Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1457/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (bundan sonra İXM) 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsindən daxil olmuş inzibati xəta haqqında iş üzrə materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 09 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər aidiyyəti üzrə baxılması üçün Binəqədi Rayon Məhkəməsindən Nəsimi Rayon Məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, 09.03.2022-ci il tarixdə, saat 16:13-də Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Bakı-Duz 1 ünvanında yerləşən obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı Şəxs tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, mallara dair yazılı və şifahi izahat verilməmiş, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirməyə şərait yaradılmamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilməsinə dair protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş protokol əsassız olmaqla iş üzrə icraata xitam verilməlidir. Belə ki, 09.03.2022-ci il tarixdə, saat 16:13-də müvafiq orqanın əməkdaşları tərəfindən ona zəng edilmiş və o iş vaxtı olmadığını bildirmiş, daha sonra onlar arasında olan bir neçə telefon danışığı zamanı ona anbarda malları saymağa gəldiklərini bildirmişlər. O isə malları saymaq üçün Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən inventarizasiya qərarının təqdim edilməsinin zəruri olduğunu bildirmişdir. Ona bir gün sonra, yəni 10 mart 2022-ci il tarixdə, saat 15:18-də inventarizasiya qərarını onlayn kargüzarlıq vasitəsilə göndərmişlər və o həmin qərarı saat 16:22-də oxuyaraq rəsmi olaraq həmin qərarla 10 mart 2022-ci il tarixdə tanış olmuşdur. O qərarı oxuduqdan sonra vergi orqanının əməkdaşına zəng edib qərarda inventarizasiya barədə qeydlərin olmadığını bildirmişdir. Həmin qərarla yalnız cari fəaliyyəti yoxlamaq üzrə verilmiş səlahiyyətlərdən kənara çıxa bilinməsinin mümkünsüz olduğunu qeyd etmişdir. O həmin qərarla onlara göndərilən tələbnamə üzrə lazım olan məlumatları, yəni izahatı onlayn kargüzarlıq vasitəsilə vergi orqanına təqdim etmişdir. Bütün bunlara baxmayaraq, vergi orqanının əməkdaşları qərarı ona rəsmi təqdim etdikləri tarixdən təxminən iki dəqiqə əvvələ inzibati xəta haqqında protokolu onlayn kargüzarlıq sistemində qeyd etmiş və həmin protokol bir gün əvvəlki tarixdə, yəni 09 mart 2022-ci il tarixdə tərtib edilmişdir. Göründüyü kimi, həmin protokolun tərtib edilməsi qərəzli mövqeyin nəticəsidir. Belə ki, vergi orqanı əməkdaşları 09 mart 2022-ci il tarixdə ona zəng edərək axşam saatlarında ona məxsus anbarın qarşısında olduqlarını bildirmiş, halbuki anbarın bağlı olduğu və iş vaxtı olmadığını əvvəlcədən bilmişdirlər. Vergi orqanı əməkdaşları ona zəng edərək şifahi məlumat versələr də, qeyd olunan yoxlamanın artıq mümkünsüz olmasını bilərək yoxlamadan onun imtina etməsi görüntüsü yaratmışlar. Halbuki, onun tərəfindən yoxlamadan imtina edilməsi təşəbbüsü olmamış, yalnız inventarizasiya qərarının təqdim edilməməsi probleminin həlli üçün öz tələbini irəli sürmüşdür. Qərar ona 10 mart 2022-ci il tarixdə təqdim edildiyindən 11 mart 2022-ci il tarixdə vergi orqanı əməkdaşlarının iştirakı ilə anbarda yoxlamanın aparılması üçün bütün şərait yaradılmış, tələb olunan sənədlər təqdim edilmişdir. Bundan əlavə, əvvəlcədən onun anbarında inventarizasiya aparılması məqsədilə onlayn sistem vasitəsilə vergi orqanına özləri müraciət etmişdir ki, qeyd olunan fakt onların hər hansı yoxlamadan imtina etməsinə hər hansı səbəb olmadığını sübut edir. Göstərilənlər nəzərə alınmaqla iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsaslanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə inzibati xətalar haqqında işlər üzrə icraatın iştirakçısını dinləyib, məhkəməyə təqdim edilmiş sənədləri tədqiq edib, material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs hərəkətlərində Azərbaycan Respublikası İXM-in 602.4-cü maddəsinin tərkibi aşkar edilmədiyindən iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş onlyan kargüzarlığa dair çıxarşın surətindən görünür ki, operativ vergi nəzarəti tədbiri ilə əlaqədar sənədlərin təqdim edilməsi haqqında sənəd 10 mart 2022-ci il tarixdə, saat 15:10-da müvafiq orqan tərəfindən göndərilmişdir. İş materiallarında olan sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri çıxarışından və “Operativ vergi nəzarətinin həyata keçirilməsi haqqında” 09.03.2022-ci il tarixli, **********3139 nömrəli qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Bakı-Duz 1 ünvanında yerləşən obyektdə 09.03.2022-ci il tarixdən 07.04.2022-ci il tarixədək plandankənar (növbədənkənar) yoxlama aparılması qərara alınmışdır. İş materiallarında olan 09 mart 2022-ci il tarixli aktdan görünür ki, Binəqədi rayonu, M.Ə.Rəsulzadə ŞTQ, Bakı-Duz 1 ünvanında yerləşən obyektdə operativ vergi nəzarətinin həyata keçirilməsi zamanı Şəxs tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlər təqdim edilməmiş, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirməyə şərait yaradılmamışdır. Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsinə əsasən Sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə - vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. İnzibati xəta haqqında iş üzrə icraatın başlanması barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs rəsmi qaydada məlumatlandırılmamış, o, dəvət edilməmiş, izahatı alınmamışdır. İXM-nin 31.1.2-ci maddəsinə əsasən izahat vermək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin hüququdur. İXM-nin 61.3-cü maddəsinə əsasən İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun. İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Azərbaycan Respublikası İXM-nin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İXM-in 53.1, 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-in 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətdiyinə görə barəsində inzibati protokol tərtib edilmişdir, lakin məhkəmə iclasında dindirilmiş şəxsin izanatından və iş materiallarında görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən inzibati xəta haqqında protokolun tərtib edildiyi 09 mart 2022-ci il tarixdə rəsmi qaydada məlumatlandırılmamış, yəni ondan Azərbaycan Respublikası İXM-nin 602.4-cü maddəsində nəzərdə tutulmuş yoxlama prosesində yoxlamaya aid sənədlərin təqdim edilməsi, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməsi, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə baxış keçirilməsi ondan tələb olunmamış, yalnız 10 mart 2022-ci il tarixdə müvafiq operativ vergi nəzarətinin həyata keçirilməsinə dair rəsmi sənədlər təqdim edilmişdir. Göstərilənlərə əsasən Şəxs əməlində inzibati xəta tərkibi aşkar edilmədiyindən, barəsində tərtib olunmuş 09 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-nin 40.0.1, 43, 48-51, 53, 55, 114.1.4, 115, 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi aşkar edilmədiyindən barəsində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib olunmuş 09 mart 2022-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol əsasında başlanılmış iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində həmin qərarı qəbul etmiş hakim vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1457/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1457/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver