Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1422/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X7 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi X14 tərəfindən tərtib edilmiş 13 aprel 2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada 13.04.2022-ci il tarixdə, saat 10:40-da aparılan planlı yoxlama zamanı sertifikatsız tibbi fəaliyyət və lisenziyadan kənar tibbi fəaliyyət (cərrahi stomatologiya) aşkar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi R.M.Bayramov etiraz təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X14 publik hüquqi şəxsi 13 aprel 2022-ci il tarixində MN № ******* saylı protokolla rəhbərlik etdiyi tibb müəssisəsini İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə eyni anda təqsirli bilmişdir. Hesab edir ki, protokol və onunla bağlı qərardad qanunsuz və əsassızdır. Bu səbəbdən qanuni təmsilçisi olduğu şəxs inzibati məsuliyyətə cəlb olunmamalıdır. Əvvəla, işə baxılarkən qanuni təmsilçi kimi nə o, nə də təşkilat tərəfindən digər səlahiyyətli nümayəndə iştirak etmişdir. Belə ki, inzibati xəta haqqında protokola Şəxs MMC tərəfdən səlahiyyətli şəxs imza etməmişdir. Göstərilən halda inzibati xəta haqqında işə baxıla bilməzdi. İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsində göstərilir ki, hüquqi şəxs tərəfindən törədilmiş inzibati xətalar haqqında işlərə hüquqi şəxsin nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır. Həmin şəxslərin iştirakı olmadan inzibati xəta haqqında işə yalnız o hallarda baxıla bilər ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. Göründüyü kimi nümayəndə səlahiyyətinə malik olmayan şəxs (X29) bu prosesdə iştirak etmişdir. İkincisi, inzibati xəta hadisəsi mövcud olmamışdır. Belə ki, inzibati xəta barədə protokola əsas olmuş həkim stamotoloq X8 tərəfindən 17.01.2022-ci il tarixdə Sevinc Salmanova olan pasyentin 33-cü dişinin örtən qiymətli metaldan hazırlanmış qapağı kəsib çıxarmış və gördüyü işi pasyentin müayinə kartında qeyd etmişdir. Amma klinikada resepşində çalışan işçi pasyentlərin resepşində saxlanılan qeydiyyat kitabında bu proseduru səhvən dişin çıxarılması kimi qeyd etmişdir, (mənbə həkim stamotoloq X6 izahatı) Bundan əlavə inzibati xəta barədə protokola əsas olmuş və şkafda olan elevatorlardan metal əsaslı keramik qapaqları kəsib çıxaran zaman istifadə edib. Bu tip keramik qapaqları qapaqkəsən burğacla kəsdikdən sonra qalın metal xəlitədən tökülmüş karkasın kənarlarını kəsik xətti üzrə aralamaq vacibdir. Bunu etmədikdə qapağı yalnız “Koppa” adlanan qapaq çıxaran aparatla çıxarmağa cəhd etdikdə qapağın altındakı çox zaman siniri çıxarılmış və kövrək vəziyyətdə olan dişlər sınır. Kəsik xətti üzrə karkasın kənarlarını aralayan zaman başqa bir alətdən məsələn stomatoloji sement və pastaları qarışdırmaq üçün nəzərdə tutulan terapevtik şpateldən yaxud plomb materialını dişdəki boşluğa qoymaq üçün nəzərdə tutulan hamarlayıdıcıdan istifadə etdikdə kobalt - xrom yaxud nikel - xrom xəlitəsindən tökülmüş və üzəri keramika ilə örtülmüş qalın karkasın kənarlarını kəsik xətti üzrə aralamağa bu alətlərin gücü çatmır və nəticədə terapevtik şpatel və hamarlayıcıların işçi hissəsi əyilərək təyinatı üzrə istifadə üçün yararsız hala düşür. Elevatorların əlverişli formada olan tutacağı və daha möhkəm işçi hissəsinin olması kəsilmiş karkasın kənarlarını kəsik xətti üzrə daha rahat şəkildə aralamağa imkan verir, (mənbə həkim stamotoloq Rəsul Tağıyevin izahatı). Bundan əlavə inzibati xəta barədə protokola əsas olmuş və iş üzrə izahatı alınmış həkim stomotoloq X26 bildirmişdir ki, onun sertifikasiyasının vaxtı 15 oktyabr 2020-ci ildə bitmişdir. Və o dövrdə ölkədə pandemiya sərt karantinlər olduğu üçün yeni sertifikasiya almaq üçün 2021-ci ildə müraciət etmişdir. Yalnız öz səhhətinlə bağlı gedə bilməmişdir. Hal-hazırda analıq dövründə olduğu üçün öz hesabına altı ay müddətində məzuniyyət buraxılmasını xahiş etmişdir, (mənbə həkim stomotoloq N.E.Günəşlinin izahatı və 01 fevral 2022-ci il tarixli əmr). Bundan əlavə nəzərə çatdırmaq istəyir ki, 13.04.2022-ci il tarixində Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X14” tərəfindən keçirilən yoxlama zamanı adı çəkilən Şəxs MMC-nin stomatoloqu X2 vaxtı bitmiş olsada həmən dövrdə kursu bitirmiş və Səhiyyə Nazirliyi tərəfindən 26.04.2022-ci il tarixində imtahana qeydiyyatı olmuşdur. 26.04.2022-ci il tarixində X30 imtahanı müvvəfəqiyyətlə keçmişdir və sertifikasiya almışdır. 2. Şəxs MMC-nin kosmetoloq və masajist ştatında olan işçilərinin X4 Ülviyyə Almaz qızı X3 Aytən Canalı qızı X5 X10 Cəmalə Şamil qızı. Səhiyyə Nazirliyi tərəfindən sertifikasiyası olmaması ilə bağlı bildiririk ki Əmək Nazirliyinin Peşə Standartlarına uyğun olaraq həmin vəzifədə işləyən şəxslərə sertifikatlaşma nəzərdə tutulmamışdır. Eyni zamanda masajist və kosmetoloq (texnik) peşə standartlarında göstərilən qaydalara əməl olunmuşdur və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X14” tərəfindən istinad edilən inzibati xətanın tərkibi olmamışdır. Üçüncüsü, İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsində qeyd olunur ki, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Halbuki barəsində tərtib edilmiş protokolda hər iki inzibati xəta əməlinin norması əksini tapmışdır. Doğrudur, hesab olunur ki, tərəfinizdən məsələyə diferensial yanaşma üzrə hüquqi qiymət veriləcəyi gözlənilir. Məlumdur ki, bu halda hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. İnzibati xətalar məcəlləsinin 215.1-ci maddəsi üzrə məsuliyyətin istisna edilməsi nəticə etibarilə 215.4-cü maddə ilə də təqsirkar olmadıqlarına dəlalət edir. Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinin üçüncü abzasına əsasən, özəl tibb müəssisəsi tibbi fəaliyyətin müəyyən növləri üzrə qanunvericiliyə uyğun olaraq verilən xüsusi razılıq olduqda və tibbi fəaliyyətin hər bir növü üzrə müvafiq ixtisasa malik mütəxəssislərlə əmək müqaviləsi bağladıqda özəl tibbi fəaliyyətlə məşğul ola bilər. Həmin maddənin altıncı abzasına görə isə “özəl tibb müəssisələrinin tibb işçiləri “əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq tədrisə və sertifikasiyaya cəlb edilirlər. Sertifikasiyadan qanunvericiliyə uyğun olaraq keçməyən işçilərin praktik tibb fəaliyyətinə buraxılmasına yol verilmir. “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə uyğun olaraq, səlahiyyətli orqan ölkədə verilmiş lisenziyalar və icazələrlə bağlı aşağıdakı məlumatları özündə ehtiva edən vahid reyestr aparır: 8.1.6 lisenziyada göstərilmiş fəaliyyət növü və icazədə göstərilmiş hərəkət; Göründüyü kimi, “Lisenziyaların və icazələrin vahid reyestrində sadəcə fəaliyyətin növünün qeyd olunması kifayətdir. Bu da özəl tibb fəaliyyətidir. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikası Qanununun 46-cı maddəsinin yeddinci (sonuncu) abzasında vurğulanır ki, Azerbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən aparılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurumun) həmin reyestrə çıxışı təmin edilir. Azərbaycan Respublikasında tibb və əczaçılıq fəaliyyəti ilə məşğul olmaq hüququ olan şəxslərin dövlət reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin qanunun 48-ci maddəsinin müvafiq olaraq üçüncü və dördüncü (sonuncu) abzaslarına əsasən, ali və orta ixtisas tibb təhsilinə malik tibb mütəxəssisləri dövri olaraq beş ildə ən azı bir dəfə ixtisaslarının artırılması məqsədi ilə müvafiq icra hakimiyyəti orqanı tərəfindən tədrisə cəlb edilirlər. Tibb mütəxəssislərinin ixtisaslarının dəyişdirilməsinə yalnız müvafiq təhsil müəssisəsində peşə hazırlığı keçdikdən və qanunvericiliyə uyğun olaraq sertıfikasiya olunduqdan sonra yol verilir. Göründüyü kimi, sertifikasiya peşə hazırlığı və ixtisas dəyişdirmə ilə bağlıdır. Beləliklə, təmsil etdiyi tibb müəssisəsi Şəxs MMC özəl tibb fəaliyyəti ilə məşğul olduğundan, habelə onun mütəxəssisləri sertrfikasiyadan keçdiklərinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən Şəxs MMC-yə məxsus klinikada 13.04.2022-ci il tarixdə, saat 10:40-da aparılan planlı yoxlama zamanı sertifikatsız tibbi fəaliyyət və lisenziyadan kənar tibbi fəaliyyət (cərrahi stomatologiya) aşkar edilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətmişdir. İş materiallarında olan 13.04.2022-ci il tarixli, 150 saylı X38 planlı (növbəti) yoxlama aktından görünür ki, baş həkim X8 və həkim stomatoloq X17 lisenziyadan kənar tibbi fəaliyyətlə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş məktubdan görünür ki, 13.04.2022-ci il tarixdə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi “X14” tərəfindən keçirilən yoxlama zamanı adı çəkilən Şəxs MMC-nin stomatoloqu X1 vaxtı bitmiş olsa da həmin dövrdə sonuncu kursu bitirmiş və Səhiyyə Nazirliyi tərəfindən 26.04.2022-ci il tarixində imtahana qeydiyyatı olmuşdur. 26.04.2022-ci il tarixində O.M.Hüseynli imtihanı müvəffəqiyyətlə keçmiş və sertifikasiya almışdır. Həmçinin, Şəxs MMC-nin kosmetoloq və masajist ştatında olan işçilərinin, yəni X4 Ülviyyə Almaz qızı X3 Aytən Canalı qızı X5 X10 Cəmalə Şamil qızı. Səhiyyə Nazirliyi tərəfindən sertifikasiyası olmamasının səbəbi Əmək Nazirliyinin Peşə Standartlarına uyğun olaraq həmin vəzifədə işləyən şəxslərə sertifikatlaşma nəzərdə tutulmamaması olmuşdur. Bununla da, məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta hadisəsi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir, onun əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 53, 114-117, 128-130, 215.1 və 215.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.1 və 215.4-cü maddələri ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1422/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1422/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver