Məhkəmə qərarları › İş №3(006)-1453/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1453/2022

06.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1453/2022 06.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X1 iştirakı ilə, "xxxx" MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, Ü.Hacıbəyov küçəsi, ev 62; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsi üzrə tərtib olunmuş 14.04.2022-ci il tarixli, EP ******* (00100-0752/22) saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində İXM-in 493-cü maddəsi ilə EP ******* (00100-0752/22) nömrəli, 14.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasının “Kreon Aydınlatma Sanayi ve ticaret” şirkətindən BE**********0042 saylı, 04.03.2022-ci il tarixli invoys sənədi ilə göndərilmiş yüklər 08AAR977/08K7295 nömrə nişanlı yük avtomaşınında 11.03.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən sözügedən mallara dair 15 gündən çox keçsə də şirkət tərəfindən gömrük bəyannaməsi təqdim edilməmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan hüquqi şəxs "xxxx" MMC-nin nümayəndəsi X2 izahat verərək bildirdi ki, "xxxx" MMC-nin ünvanına Türkiyə Respublikasının “Kreon Aydınlatma Sanayi ve ticaret” şirkətindən BE**********0042 saylı, 04.03.2022-ci il tarixli invoys sənədi ilə göndərilmiş yüklər 08AAR977/08K7295 nömrə nişanlı yük avtomaşınında 11.03.2022-ci il tarixdə Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən sözügedən mallara dair 15 gündən çox keçsə də şirkət tərəfindən gömrük bəyannaməsi təqdim edilməmişdir. Bu səbəbdən də Bakı Baş Gömrük İdarəsi tərəfindən "xxxx" MMC barəsində İXM-in 493-cü maddəsi ilə EP ******* (00100-0752/22) nömrəli, 14.04.2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolla razıdırlar. İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyəti orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə İnzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyəti orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Barəsində inzibati xəta haqqında icraat "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi BBGİnin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin təhqiqatçısı, gömrük xidməti baş leytenantı X3 tərəfindən tərtib edilmiş 14.04.2022-ci il tarixli, EP ******* (00100-0752/22) saylı inzibati xəta haqqında protokolla, gömrük bəyannaməsi və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan 08.03.2022-ci il tarixli, **********9572 saylı qısa idxal bəyannaməsindən görünür ki, Türkiyə Respublikasının “Kreon Aydınlatma Sanayi ve ticaret” şirkəti tərəfindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına göndərilən mallar 08.03.2022-ci il tarixdə ölkə ərazisinə gətirilsə də, həmin malların sənədləşdirilməsi lazım olan müddət ərzində həyata keçirilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsinə əsasən Gömrük bəyannaməsinin və onunla birgə təqdim edilməli olan sənədlərin Azərbaycan Respublikasının Gömrük Məcəlləsində müəyyən edilmiş müddətdə müvafiq icra hakimiyyəti orqanına təqdim edilməməsinə görə fiziki şəxslər əlli manat məbləğində, vəzifəli şəxslər yüz əlli manat məbləğində, hüquqi şəxslər üç yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 149.3-cü maddəsinə əsasən gömrük ərazisinə gətirilən mallara dair gömrük bəyannaməsi həmin mallar gömrük ərazisinə gətirilən yerdəki gömrük orqanına, daxili tranzit xüsusi gömrük proseduru həyata keçirildikdə isə təyinat gömrük orqanına təqdim edildiyi tarixdən 15 (on beş) gündən gec olmayaraq verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 49-51, 114-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: "xxxx" MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 493-cü maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 300 (üç yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar