ rayon məhkəməsinin 31.07.2009-cu il tarixli, 2(002)- 1021/2009 saylı icra vərəqəsinə əsasən başlanmış icra işi materiallarını araşdırıb, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, prosesdə iştirak edən şəxsləri dinləyib hesab edir ki, Şəxs icra vərəqəsinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məclləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək, inzibati qaydada tənbeh edilməlidir. Belə ki, təqdim edilmiş icra işinin materiallarından görünür ki, Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin 2(002)-1021/2009 saylı, 31.07.2009-cu il tarixli icra sənədinə əsasən Şəxs qazancının və başqa gəlirinin üçdə bir hissəsi miqdarının tutulub 18 iyun 2006-cı il təvəllüdlü X3 və 20 sentyabr 2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 29 iyul 2009-cu il tarixdən başlayaraq alimentin Musayeva (Hacıyeva) Nurhan İsmayıl qızına ödənilməsi qət edilmişdir. İş materiallarında olan 18 fevral 2021-ci il tarixli ərizədən və 31 may 2021-ci il tarixli izahatdan görünür ki, Musayeva (Hacıyeva) Nurhan İsmayıl qızı 18 fevral 2021-ci il tarixdə aliment üzrə yaranmış borc məbləğinin ödənilməsi üçün müvafiq tədbirlərin görülməsini tələb etmiş və 31 may 2021-ci il tarixdə Şəxs izahat verərək yaranmış borc məbləğindən xəbərdar olduğunu bildirmiş və həmin borcu birdəfəlik ödəmək imkanına malik olmadığını qeyd etmişdir. İş materiallarında olan 29 aprel 2021-ci il tarixdə verilmiş 032696 saylı vəsiqədən görünür ki, Şəxs 10 sentyabr 2025-ci il tarixədək İİ qrup əlillik dərəcəsi verilmişdir. Qeyd olunan icra sənədinin icrası ilə bağlı icra məmuru tərəfindən qanunvericiliyin bütün tələblərinə əməl edilməklə Şəxs Azərbaycan Respublikası dövlətinin adından çıxarılmış məhkəmə qərarlarının məcburi xarakter daşıması, hökmən icra olunmalı olması barədə dəfələrlə həm rəsmi, həm də şifahi formada xəbərdar edilməsinə baxmayaraq sonuncu icra məmurunun qanuni tələblərinə etinasız yanaşmaqla əməl etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzürsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinin tələbinə görə məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 15.3-cü maddəsinə əsasən məhkəmə aktının icra olunmaması, habelə məhkəməyə digər hörmətsizlik halları qanunda nəzərdə tutulmuş məsuliyyətlə nəticələnir. Məhkəmə qətnamələrinin vaxtında icra olunmaması ədalətli məhkəmə baxışına olan hüququn pozulması hesab olunur. Məhkəmə qətnamələrinin icrasının zəruriliyi Azərbaycan Respublikası Konstitusiyasında, mülki-prosessual, eləcə də cinayət və inzibati qanunvericilikdə, bir sıra beynəlxalq normativ aktlarda öz ifadəsini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 mart 2006-cı il tarixli qərarında da qanuni qüvvəyə minmiş məhkəmə qətnamələrinin icrası xüsusilə vurğulanmışdır. Həmin qərarda qeyd olunur ki, “məhkəmə qətnaməsinin icrası müddəti məhkəmə baxışının tərkib hissəsi kimi qiymətləndirilir. Məhkəmələr məhkəmə aktlarının icrasına möhlət verilməsi, icranın dayandırılması, icra üsulunun dəyişdirilməsi, həmçinin məhkəmə icraçılarının hərəkətlərindən verilən şikayətlərlə əlaqədar məsələlərə baxarkən Konvensiyanın məhkəmə qətnamələrinin ağlabatan müddətdə icra olunması tələbini nəzərə almalıdırlar.” Məhkəmədə müəyyən edilmişdir ki, Şəxs təqsiri üzündən icra sənədi icra edilməmiş və icra sənədinin icra edilməməsi üçün üzürlü səbəb olmamışdır. Şəxs tərəfindən icra sənədinin icra edilməməsi, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin tələblərinin kobud şəkildə pozulmasına gətirib çıxarır. Məhkəmədə inzibati xəta törətmiş Şəxs İİ qrup əlil olması məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edildi. Məhkəmədə inzibati xəta törətmiş Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə q ə r a r a a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1404/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1404/2021
31.05.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver