Məhkəmə qərarları › İş №3(006)-1445/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1445/2024

25.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1445/2024 25.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 Şikayətçi: X2 iştirakları ilə Baş X10i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X5 qeyd olunan qərardan şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, “MG 350 minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə etdiyi zaman Bakı şəhər X10 İdarəsinin Yol patrul xidməti inspektoru X6 tərəfindən saxlanılmış və saxlanılmasına əsas olaraq idarə etdiyi nəqliyyat vasitəsinin arxa ban şüşəsinə pərdə quraşdırılmasının olduğu bildirilmişdir. O, qeyd olunan halla razılaşmayaraq nəqliyyat vasitəsinin arxa ban şüşəsinə pərdənin quraşdırılmasını qadağan edən normanın ona təqdim olunmasını istəmişdir. Lakin buna baxmayaraq polis əməkdaşı həmin normanın guya mövcud olduğunu və onun 150 manat cərimə edildiyini demiş, eyni zamanda nəqliyyat vasitəsinə qanunsuz müdaxilə etməyə cəhd göstərərək əmlaka ziyan vurmaq istəmişdir. Polis əməkdaşı onun təkidlərindən sonra etdiyi qanunsuz hərəkətləri dayandırmışdır. Bundan sonra onunla kobud formada danışaraq avtomobilin arxa ban şüşəsində olan qanuni şəkildə quraşdırılmış pərdəni çıxartmağını bildirmiş və həmin pərdə çıxarılmışdır. Qeyd olunan hadisəyə dair İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi üzrə xx.xx.2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Elə həmin protokol əsasında Bakı şəhər X10 İdarəsinin polis kapitanı X1 tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. Qeyd olunan qərarda onun nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi göstərilmişdir. O, bu qərardan məhkəməyə şikayət vermiş və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 02 noyabr 2023-cü il tarixli, 3(006)- 4886/2023 saylı qərarı ilə şikayəti qismən təmin edilmiş, inzibati tənbeh vermə haqqında qərar ləğv edilərək iş baxılması üçün həmin quruma göndərilmişdir. Həmin qərar qəbul edildikdən sonra Baş X10i İdarəsinin polis mayoru X1 tərəfindən xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Bu qərar onun iştirakı olmadan qəbul edilmiş və inzibati araşdırmaya cəlb olunmağı ilə bağlı hər hansı bildiriş ona təqdim edilməmişdir. Hətta qeyd olunan qərarın qəbul edildiyindən yalnız xx.xx.2024cü il tarixdə, saat 09:56 radələrində Bakı-Quba yolunun 17 km-də yol patrul xidmətinin inspektorunun ona verdiyi məlumat zamanı xəbərdar olmuşdur. Hətta bu səbəbdən onun nəqliyyat vasitəsi həmin əraziyə yaxın yerdə olan xüsusi dayanacağa yerləşdirilmişdir. Bundan sonra o, xx.xx.2024-cü il tarixdə, saat 17:25-də məsələnin araşdırılması üçün Baş X10i İdarəsinə müraciət etdiyi zaman ona xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar təqdim edilmişdir. Həmçinin, daha əvvəl olduğu kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nda göstərilən normaların tələblərinə əməl edilməmiş, nəqliyyat vasitəsinin arxa ban və arxa yan şüşələrinin məhdudlaşdırılmasının nəzərdə tutulması birbaşa göstərilməsinə baxmayaraq, polis əməkdaşı onun qanunla qorunan hüquqlarını kobud şəkildə pozaraq ona inzibati cərimə tətbiq etmişdir. Qanunvericilik jalüzün çəkilməsini və həmin jalüzün hansı materialdan və ya istehsalçıdan asılı olmasına dair bir qadağa müəyyən etməmişdir. Onun yol polisi əməkdaşı tərəfindən saxlanıldığı zaman jalüzün müəyyən edilmiş qaydalara uyğun olduğunu bildirsə də, qarşı tərəf bu jalüzlərin kustar üsulla hazırlandığı iddia edərək ona cərimə yazmışdır. Lakin buna baxmayaraq o, müvafiq icra hakimiyyəti orqanı öz qərarında qadağan olunmuş örtük sözünü yazmaq üçün hansı norma və qanuna istinad etməsindən iki səbəbə görə məlumatsızdır. Birinci səbəb inzibati araşdırmaya ümumiyyətlə cəlb edilməmiş, ikinci səbəb isə hazırda yaranmış mübahisəni həll edən qüvvədə olan yeganə normanın “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın olmasından əmindir. Göstərilənləri nəzərə alaraq Baş X10i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçi X5 şikayətə uyğun izahat verərək onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq qərarı qəbul etmiş qurumun nümayəndəsi məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhər X10 İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərara əsasən X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Ceyhun Səlimov küçəsində idarə etdiyi “MG 350 minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin baş şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir; • fotoşəkillərdən aydın olur ki, “MG 350 minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı avtomobilin arxa ban şüşələrində parça materialdan olan pərdə quraşdırılıb. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, şikayət təmin edilməməli, mübahisələndirilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi nəqliyyat vasitəsinin ban şüşələrinə qanunla tətbiqinə icazə verilməyən örtüklərin çəkilməsinə görə məsuliyyət müəyyən edir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 1 saylı Əlavəsində nəqliyyat vasitələrinin istismarının qadağan edilməsinə səbəb olan nasazlıqların siyahısı göstərilmişdir. Həmin siyahının Vİİ hissəsinin 3-cü bəndinə görə sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşənin şəffaflığını korlayan, yol hərəkəti iştirakçılarını zədələmək, təhlükəsi yaradan əlavə əşyalar qoyulduqda və ya şüşələrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmiş qaydanı pozmaqla örtüklər (pərdə, jalüz və ya plyonka) çəkilməsi qadağandır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 21 yanvar tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəqliyyat vasitələrinin şüşələrinə örtüklərin çəkilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən örtük dedidkə jalüz, pərdə və ya plyonka başa düşülür. Həmin Qaydanın 3.2-ci bəndinə görə nəqliyyat vasitələrinin sürücüdən arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə aşağıdakı örtüklərin çəkilməsinə yol verilir: minik avtomobillərində – plyonka çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına; yük avtomobillərində, avtobuslarda, mikroavtobuslarda, trolleybuslarda və tramvaylarda – plyonka çəkilməsinə (sərnişindaşıma fəaliyyətində istifadə olunan avtobuslar və mikroavtobuslar istisna olmaqla), jalüzlərin quraşdırılmasına və ya pərdə asılmasına. Göründüyü kimi, qanunvericilik minik avtomobillərində arxa tərəfdə yerləşən yan şüşələrinə, yük yerinin yan şüşələrinə və arxa şüşələrinə yalnız plyonkanın çəkilməsinə və ya jalüzlərin quraşdırılmasına icazə verir. Hazırki işin hallarından isə müəyyən olunur ki, şikayətçinin idarə etdiyi “MG 350 minik” markalı, **-GY-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin arxa şüşəsinə pərdə quraşdırılmışdır. Buna görə də X5 haqlı olaraq Baş X10i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.4-cü maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130 və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şikayət təmin edilməsin. Baş X10i İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar