Məhkəmə qərarları › İş №3(006)-1446/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1446/2024

17.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1446/2024 17.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, xx xxx 1979-cu ildə Göyçay rayonu, İnçə kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Nəsimi rayonu, 5-ci mikrorayon, Cavadxan küçəsi mənzil 94-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi ev 18A-da yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs xx.xx.2023-cü il tarixdə idarə etdiyi «Kia Sorento» markalı **-RX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, M.Cəlal küçəsində sola dönüb düzünə keçən vaxt ehtiyatsızlıq edib gözləmədiyi üçün qarşı sağ tərəfdən hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Nova” markalı mopedlə toqquşması nəticəsində sonuncuya yüngül bədən xəsarəti yetirilməsinə səbəb olmuş yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında göstərdi ki, o, xx.xx.2023-cü il tarixdə idarə etdiyi «Kia Sorento» markalı **-RX- *** dövlət qeydiyyat nişanlı avtomobillə Nəsimi rayonu, M.Cəlal küçəsində sola dönüb düzünə keçən vaxt qəfildən qarşı sağ tərəfdən səkidən hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi “Nova” markalı mopedlə toqquşmuşdur. Həmin vaxt o, zərərçəkmiş şəxslə maraqlanıb təcili tibbi yardım çağırmaq istəsə də, Zərərçəkmiş şəxs icazə verməmiş və qohumuna zəng etmişdir. Zərərçəkmiş şəxs qohumu gəldikdən sonra 20 saylı tibb məntəqəsinə getmişlər və oraya gedən zaman Zərərçəkmiş şəxs mopedlə ağaca vurduğunu deyəcəyini bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs lazım olan tibbi ləvazimatları və dərmanları alaraq sonuncunu yaşadığı ünvana aparmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs 100 manat vermis və daha sonra mopedini 550 manata düzəltdirərək özünə təhvil vermişdir. Bir müddət sonra Zərərçəkmiş şəxs əlavə krediti olduğunu bildirmiş buna görə də, o əlavə olaraq 100 manat məbləğində pulu sonuncunun kartına göndərmişdir. Lakin sonradan Zərərçəkmiş şəxs mopedində problemlər olduğunu bildirmiş və təxminən 1 ay 20 gün sonra prokurorluğa şikayət etmişdir. İzahatının sonunda həyat yoldaşının uzun müddətdir ki, xərçəng xəstəliyindən əziyyət çəkdiyini, maddi vəziyyətinin yaxşı olmadığını bildirərək barəsində yüngül cəzanın təyin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən olunmuş qaydada xəbərdarlıq edilməsinə baxmayaraq Zərərçəkmiş şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə Zərərçəkmiş şəxs iştirakı olmadan baxılmasını mümkün hesab edir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə -Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” X3 tərəfindən verilən 76 saylı, xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, 2003-cü il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – sol aşıq-baldır oynağı nahiyəsinin əzilmiş yaranın izi olan çapığı, sağ mil-bilək oynağı nahiyəsinin, sağ budun, sol baldırın yaraların izləri olan piqmentasiya sahələri küt əşyanın (əşyaların) təsirindən onun tibbi yardım üçün müraciət etdiyi və qərarın təsviri hissəsinə göstərilən xx.xx.2023-cü il tarixdə əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yungul zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətin qərarın təsviri hissəsində göstərilən şəraitdə, yəni yol-nəqliyyat hadisəsi nəticəsində əmələ gələ bilməsi mümkündür. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı İlham Məmmədov tərəfindən qəbul edilmiş 28 mart 2024cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-22 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə iclasda iştirak edən şəxsi dinləyib, inzabati xəta haqqında iş üzrə materialları araşdırıb, sübutlara qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsi Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi DYPŞ YNH üzrə baş inspektoru X1 tərəfindən tərtib edilmiş 11 aprel 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və digər iş materialları ilə sübuta yetirilir. Məhkəmə Şəxs ilk dəfə inzibati məsuliyyətə cəlb olunduğunu onun məsuliyyətini yüngülləşdirən hal kimi qəbul edir. Məhkəmədə Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edərkən inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin şəxsiyyətini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 300 (üç yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsim qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar