Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1440/2024 07.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X7 Barəsində icraat aparılan "xxxx" MMC-nin nümayəndəsi hüquqi şəxs: Nümayəndə iştirakları ilə "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 59- 59A, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə “İnzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında” Qazax rayon prokurorunun xx.xx.2024-cü il tarixli qərarına və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: "xxxx" MMC-ni təmsil etmək və onun adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs - filial müdiri X1 Sənan Vüqar oğlu və X6 ilə əmək müqaviləsi bağlamadan 28 oktyabr 2023-cü il tarixdən 30 yanvar 2024-cü il tarixədək onları müəyyən işlərin yerinə yetirilməsinə cəlb etmişdir. Məhkəmədə barəsində icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi Nümayəndə izahatında göstərdi ki, X16 və X6 ilə "xxxx" MMC arasında heç bir əmək münasibətləri olmamış, onlar sadəcə olaraq könüllü kimi MMC-nin Qazax rayonunda yerləşən filialına aradabir gəlib iş öyrənmiş, bəzən də əməkdaşlarla birlikdə buklet paylamağa getsələr də, bu iş onlara həvalə olunmamışdır. Ümumiyyətlə MMC-nin işə götürmə ilə bağlı daxili qaydaları var və yalnız buna cavab verən şəxslə əmək müqaviləsi bağlanılır. Bundan əlavə, prokurorluq ətraflı araşdırma aparmadan, "xxxx" MMC-nin təqsirliyinə dair təkzibedilməz sübutlar toplamadan şirkətin inzibati xətanın törətməsi qənaətinə gəlmişdir. Göstərilənləri nəzərə alaraq "xxxx" MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə başlanılmış icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, inzibati xəta haqqında iş üzrə icraatın başlanması haqqında qərar qəbul etmiş Qazax rayon prokuroru prosesə gəlməmiş, eyni zamanda məhkəməyə müraciət ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • X11 Qazax rayon prokurorluğunda verdiyi izahatında qeyd olunur ki, o, 2023-cü ilin oktyabr ayında işə düzəlmək məqsədi ilə "xxxx" MMC-yə müraciət etmiş, həmin vaxt MMC-nin müdiri Ceyhun Əmiraslanov onu stajor kimi müvəqqəti işə cəlb edəcəyini, müddəti bitdikdən sonra onu rəsmi şəkildə işlə təmin edəcəyini söyləmişdir. Bundan sonra o, 2023-cü ilin oktyabr ayının 28-dən kredit mütəxəssisi vəzifəsi üzrə stajor kimi işə cəlb edilmiş, orada işlədiyi müddət ərzində C.Əmiraslanov ona bukletlər payladaraq 03 ay müddətinə, yəni 2024cü ilin yanvar ayının 30-dək işlətsə də, ona heç bir əmək haqqı verməmişdir. O, Ceyhun Əmiraslanovun yanına gedərək 03 ay müddətinə işlədiyini bildirib onu rəsmi şəkildə işə götürməsini tələb etmiş, lakin həmin şəxs ona müxtəlif bəhanələr gətirərək onu işə götürə bilməyəcəyini söyləyib ödənişi cibindən edəcəyini söyləmişdir. Həmin vaxt o, onunla bu barədə razılaşmadığından oranı tərk edib şikayətlə müraciət etmişdir. Onun "xxxx" MMC-də işləməsini orada işləyən Kərim və Ceyhun da təsdiq edə bilər; • X2 Qazax rayon prokurorluğunda verdiyi izahatında qeyd olunur ki, o, 2023-cü ilin oktyabr ayında işə düzəlmək məqsədi ilə "xxxx" MMC-yə müraciət etmiş, həmin vaxt MMC-nin müdiri Ceyhun Əmiraslanov onu qəbul edərək iş öyrənməsi üçün işə götürəcəyini, iş öyrəndikdən sonra tam müqavilə əsasında işlədəcəyini bildirmişdir. Həmin vaxt orada ondan başqa Sənan Orucov adlı şəxs də çalışırdı. Belə ki, Ceyhun onu və Sənanı işə götürəcəyini bildirib onları bukletləri paylatmaqla, kredit verməklə işlətsə də, 03 ay müddətinə, yəni 2024cü ilin yanvar ayınadək heç bir əmək haqqı vermədi. Bundan sonra o, Ceyhun Əmiraslanovun yanına gedərək işdən çıxacağını bildirmişdir. Həmin vaxtı o ona heç bir söz söyləməyərək işdən çıxmaqda sərbəst olduğunu bildirmişdir. Onun "xxxx" MMC-də işləməsini orada işləyən Sənan, Kərim və Ceyhun da təsdiq edə bilər; • X3 Qazax rayon prokurorluğunda verdiyi izahatında qeyd olunur ki, o, 2013-cü il tarixdən "xxxx" MMC-də, Qazax rayonun filialının müdiri vəzifəsində isə 2018cu ildən çalışır. X16 2023-cü ilin oktyabr ayında onun çalışdığı MMC-yə müraciət edərək iş axtardığını bildirmişdir. Həmin vaxt o, S.Orucova ilk öncə işi öyrənməsini, daha sonra onu işə götürə biləcəklərini söyləmişdir. Bundan sonra S.Orucov təxminən 02 ay 15 gün hər gün "xxxx" MMC-yə gəlmiş, heç bir iş görməmişdir. S.Orucovla "xxxx" MMC arasında heç bir əmək müqaviləsi olmamış, o, yalnız buklet paylayıb, bundan başqa heç bir iş görməyib. X4 və X15 "xxxx" MMC tərəfindən heç bir əmək haqqı ödənilməmiş, onlar arasında əmək müqaviləsi bağlanılmamış, onlar könüllü razılığı əsasında buklet paylamağa və vətəndaşlara kredit borcu verməyə cəlb edilmişlər; • X9 Qazax rayon prokurorluğunda verdiyi izahatında qeyd olunur ki, o, 2015-ci il tarixdən "xxxx" MMC-də kredit mütəxəssisi vəzifəsində çalışır. X16 2023-cü ilin oktyabr ayının sonlarında MMC-yə müraciət edərək filial müdiri X5 iş axtardığını bildirmişdir. O, işə gələn zaman C.Əmiraslanov ona S.Orucovu göstərərək sonuncuya işi öyrətməyi bildirmiş, bundan sonra o, həmin şəxsə işi öyrətməyə davam etmişdir. S.Orucov təxminən 02 ay 15 gün "xxxx" MMC-yə gəlmiş, daha sonra isə özü könüllü işə gəlməmişdir. S.Orucovla "xxxx" MMC arasında heç bir əmək müqaviləsi olmamış, o yalnız buklet paylamış, bundan başqa heç bir iş görməmişdir. X6 "xxxx" MMC-yə S.Orucov kimi gəlib-getmiş, işi öyrənməyə başlamış və buklet paylamaqdan başqa heç bir iş görməmişdir. X6 və X16 ilə "xxxx" MMC arasında əmək müqaviləsi bağlanılmamış, heç bir əmək haqqı ödənilməmiş, onlar könüllü razılığı əsasında buklet paylamağa və vətəndaşlara kredit borcu verməyə cəlb edilmişlər; • “Cinayət işi başlanmasının rədd edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən toplanmış 24-3-2-2-430-0237 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmiş, "xxxx" MMC və həmin cəmiyyətin “Qazax” filialının müdiri X3 barəsində Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati icraatın başlanılması məsələsinə baxılması üçün material ayrılmışdır; • Qazax rayon prokurorunun “İnzibatı xəta haqqında iş üzrə icraatın başlanması haqqında” xx.xx.2024-cü il tarixli qərarı ilə hüquqi şəxs "xxxx" MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılmışdır; • Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin 27 mart 2024-cü il tarixli məktubundan görünür ki, "xxxx" MMC-nin (VÖEN: **********) hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Sarabski küçəsi, ev 59-59A, rəhbəri X12r. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən: • Əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir; əmək müqaviləsi bildirişi - bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılmasının, ona dəyişiklik edilməsinin və ya xitam verilməsinin müvafiq icra hakimiyyəti orqanının elektron informasiya sistemində (bundan sonra - elektron informasiya sistemi) elektron qaydada qeydiyyata alınması məqsədi ilə işəgötürən tərəfindən həmin elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilən elektron sənəddir (3-cü maddə); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır (7-ci maddənin 2-ci hissəsi); • Bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir (49cu maddənin 1-ci hissəsi); • Bu Məcəllənin 52-ci maddəsində göstərilən hallar istisna olmaqla, əmək müqaviləsi işçinin peşəkarlıq səviyyəsini və müvafiq əmək funksiyasını icra etmək bacarığını yoxlamaq məqsədilə sınaq müddəti müəyyən edilməklə bağlanıla bilər. Altı ay müddətinədək bağlanılmış əmək müqaviləsində ən çoxu iki həftə, digər əmək müqavilələrində isə ən çoxu üç ay sınaq müddəti müəyyən edilir. Sınaq müddəti işçinin faktiki olaraq əmək funksiyasını icra etdiyi iş vaxtından ibarətdir. İşçinin əmək qabiliyyətini müvəqqəti itirdiyi, habelə iş yeri və orta əmək haqqı saxlanılmaqla işdə olmadığı dövrlər sınaq müddətinə daxil edilmir. Sınaq müddəti göstərilməyən əmək müqaviləsi sınaq müəyyən edilmədən bağlanmış hesab olunur (51-ci maddə). Məhkəmədə müəyyən olunur ki, "xxxx" MMC-nin Qazax filialında X6 və X16 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan və hüquqi qüvvəsini almadan bilavasitə MMC-nin fəaliyyəti və maraqları üzrə onun yerli filialının müdiri tərəfindən işə cəlb edilərək bukletlərin paylanılması və kreditlərin verilməsi sahəsində işlətmiş və bu fakt həm həmin şəxslərin, həm də filialın müdiri X3 və işçisi X9 Qazax rayon prokurluğuna vermiş olduğu izahatları ilə təsdiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 18.2-ci maddəsinə əsasən hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.1-ci maddə); hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.2-ci maddə); hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs (18.2.3-cü maddə)və bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi (18.2.4-cü maddə). Bu Məcəllənin 3-cü maddəsinə görə yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Qeyd olunan Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə "xxxx" MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə "xxxx" MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, qurum İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək aşağı həddə cərimə olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 20.000 (iyirmi min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1440/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1440/2024
07.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver