Məhkəmə qərarları › İş №3(006)-1414/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1414/2024

15.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1414/2024 15.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, X1nun iştirakı ilə, X2 Bakı şəhər BPİ X6 İdarəsinin 10 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: X3 Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət ərizəsi ilə müraciət edərək Bakı şəhər BPİ X6 İdarəsinin 10 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarının ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 10 aprel 2024-cü il tarixdə mülki etibarnamə ilə idarə etdiyi “KİA SPORTAGE” markalı, **-EE-*** dövlət nömrə nişanlı avtomobillə M.Müşfiq küçəsi ilə “İpək yolu” istiqmətində hərəkətdə olarkən Bakı şəhər BPİ X6 İdarəsinin avtomobili arxadan gələrək saxlamağını tələb etmişdir. Yol-patrul xidməti əməkdaşı ona yaxınlaşaraq özünü təqdim etdikdən sonra “Yol-patrul xidməti haqqında Təlimat”ın tələbinə zidd olaraq qayda pozuntusunu demədən səndləri təqdim etməyini tələb etmişdir. Yalnız onun tələbindən sonra polis əməkdaşı ona dövlət nömrə nişanlarının standarta uyğun olmadığını və bu səbəblə avtomobilin duracağa təmin olunacağını bildirmişdir. Onun məhkəməyə təqdim etdiyi dövlət nömrə nişanlarının fotoşəkillərində heç bir qeyristandartlığın olmadığı açıq-aydın görünür. Qeyri-standartlığın konkret nə ilə əsaslandırıldığını soruşduqda isə YPX əməkdaşı ona “nömrədə çip yoxdur” demişdir. Halbuki, qeyd olunan nömrələr verilən zaman nömrələrə çip vurulmamışdır. Çip olmayan nömrələrin qeyri-standart olmamasını bir YPX əməkdaşının bilməməsi isə dolayısı ilə böyük qüsura yol verməsini göstərir.Bundan başqa, inzibati xəta haqqında protokolun dərhal tərtib olunmaması, əməkdaşın YPX avtomobilindəki audio-video yazı qurğularından istifadə etməməsi isə artıq kobud qayda pozuntularından xəbər verir. YPX avtomobilində inzibati xəta haqqında protokolun kağız daşıyıcıya köçürmək və bir nüsxəsini ona təqdim etmək üçün qurğu olmadığına görə o məhkəməyə ona onlayn olaraq göndərilmiş sms məlumatın üzü çıxarılmaqla müəyyən olunan protokolu təqdim etmək məcburiyyətindədir. Hesab edir ki, Bakı şəhər BPİ X6 İdarəsinin 10 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilməlidir. X1 məhkəmə iclasında şikayətin məzmununa uyğun izahat verərək şikayətinin təmin edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş Bakı şəhər BPİ X6 İdarəsinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, tələb olunmasına baxmayaraq, inzibati xəta hadisəsini özündə əks etdirən sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İXM-in 133.1.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır. Həmin Məcəllənin 133.2.8.-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. İş materiallarında olan portaldan çıxarışdan görünür ki, X3 10 aprel 2024-cü il tarixdə saat 10:12-də ünvan 1 ünvanında «KİA SPORTAGE» minik markalı, **-EE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən dövlət mövcud standartlara uyğun olmayan qeydiyyat nişanları ilə nəqliyyat vasitəsinin idarə edilməsinə görə hərəkət qaydasını pozması əsası ilə İXM-nin 342.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta xətanı törətməsi əsası ilə 40 manat cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-in 115.1. və 115.1.4.-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarda göstərilməli olan hallardan biri də işə baxılarkən müəyyən edilən hallardır. Azərbaycan Respublikası İXM-nin 124.2., 124.3. və 124.4.-cü maddələrinə əsasən iİnzibati xətalar haqqında işlərə baxmaq hüququ səlahiyyətli orqana (vəzifəli şəxsə) aid edilmiş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə aşkar edildikdə və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşdıqda, inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. İnzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Məhkəmə hesab edir ki, şikayət verilən qərarda göstərilmiş inzibati xətanı Bəxtiyar Miriyevin törətməsini təsdiq edən heç bir mümkün və mötəbər sübut yoxdur. Belə ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzabati xətanın Bəxtiyar Miriyev tərəfindən törədilməsi bağlı Bakı şəhər BPİ X6 İdarəsinə məlumat verilməsinə baxmayaraq, bu barədə müvafiq sübutlar, o cümlədən videgörüntü olan disk məhkəməyə göndərilməmişdir. Azərbaycan Respublikası 3-cü maddəsində qeyd edilmişdir ki, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsində qeyd edilmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində qeyd edilmişdir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.1-ci maddəsində göstərilir ki, inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 75-ci maddəsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan hallar göstərilmişdir. Bunlar: inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 134-cü maddəsində İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılma haqqında qərarlar nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 134.1.3-cü maddəsində qeyd olunmuşdur ki, İXM-nin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-in 135.1., 135.1.1.-135.1.6.-cı maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; - hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; - hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; - inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; - tətbiq edilmiş tənbehin bu Məcəllənin 31-34-cü maddələrinin tələblərinə uyğun olmaması; - bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə məhkəmə verilmiş şikayəti tam, obyektiv, hərtərəfli araşdıraraq, inzibati qərarın qanuniliyini yoxlayaraq belə hüquqi nəticəyə gəlir ki, Bakı şəhər BPİ X6 İdarəsinin səlahiyyətli şəxsi tərəfindən Bəxtiyar Miriyev barəsində İXM ilə müəyyən edilmiş tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuş, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan hallar sübuta yetmir. Məhkəmə yuxarıda göstərilənləri va qanunun normalarını rəhbər tutaraq hesab edir ki, şikayöət verilən qərarın ləğv olunması üçün Azərbaycan Respublikası İXM-in 135.1.3 və 135.1.6.-cı maddələrində göstərilən əsaslar müəyyən edilmişdir. Ona görə də qərar ləğv olunmalı və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və İXM-in 53, 131-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Şikayət təmin edilsin. X2 barəsində Bakı şəhər BPİ X6 İdarəsi tərəfindən tərtib edilmiş 10 aprel 2024-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar