Məhkəmə qərarları › İş №3(006)-1450/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1450/2020

13.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1450/2020 13.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi polis mayoru X1, Bakı şəhəri BPİ-nin DYP idarəsinə bilavasitə tabe olan Yol Patrul Xidməti alayı, Yol Patrul Xidməti inspektoru polis serjantı X2, Yol Patrul Xidməti alayı, Yol Patrul Xidməti baş inspektoru polis mayoru X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, subay, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsi 22-ci Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin sahə rəisi polis mayoru X4 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair protokol tərtib edilmişdir ona görə ki, o, xx.xx.2020-ci il tarixdə, saat 03:30 radələrində Bakı şəhəri, Nizami küçəsində hərəkətdə olarkən polis əməkdaşlarının qanuni tələbinə qəsdən məhəl qoymamışdır. Məhkəmə iclasında inzibati protokolu tərtib etmiş şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə rəisi polis mayoru X4 izahatında bildirdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 00:45 radələrində Bakı şəhəri, Nizami küçəsində hərəkətdə olarkən “Volkswagen” markalı, **-UG-*** dövlət qeydiyyat nişanlı avtomobil işıqforun qadağanedici nişanında keçmiş və saxla əmrinə tabe olmayaraq qaçmağa cəhd göstərmişdir. Sürücü Şəxs tutularaq polis şöbəsinə gətirilmiş, orada şəxsiyyəti müəyyən edilmiş və barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Bakı şəhəri BPİ-nin DYP idarəsinə bilavasitə tabe olan yol patrul xidməti alayı, yol patrul xidməti inspektoru polis serjantı X2 verdiyi ifadəsində bildirmişdir ki, Şəxs xx.xx.2020-ci il tarixdə “Volkswagen” markalı, **-UG-*** dövlət nömrə nişanlı avtomaşınla işıqforun qadağanedici nişanında Bakı şəhəri, Puşkin küçəsindən sola 28 may küçəsinə, daha sonra isə R.Behbudov küçəsinə dönmüş, hərəkətdə olarkən ictimai qaydanı və əhalinin dincliyini nümayişkəranə şəkildə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edərək, yol hərəkət qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq qərəzli hərəkətlərlə avtoxuliqanlıq etmiş etmişdir. Bu səbəbdən də Şəxs saxlanmış, lakin tabeçilik göstərmək istəməmiş, PPX əməkdaşlarının da köməkliyi ilə 22-ci polis bölməsinə aparılmışdır. Yoxlama zamanı məlum olmuşdur ki, sürücü güclü təsir göstərən narkotik vasitələr qəbul etmişdir. Şəxs izahatı alınmış və barəsində Azərbaycan Respublikası İXMnin 333.1-ci, 211.1-ci və 511.1-ci maddələri ilə inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhəri BPİ-nin DYP idarəsinə bilavasitə tabe olan yol patrul xidməti alayı, yol patrul xidməti baş inspektoru polis mayoru X3 yuxarıda göstərilən məzmunda izahat vermişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilərək verdiyi izahatında göstərmişdir ki, o, törətdiyi əməldən peşmandır. Hadisə vaxtı narkotik tərkibli dərmanın təsiri altında olmuşdur. Qeyd olunanları nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Bakı şəhəri BPİ-nin DYP idarəsinə bilavasitə tabe olan yol patrul xidməti alayı, yol patrul xidməti inspektoru M.Hüseynli tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə Şəxs törətdiyi əməli səmimi olaraq etiraf etdiyini, əməlindən peşman olduğunu məsuliyyətini yüngülləşdirən hallar kimi qəbul edir. Məhkəmə tərəfindənŞəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmadı. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar