Məhkəmə qərarları › İş №3(006)-1455/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1455/2023

19.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1455/2023 19.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndələri X9, X5 və X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili X3 iştirakları ilə, Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, S.Vurğun, ev 34, AF Mall, 19-cu mərtəbə; VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda Şəxs MMC tərəfindən X4 və digərlərinin sifariş etdiyi bağlamaların öncədən bəyan edilən müddətdə çatdırılmaması müəyyən edilmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X9 izahatında göstərdi ki, vətəndaş X8 xx.xx.2023-cü il tarixdə müraciət edərək göstərmişdir ki, Şəxs MMC-dən 60 dollar dəyərində iki ədəd bağlamanın gətirilməsinə görə sifariş vermiş, lakin uzun müddət keçməsinə baxmayaraq həmin bağlamaların gətirilməsinə cavabdehlik daşıyan Şəxs MMC öz öhdəliklərini yerinə yetirməmişdir. Eldar Mədətov qeyd olunan faktın araşdırılmasını və qanuni tədbirlərin görülməsini xahiş etmişdir. Qeyd edilmiş müraciət əsasında aparılmış araşdırma zamanı Şəxs MMC-yə rəsmi sorğu verilmiş və MMC tərəfindən verilmiş cavab üzrə qeyd olunmuşdur ki, həqiqətən də, mallar istehlakçılara çatdırılmamış və 10 mart 2023-cü il tarixədək həmin mallar istehlakçılara çatdırılacaqdır. Lakin həmin mallar bugünədək istehlakçılara çatdırılmamışdır. Hal-hazırda kütləvi olaraq istehlakçıların narazılığı və şikayətləri vardır. Qeyd olunmalıdır ki, Şəxs MMC ilə istehlakçılar arasında onlayn razılıq olmuşdur. Belə ki, istehlakçılar bağlamaların pulunu ödədikdən sonra həmin bağlamaların Şəxs MMC vasitəsilə gətirilməsinə onlayn qaydada razılıq verir. Qeyd olunan fakt isə istehlakçılarla Şəxs MMC arasında olan razılığı ifadə edir. Qeyd olunan faktlar əsasında müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinin tələbləri pozulmuşdur. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X5 izahatında göstərdi ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Şəxs MMC öz saytında xidmətin 1-7 gün ərzində yerinə yetirildiyini bildirməklə istehlakçılara keyfiyyətli xidmət təklif edir. Lakin istehlkaçılara bugünədək sifariş etdiyi mallar təqdim olunmamışdır. Qeyd olunan fakt isə Şəxs MMC tərəfindən istehlakçılara keyfiyyətli xidmətin göstərilməməsini təsdiq edir. Bununla da, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsinə əsasən məsuliyyət yaranır. Belə ki, xidmətin istehlak xüsusiyyətlərinə və keyfiyyətinə dair aldatma dedikdə istehlakçıya xidmətin bu və ya başqa xüsusiyyətləri barədə yalnış və yaxud natamam yalnış məlumatların verilməsi başa düşülür. Burada da Şəxs MMC yalnış məlumat verməklə istehlakçılara lazımı olmayan xidmət göstərmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin nümayəndəsi X6 tərəfindən tərtib edilmiş protokolu müdafiə edərək Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin vəkili X7 izahatında göstərdi ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən baş vermiş inzibati xəta üzrə araşdırma aparılarkən əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs MMC-nin rəhbəri tərəfindən verilmiş məlumata əsasən MMC tərəfindən X1 yerləşən anbardan malların gətirilməsi iki hava yolları şirkəti vasitəsilə həyata keçirilmişdir. Həmin hava yolları şirkətlərindən biri ilin ilk 6 ayında, digəri isə ilin ikinci 6 ayı ərzində malların gətirilməsini həyata keçirmişdir. Lakin həmin şirkətlərdən biri olan “Silk Way” şirkəti Şəxs MMC-yə problemlər yaradaraq malların gətirilməsini təmin etməmişdir. Daha sonra “Silk Way” şirkəti ilə Şəxs MMC arasında olan promlem aradan qaldırılsa da, X1 yerləşən anbarın rəhbəri malların uzun müddət anbarda qalmasına görə külli miqdarda cərimə tətbiq etmişdir. Qeyd olunan cərimənin ödənilməsi isə Şəxs MMC-yə çətinlik yaratmışdır. Hal-hazırda Şəxs MMC-nin rəhbəri həmin malların gətirilməsi üçün çalışır. İstehlakçıların narahatlığı və şikayətləri başa düşülən olsa da, Şəxs MMC-nin inzibati məsuliyyətə cəlb edilməklə cərimə edilməsi məsələnin mahiyyəti üzrə həlli yolu deyildir. Bundan əlavə, Şəxs MMC ilə istehlakçılar arasında xidməti razılıq olsa belə, istehlakçılar tərəfindən xidmətin göstərilməsi üçün hər hansı ödənişin edilməsi öz təsdiqini tapmamışdır. Bu da Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibinin olmaması anlamına gəlir və belə olan halda onun məsuliyyətə cəlb edilməsi qanunvericilik çərçivəsində mümkünsüzdür. Qeyd olunmuş bütün bu məsələlər işin obyektiv və geniş araşdırmasını tələb edir. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş edir. İş materiallarında olan X4 və digərlərinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə elektron formada etdikləri müraciətlərindən görünür ki, vətəndaşlar tərəfindən müxtəlif vaxtlarda ödənişi öncədən edilməklə sifariş edilmiş mallar göstərilən müddətdə onlara təhvil verilməmiş, bununla bağlı bir neçə dəfə Şəxs MMC-yə müraciətlər edərək öz iradlarını bildirmələrinə baxmayaraq şirkət tərəfindən gecikmə ilə bağlı heç bir dəqiq məlumat verilməmişdir. Qeyd olunanlar əsas gətirilərək, vətəndaşlar sözügedən MMC tərəfindən özlərinin istehlakçı hüquqlarının pozulduqlarını iddia edir, malların ən qısa müddətdə onlara təhvil verilməsinə qanunvericiliyə uyğun olaraq müvafiq köməklik göstərilməsini xahiş edirlər. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola görə Bakı şəhəri, Nəsimi rayonu, ünvan 2 ünvanda yerləşən Şəxs MMC-də X4 və digərlərinin sifariş etdiyi bağlamaların öncədən bəyan edilən müddətdə çatdırılmaması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsi istehlakçıların hüquqlarının pozulmasına, yəni mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılmasına görə inzibati məsuliyyət nəzərdə tutur. Həmin maddənin “Qeyd” hissəsinə əsasən bu Məcəllənin 447.0.1-ci maddəsində “az miqdarda” dedikdə, üç yüz manatdan yuxarı olmayan məbləğ başa düşülür. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən istehlakçı satıcıdan (istehsalçıdan, icraçıdan) alınmış malın (görülmüş işin, göstərilmiş xidmətin) keyfiyyətinin normativ sənədlərə, müqavilə şərtlərinə uyğunluğu barədə və həmçinin mal (iş, xidmət) haqqında satıcının (istehsalçının, icraçının) təqdim etdiyi məlumata cavab verməsini tələb etmək hüququna malikdir. Satıcı (istehsalçı, icraçı) istehlakçıya keyfiyyəti normativ sənədlərə, müqavilə şərtlərinə və həmçinin mal (iş, xidmət) haqqında istehsalçının (icraçının) təqdim etdiyi məlumata uyğun olan mal verməlidir. Həmin Qanunun 9-cu maddəsinə əsasən icraçı iş görülməsinə və xidmət göstərilməsinə dair müqavilənin icrasına vaxtında başlamırsa və ya çox ləng işləməsi işin vaxtında başa çatmamasına dəlalət edirsə, istehlakçının müqavilədən imtina etmək və itkilərin ödənilməsini tələb etmək hüququ vardır. İşlərdə (xidmətlərdə) müqavilə şərtlərindən əhəmiyyətli dərəcədə kənara çıxıldıqda, yaxud başqa mühüm qüsurlar olduqda istehlakçı həmin qüsurları aradan qaldırmaq üçün icraçıya əlavə müddət verərsə, bu müddətdə də iş (xidmət) yerinə yetirilməzsə, müqavilənin ləğv olunmasını və itkilərin ödənilməsini tələb etmək və ya icraçının hesabına qüsurların aradan qaldırılmasını üçüncü şəxslərə tapşırmaq hüququ var. İcraçı istehlakçıdan qəbul etdiyi əşyanı (materialı) itirdikdə, korladıqda, zədələdikdə istehlakçıya özünün keyfiyyətcə və qiymətcə oxşar əşyasını qaytarmalı (iş görməli və xidmət göstərməli), bu mümkün olmadıqda istehlakçının razılığı ilə əşyanın (materialın) dəyərini və dəymiş itkiləri ona bir aydan gec olmamaq şərti ilə ödəməlidir. Məhkəmə, iş materiallarını araşdırıb və proses iştirakçılarının izahatlarını dinləyib hesab edir ki, qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinin Şəxs MMC tərəfindən pozulması, yəni “mal satan və ya əhaliyə xidmət göstərən şəxslər tərəfindən malın (xidmətin) ölçüsünə, çəkisinə, hesabına, habelə istehlak xüsusiyyətinə və ya keyfiyyətinə dair istehlakçıların az miqdarda aldadılması” tam sübuta yetirilir. Buna görə də şirkət Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmçinin bu Məcəllənin 84-cü maddəsinə görə inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Hüquq normaları ictimai münasibətlərdən irəli gələn hüquq münasibətlərinin tənzimlənməsinin əsasını təşkil edir. Belə münasibətlərin reallaşdırılmasının özülü kimi qiymətləndirilən hüquq normaları özundə dövlətin iradəsini əks etdirir və hüquq subyektlərinin qarşılıqlı hüquq və vəzifələrini müəyyənləşdirir. Qeyd edilməlidir ki, fərdin hüquq normalarında nəzərdə tutulan tələb və göstərişlərə zidd davranışı ictimai zəruri və faydalı hesab edilməyən hərəkəti kimi hüquq pozuntusu olmaqla cəmiyyət və dövlət qarşısında muvafiq məsuliyyətin yaranması ilə nəticələnir. Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə görə Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.8-ci maddəsinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hüquqi müəyyənliyə dair tələblər hüququn üstünlüyü, normativ-hüquqi aktların hüquqa və haqqədalətə əsaslanmasına dair konstitusiya prinsiplərindən irəli gəlir. Konstitusiya Məhkəməsinin hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti barədə formalaşdırdığı hüquqi mövqeyinə görə hüquqi müəyyənlik prinsipi hüququn aliliyinin əsas aspektlərindən biri kimi çıxış edir. Hər bir qanunun və ya onun hər hansı bir müddəasının hüquqi müəyyənlik prinsipinə cavab verməsi olduqca vacibdir. Konstitusiya Məhkəməsinin Plenumu bir daha vurğulayır ki, qanunverici orqan tərəfindən hər hansı bir inzibati xətaya görə inzibati tənbeh növü müəyyən edilərkən Konstitusiyada öz əksini tapan qanunun aliliyinin tərkib hissəsi olan mütənasiblik və tarazlıq prinsipləri də nəzərə alınmalıdır.” Məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci və 9-cu maddələrinin tələbləri kobud surətdə pozulmuşdur. Şəxs MMC və istehlakçılar arasında olan razılaşma onlayn qaydada olduğundan istehlakçılar tərəfindən hər hansı xidmətin edilməsi məqsədilə Şəxs MMC-yə əvvəlcədən ödənişlərin edilməməsi hüquqi aspektdən MMC-nin məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. Belə ki, Şəxs MMC və istehlakçılar arasında ödənişlərin əvvəlcədən və ya sonradan edilməsi ilə bağlı hər hansı razılaşma olmamış, lakin Şəxs MMC-nin müəyyən müddət ərzində istehlakçıların sifarişlərini çatdırmaqla bağlı öhdəliyi olmuşdur. Lakin Şəxs MMC tərəfindən öhdəlik icra edilməmiş və uzun müddət keçməsinə baxmayaraq istehlakçıların malları çatdırılmamışdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə görə hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Şəxs MMC-nin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs MMC-nin törətdiyi inzibati xətanın xarakterini, inzibati xəta nəticəsində onun maraqlarının təmin edilməsinin dərəcəsini, hüquqi şəxsi xarakterizə edən halları və s. nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş cərimə tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 4.000 (dörd min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar