Məhkəmə qərarları › İş №3(006)-1450/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1450/2021

29.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1450/2021 29.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X10 İdarəsi tərəfindən 12.03.2021ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası DİNnin Bakı şəhər X10 İdarəsi tərəfindən 12.03.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın edilməsi və günahkar şəxslərin məsuliyyətə cəlb edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 05.03.2021-ci il tarixdə saat təxminən 17:00-18:00 radələrində 3-cü mikrorayonda vətəndaş X8 idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq qəza vəziyyəti yaratmış və mənim idarə etdiyi “KİA Sportage” minik markalı, ** ES *** qeydiyyat nişanlı nəqliyyat vasitəsini vuraraq yolnəqliyyat hadisəsi törətmişdir. Yol-hərəkəti hadisəsi baş verdiyində qəzanı törətmiş şəxs onun qarşısını kəsmiş, o, idarə etdiyi avtomobili saxlayaraq düşmüş, həmin şəxs telefonla zəng edərək müvafiq icra hakimiyyəti orqanını məlumatlandırdığını və polisin yolda olduğunu ona bildirmişdir. O, avtomobildə bir müddət, təxminən 20 dəqiqə oturduqdan sonra polisin gəlmədiyini görərək 102 qaynar xəttə zəng etmiş və hadisə barədə xəbər vermişdir. Daha sonra polisin hadisə barədə məlumatlanmasından tam əmin olaraq, bir qədər gözlədikdən sonra əlaqə nömrəsini avtomobilin üzərinə yazıb, qəzanı törədən vətəndaşdan onu gözləməsini xahiş edərək təcili mağazaya gedib qayıdacağını bildirmişdir. Mağazadan qayıtdıqda həmin şəxsin getdiyini hadisə yerində nə polisin nə də başqa birinin olmadığını görmüşdür. Ətrafdakılardan soruşduqda hec kimin gəlmədiyini bildirmişlər. Dərhal 102 qaynar xəttə zəng edərək hadisəni olduğu kimi izah etmiş və lazımi qaydada məlumatlandırmışdır. Hadisədən bir neçə gün sonra X5 şikayəti üzrə polisə çağırılmışdır. Dərhal gedərək izahat vermişdir. Buna baxmayaraq polis əməkdaşı X4 düzgün olmayaraq hadisə yerindən yayınma ilə bağlı İXM-in 327.6-cı maddəsi üzrə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib etmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin “Nəqliyyat vasitələriniı sürücüləri tərəfindən yol hərəkəti qaydalarının pozulması” adlı 327-ci maddəsinin 6-cı bəndinə əsasən, Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə sürücü yüz manat məbləğində cərimə edilir. Bu maddənin əsas tələbi hadisə anından dərhal sonra və ya mümkün ən qısa zamaı ərzində yol nəqliyyat hadisəsi barədə dövlət (polis) orqanına hadisə barədə məluma verilməsidir. Həm polisə təqdim etdiyi izahatdan, həm 102 qaynar xəttə etdiyi zənglərdən, həm də kamera görüntülərinə baxılarsa məlum olar ki, hadisə yerindən yayınma halı mövcu deyil. Belə ki, qəzanı törədən şəxs (Quliyev F.Z) polisi çağırdığını dediyindən o, həmin anda deyil, şəxsin onu aldatdığı ona məlum olduğu anda polisə 2-ci dəfə zəng edərək məlumat vermişdir. Hadisə baş verdikdə nəqliyyat vasitəsini yerində tərpətmədən qəza işıq siqnalını yandırmaqla, özünü etdiyi zənglə polisin məlumatlanmasından və qəzanı törədən şəxsin polisə zəng etməsi barədə tam əmin edildiyindən əlaqə nömrəsini qoymaqla qısa müddətli hadisə yerində ayrılmağı yayınma niyyətinin olmadığını göstərən əyani sübutlardır. İnzibati orqanda aparılan araşdırma heç bir sübuta əsaslanmayan, natamam xarakter daşıyır. Belə ki, araşdırma yalnız birtərəfli və qərəzli aparılaraq, hadisə zamanı kamera görüntülərinə baxış keçirilmədən, izahatda qeyd etdiyi hallar, o cümlədən 102 qaynar xətt etdiyi zənglər nəzərə alınmadan inzibati xəta törətməyi nəticəsinə gəlinmişdir. Həmçinin qəzanı törədən şəxs Quliyev F.Z-nin polisi məlumatlandırmaq adı altında polisin rəsmi nömrələrinə deyil, hansısa bir əməkdaşa şəxsi qaydada zəng etməsi, kiminlə danışması araşdırılmamışdır. Göstərilənlərə əsasən şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 ərizəsində göstərilənlərlə eyni məzmunlu izahat verərək inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X10 İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Bakı şəhər DYPİ-nin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X10 İdarəsinin X2 ünvanladığı 01.05.2021-ci il tarixli məktubdan görünür ki, X5 05.03.2021-ci il tarixdə saat 17:00-18:00 radələrində 3-cü mikrorayonda hərəkətdə olarkən idarə etdiyi avtomobilini vuraraq hadisə yerindən yayınmış “Kia” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobil barədə Bakı şəhəri BPİ DYPİ-nin rəhbərliyinə ünvanladığı 06.03.2021-ci il tarixli müraciətinə əsasən qeyd olunan yol-nəqliyyat hadisəsi müvafiq qaydada sənədləşdirilərək, 05.03.2021-ci tarixdə X3 idarə etdiyi “Kia” markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən yol-nəqliyyat hadisəsi törədərək hadisə yerindən yayındığına görə 12.03.2021-ci il tarixdə barəsində əsaslı olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.6-cı maddəsi üzrə İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə qeyd edir ki, qanunvericiliyin tələblərini pozmaqla qəbul edilmiş inzibati xəta haqqında qərar əsassızdır, X1 İXM-nin 327.6-cı maddəsi ilə təqsirli olmasının sübuta yetirilməsi vəzifəsi inzibati xəta üzrə araşdırmanı həyata keçirən orqanın üzərinə düşür və K.M.Baxşəliyev öz təqsirsizliyini sübuta yetirməli deyil. İXM-nin 327.6-cı maddəsinə əsasən yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə - yüz manat məbləğində cərimə edilir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X10 İdarəsinə X3 tərəfindən verilmiş şikayətə baxılmasının vaxtı və yeri barədə bildirişlər göndərilsə də, onlar məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmiş və mübahisələndirilən qərarın qəbul edilməsinə əsas olmuş sənədlərin (inzibati xəta haqqında protokol, xüsusi texniki vasitə ilə çəkilmiş foto, video və sair materialları) məhkəməyə təqdim olunmasını təmin etməmişlər. Bununla da Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X10 İdarəsi X1 İXM-nin 327.6-cı maddəsində nəzərdə tutulan xətanı törətməsini, mübahisələndirilən qərarın qanuniliyini sübuta yetirməmişdir. Göstərilən əsaslara görə məhkəmə mübahisələndirilən qərarın ləğv edilməsi nəticəsinə gəlir. İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.3-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 115, 129, 130, 134.1.3 və 135.1.3-cü maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası DİN-nin Bakı şəhər X10 İdarəsi tərəfindən 12.03.2021-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və həmin inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar