Məhkəmə qərarları › İş №3(006)-1425/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1425/2021

17.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1425/2021 17.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X15 Qərarı qəbul etmiş qurum: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin nümayəndəsi X2 Şikayət vermiş şəxsin vəkili: Fərdi qaydada fəaliyyət göstərən vəkil X12 iştirakları ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş 20.02.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X18 tərəfindən qeyd olunan qərardan verilmiş şikayətdə göstərilmişdir ki, 05 aprel 2021-ci il tarixdə mobil telefonuna “20 fevral 2020-ci il tarixli qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə 4.500 manat cərimə edilməsi” barədə mesaj gəlmişdir. Bu mesajı alanadək 17 yanvar 2020-ci il tarixli inzibati protokol va 20 fevral 2020-ci il tarixli qərar barədə heç bir məlumatı olmamışdır. X17 Xidmətinə rəsmi ərizə ilə müraciət etdikdən sonra ******* nömrəli 20 fevral 2020-ci il tarixli qərarı 24 may 2021-ci il tarixdə poçt vasitəsi ilə almışdır. Qərarla razı deyil, onun ləğv edilməsini zəruri hesab edir. Belə ki, X17 Xidməti tərəfindən ona İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən “Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə” vəzifəli şəxs kimi 4.500 manat cərimə tətbiq edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd”inə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. O, sahibkarlıq fəaliyyəti ilə məşğul olmur, işəgötürən də deyil. İnzibati tənbeh ona qanunsuz və əsassız olaraq tətbiq edilmişdir. X17 Xidmətinin 17 may 2021-ci il tarixli **********7 nömrəli məktubunda göstərilmişdir ki, Bakı şəhəri Nəsimi rayon prokurorluğunun 17 yanvar 2020-ci il tarixli qərarına əsasən xidmət tərəfindən ona vəzifəli şəxs kimi 4.500 manat cərimə tətbiq edilmiş, onun hüquq pozuntunun törətməsi isə Nəsimi rayon prokurorluğunun 17 yanvar 2020-ci il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarı və 9 yanvar 2020-ci il tarixli izahatı əsasında müəyyən edilmişdir. Prokurorluğun 17 yanvar 2020-ci il tarixli qərarı barədə heç bir məlumatı yoxdur və bu qərarın surəti ona təqdim edilməmişdir. ünvan 1 ünvanda yerləşən obyektin mülkiyyətçisi o deyil, onu işlətmir və ya icarəyə götürməyib. O, həmin obyektin arxasında yaşayır. Bu obyektin qarşısında tanımadığı şəxsin yıxılıb yerdə qaldığını görüb vətəndaşlıq borcunu yerinə yetirərək təcili tibbi yardıma məlumat vermiş və buna görə prokurorluğa çağırılmıdır. İnzibati Xətalar Məcəlləsinin 78.2-ci maddəsinə əsasən barəsində inzibati xata haqqında iş üzrə icraat aparılan şəxsin izahatı inzibati xəta haqqında protokolda, inzibati xəta haqqında iş üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiq edilməsi haqqında protokolda, inzibati xəta haqqında işə baxma ilə əlaqədar iclas protokolunda göstərilir. Göründüyü kimi, prokurorluq orqanı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi və inzibati xəta üzrə icraat açılması haqqında qərarla tanış edilməli olsa da, buna əməl edilməmişdir. Daha sonra Əmək Müfəttişliyi Xidməti tərəfindən qərar qəbul edilərkən ona məlumat verilməli idi, lakin bu halda da ona heç bir məlumat verilməmişdir. Qeyd olunanları nəzərə alaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş 20.02.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi xahiş olunur. Məhkəmə iclasında inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermiş şəxsin vəkili X19 şikayətdə qeyd olunanlardan əlavə olaraq göstərdi ki, X18 fərdi sahibkar kimi vergi orqanında qeydiyyatda olsa da, o, 10.09.2012-ci il tarixdən 30.07.2021-ci il tarixədək öz fəaliyyətini dayandırmış, bununla bağlı vergi orqanında müvafiq qeydiyyat aparılmışdır. Belə olan halda isə şəxs vəzifəli şəxs kimi qəbul oluna bilməz. X17 Xidməti tərəfindən qəbul edilmiş 20.02.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanunsuz olduğundan onun ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidmətinin nümayəndəsi X7 izahatında bildirdi ki, X13 İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə məsuliyyətə cəlb edilməsinə əsas Bakı şəhəri Nəsimi rayon prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17.01.2020-ci il tarixli qərarı olmuşdur. Həmin qərarla 1965-ci il təvəllüdlü X10 1 saylı X20 ölməsi ilə bağlı araşdırma aparılmış və müəyyən edilmişdir ki, S.Qəmbərov ünvan 1 ünvanın qarşısında yerə yıxılaraq xəsarət almış, daha sonra Klinikada keçinmişdir. Həmçinin, qeyd olunan ünvanda olan binanın altında plastik qapı-pəncərə sexinin yerləşdiyi, bu obyekti X13 işlətdiyi, X1 isə orada əmək müqaviləsi bağlanılmadan usta kimi işlədiyi müəyyən edilmişdir. Hadisə ilə bağlı prokurorluq tərəfindən M.Seyidovun izahatı alınarkən o bildirmişdir ki, təxminən 10 ildir həmin sexi icarə əsasında işlədir, orada usta işləyən X5 ilə əmək müqaviləsi bağlamamış, lakin sahibkar kimi özü vergi ödəyicisidir və işlətdiyi sexə görə vergi ödəyir. Bununla bağlı X18 barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılaraq iş aidiyyəti üzrə baxılması üçün X17 Xidmətinə göndərilmiş və təqdim edilmiş materiallar əsasında X13 əməlində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tərkib əlamətləri olduğundan o, həmin maddə üzrə inzibati məsuliyyətə cəlb olunaraq 20.02.2020-ci il tarixli, MN ******* saylı qərarla 4.500 manat məbləğində cərimə edilmişdir. Şikayətin rədd olunmasını xahiş edir. İş materiallarında olan: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş 20.02.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X18 X3 əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etdiyinə görə İnzibati Xətalar Məcəlləsinin 192.1-cü maddəsi üzrə təqsirli bilinərək 4.500 manat məbləğində cərimə edilmişdir; Bakı şəhəri Nəsimi rayon prokurorluğunun “Cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” 17.01.2020-ci il tarixli qərarından, habelə X5 və X13 Nəsimi rayon prokurorluğuna vermiş olduğu izahatlarından görünür ki, prokurorluqda 1965-ci il təvəllüdlü X10 1 saylı X20 ölməsi ilə bağlı araşdırma aparılmışdır. Araşdırma zamanı izahatı alınmış X6 göstərmişdir ki, qardaşı X5 ünvan 1 ünvanda olan binanın altında yerləşən plastik qapı-pəncərə sexində işləyir. Bu faktı X5 özü də təsdiq etmişdir. X18 da izahatında bildirmişdir ki, təxminən 10 ildir həmin sexi icarə əsasında işlədir, orada usta işləyən X5 ilə əmək müqaviləsi bağlamamış, lakin sahibkar kimi özü vergi ödəyicisidir və işlətdiyi sexə görə vergi ödəyir. Həmin qərarla X18 barəsində İnzibati Xətalar Məcəlləsinin 192-ci maddəsi ilə inzibati xəta haqqında icraat başlanılaraq iş aidiyyəti üzrə baxılması üçün göndərilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 13 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş 13.07.2021-ci il tarixli, **********113400 saylı arayışa görə X18 (VÖEN: **********) 08.04.2012ci il tarixdə vergi orqanında uçota alınmış və sahibkarlıq fəaliyyəti müvəqqəti olaraq 10.09.2012-ci il tarixdən 30.07.2021-ci il tarixədək dayandırılması vergi orqanının məlumat bazasında qeydə alınmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının mərkəzləşdirilmiş elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (3-cü maddinin 5 və 5-1-ci hissələri); bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7-ci maddənin 2-ci hissəsi); Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (49-cu maddənin 1-ci hissəsi). Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Beləliklə məhkəmədə tədqiq olunmuş sübutlara əsasən X13 şikayətində təqsirsizliyi ilə bağlı qeyd etdiyi hallar öz təsdiqini tapmır. Əksinə olaraq müəyyən edilir ki, M.Seyidov ********** saylı VÖEN-lə 08.04.2012-ci il tarixdə vergi orqanında uçota alınıb sahibkarlıq fəaliyyəti müvəqqəti olaraq 10.09.2012-ci il tarixdən 30.07.2021-ci il tarixədək dayandırılmasına baxmayaraq, belə fəaliyyətini davam etdirib ünvan 1 ünvanda yerləşən plastik qapı-pəncərə sexini icarə əsasında işlətmiş, X5 ilə əmək müqaviləsi bağlayıb hüquqi qüvvəyə minmədən onu işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti düzgün olaraq X16 İnzibati Xətalar Məcəlləsinin 192.1-cı maddəsi üzrə məsuliyyətə cəlb edib onu 4.500 manat məbləğində cərimələmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X17 Xidməti tərəfindən qəbul edilmiş 20.02.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar