Məhkəmə qərarları › İş №3(006)-1437/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1437/2022

20.04.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1437/2022 20.04.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlu, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi üzrə tərtib olunmuş 20.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 müraciəti əsasında Nəsimi RPİ-nin 21-ci PB-də aparılmış təhqiqat araşdırması ilə müəyyən edilmişdir ki, 04.02.2022-ci il tarixdə, saat təqribən 19:30 radələrində müştəri qismində avtomobilə əyləşən şəxs Zərərçəkmiş şəxs1 məxsus olan dəyəri 450 manat olan “Samsung Galaxy S8 EDGE” markalı mobil telefonunu danışmaq adı ilə sonuncunun etibarından sui-istifadə edərək aparmış, lakin həmin telefonu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Bundan başqa, 10.02.2022-ci il tarixdə, saat təqribən 21:30 radələrində müştəri qismində avtomobilə əyləşən şəxs Zərərçəkmiş şəxs2 məxsus olan dəyəri 280 manat olan “Xiaomi Mİ 11 Lite” markalı mobil telefonunu danışmaq adı ilə sonuncunun etibarından sui-istifadə edərək aparmış, lakin həmin telefonu ələ keçirərək ona qarşı dələduzluq etmişdir. Törədilmiş əməllərdə cinayət tərkibi olmadığından toplanmış material üzrə 19.04.2022-ci il tarixdə cinayət işinin başlanılması rədd olunaraq hadisəni törətmiş şəxsin müəyyən edilərək inzibati məsuliyyətə cəlb edilməsi qərara alınmışdır. Hazırda məhkəməyə təqdim edilmiş 20.04.2022-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə qeyd olunan xırda talamanı Şəxs törətmişdir. Hesab edirəm ki, aşağıda qeyd edilən hallara görə Şəxs əməllərində inzibati xətanın deyil, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinin (dələduzluq və ya soyğunçuluq) tərkib əlamətləri müşahidə edilir. Belə ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi əməldə özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, 04.02.2022-ci il tarixdə, saat təqribən 19:30 radələrində müştəri qismində avtomobilə əyləşən şəxs Zərərçəkmiş şəxs1 məxsus olan dəyəri 450 manat olan “Samsung Galaxy S8 EDGE” markalı mobil telefonunu danışmaq adı ilə sonuncunun etibarından sui-istifadə edərək götürmüş, Zərərçəkmiş şəxs1 əmlakını geri tələb etdikdə isə mobil telefonu özündə saxlamaqla dərhal hadisə yerindən qaçmışdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli, 7 nömrəli qərarının 5-ci bəndində göstərilmişdir ki, məhkəmələrə izah edilsin ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. X1 20-ci bəndində isə göstərilmişdir ki, təqsirkar şəxs tərəfindən aldatma və ya etibardan sui-istifadə etmə əmlaka əlçatanlığı təmin etmək məqsədi ilə tətbiq edildikdə və bu halı əmlakın mülkiyyətçisi və ya sahibi müəyyən etdikdən sonra da təqsirkar zərər çəkmiş şəxsin iradəsinə zidd olaraq əmlakın ələ keçirilməsi və ya onu özünün və ya digər şəxslərin sərəncamında saxlanılması üçün aşkar hərəkətlər etdikdə onun əməli bu hərəkətlərin xarakterindən və ictimai təhlükəliliyindən asılı olaraq soyğunçuluq və ya quldurluq kimi qiymətləndirilməlidir (məsələn, şəxsin mobil telefondan zəng etmək adı ilə onu mülkiyyətçidən və ya sahibindən götürməsi, zərərçəkmiş əmlakının geri qaytarılmasını tələb etdikdən dərhal sonra hadisə yerindən qaçması, yaxud da telefonu özündə saxlamaq məqsədi ilə zərər çəkmiş şəxsin həyatı və sağlamlığı üçün təhlükəli zorakılıq tətbiq etməsi və ya belə zorakılıq tətbiq edəcəyi ilə hədələməsi). Göründüyü kimi, Şəxs əməllərində inzibati xətanın tərkibi deyil, məhz cinayətin tərkib əlamətlərinin olması müşahidə edilir. İnzibati Xətalar Məcəlləsinin 12.2-ci maddəsinə görə bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən inzibati xəta haqqında işdə cinayətin əlamətləri olduqda, iş üzrə materiallar prokurora, təhqiqat və ya istintaq orqanına göndərildikdə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsaslanaraq belə qənaətə gəlirəm ki, hazırda Şəxs tərəfindən eyni əməlin təkrar törədilməsi, yəni 20.04.2022-ci il tarixli, MN ******* saylı protokol üzrə dəyəri 100 manatdan yuxarı məbləğ dəyərində özgənin əmlakını dələduzluq yolu ilə və ya açıq şəkildə talaması özündə inzibati xətanın deyil, cinayət əməlinin əlamətlərinin olması ehtimalına dəlalət edir. Bu baxımdan iş materiallarında göstərilən halların araşdırılması və həmin xüsusatlara qiymət verilməsi üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməli və müvafiq material aşkar edilmiş faktda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün prokurora göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin və müvafiq material faktda cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün Bakı şəhəri Nəsimi rayon prokuroruna göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar