Məhkəmə qərarları › İş №3(006)-146/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-146/2022

21.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-146/2022 21.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, qərarından şikayət verilmiş Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3, şikayətçi X1 nümayəndəsi və vəkili müdafiəçisi fərdi qaydada fəaliyyət göstərən vəkil X4 iştirakları ilə, Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X6 tərəfindən fərdi sahibkar (VÖEN: **********) onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, 17.12.2021-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarına əsasən, 1,550.00 ABŞ dolları məbləğində inzibati tənbeh olunmuşdur. İnzibati tənbeh vermə haqqında qərarın müəyyən etdi hissəsində göstərilmişdir ki, o, 400 000 ABŞ dolları məbləğində olan vəsaiti Bank hesabından 04.11.2019-cu il tarixində respublikadan kənara qabaqcadan ödəniş etməklə, köçürmüşdür. Ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də 15,500.00 ABŞ dolları məbləğində vəsait hesabına alman mallar (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmənin diqqətinə çatıdırır ki, o, fərdi sahibkar olaraq, ölkəmizdə qeyri-neft sektorunun inkişafına töhvə vermək məqsədilə, uzun illərdir ölkə ərazisində tərəvəz istixanalarının quraşdırılması və istismarı fəaliyyəti ilə məşğul olur və ölkə xaricinə böyük həcmdə məhsullar ixrac edirik. Biznes fəaliyyətini genişləndirmək məqsədilə, kənd təsərrüfatının inkişafı üçün Sahibkarlığa açılmışdır. Bundan sonra, yüksək məhsuldarlığa nail olmaq və böyük həcmli istixana təsərrüfatının beynəqlxalq standartlara cavab verən şəkildə qurulması məqsədilə, bu sahədə ixtisaslaşdırılmış və xarici tərəfdaşlardan olan "xxxx" Şirkəti ilə əməkdaşlığa başlanılmış və 16.08.2019-cu il tarixində onlarla mal və xidmətlərin göstərilməsi barədə əməkdaşlıq müqaviləsi bağlanmışdır. Həmin Şirkətin görəcəyi işlər üçün 04.11.2019-cu il tarixində növbəti dəfə, 400 000 ABŞ dolları vəsait göçürülmüşdür. İşlərin əsas mahiyyətində həm mal və əmtəələrin ölkəyə daxil olması, mütəxəssilərin bu işlərə cəlb edilməsi və işlərin mərhələsindən asılı olaraq, quraşdırma montaj və sonrakı mərhələdən istifadəyə başladıqdan sonra bir müddət də servis xidmətindən ibarət olub, işlər 30 avqust 2020-ci il ayına kimi tamamlanmalı idi. Əməkdaşlıqlarının öz axarı ilə getdiyi bir vaxtda 2020-ci ilin əvvəlindən başlayan “Covid- 19” virusu və pandemiya vəziyyəti ilə əlaqəcar, işlərində uzun fasilə yaranmağa başladı, sərhədlər bağlandı və kənd təsərrüfatı mütəxəssislərinin ölkəyə girişi-çıxışında ciddi məhdudiyyətlər yarandı. Məsələnin, ən problemli tərəfi onlar üçün o oldu ki, tərəfdaşları olan Şirkətin paıtnyoru olduğu “Kreditinvest” Kommersiya Bankı, Rusiya Bankının 15.11.2019-cu il tarixli, 260 saylı Əmrinə əsasən, bank əməliyyatlarını aparmaq üçün lisenziyası ləğv edilmiş və 11.01.2020-ci il tarixli Dağıstan Respublikası Arbitraj Məhkəməsinin 11.01.2020-ci il tarixli qərarı ilə bankın məcburi ləğvetmə proseduruna başlanılmışdır. Nəticədə, onlar tərəfindən 21 oktyabrdan başlayaraq aralıq tarixlər üzrə köçürülmüş pullar ləğvedici funksiyasını icra edən Əmanətlərin Sığortalanması Agentliyi tərəfindən dondurulmuşdur. Göründüyü kimi, bir tərəfdən pandemiya vəziyyəti ilə fors major halının yaranması, tərəfdaş şirkətin partnyor bankla bağlı mövcud maliyyə çətinlikləri səbəbindən işlərin tam şəkildə təhvil verilməsi, ən əsası da Covid-19 bəlasının davam etmə risklərini nəzərə alaraq, əməkdaşlıq müqaviləsinin icra müddətini 2023-ci il tarixinədək uzatmaq məcburiyyətində qalmışlar. Ancaq, bütün çətinliklərə baxmayaraq, bugünə olan reallıq ondan ibarətdir ki, bütün güc və qüvvələrini səfərbər edərək işlərinin 70 faizdən çoxu görülmüş və digər işlərin də tamamlanması istiqamətində işlər getməkdədir. Qeyd olunan bütün xüsusatlar barədə Mərkəzi Bank rəhbərliyi və aidiyyatlı əməkdaşları ilə videokonfrans formatında inzibati xəta icraatna baxılarkən diqqətə çatdırılmış və bütün zəruri sənədlər həm yerli bank, həm də tərəflərindən təqdim edilmişdir. Lakin, bütün hallara və ən əsası işlərin tam təhvil verilməsi üçün mal və xidmətlərdə çatışmamazlıqlarda onun bir sahibkar olaraq, təqsirli olmamasına baxmayaraq, səlahiyyətli dövlət orqanı tərəfindən barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. Hesab edir ki, gördükləri işin davam edən xarakterə malik olması, işlərin böyük hissəsinin görülməsi, müqavilə üzrə işlərin icra müddətinin uzadılması, dünyada baş verən pandemiya şəraitini, eləcə də qüvvədə olan qanunvericiliyin tətbiqi barədə AR Konstitusiya Məhkəməsinin 19.12.2019-cu və 28.02.2020-ci il tarixli qərarlarını nəzərə alaraq, barəsində qəbul edilmiş inzibati tənbeh qərarı ləğv edilməli və inzibati xəta haqqında icraata xitam verilməlidir. Göründüyü kimi, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə yuxarıda qeyd edilən normaların tələbləri baxımından məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Belə ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habciə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla bairəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X7 tərəfindən fərdi sahibkar (VÖEN: **********) onun barəsində AR İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, 17.12.202l-ci il tarixli MN № ******* inzibati tənbeh vermə haqqında qərarını ləğv edib, inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçinin vəkili N.V.Əzizli şikayəti müdafiə edərək bildirmişdir ki, Qeyri-Neft sektorunun inkişafı ilə bağlı dövlət tərəfindən hüquqlarını təmsil etdiyi T.Ə.İsmayılovaya isitiliklərin quraşdırılması üçün ayrılmış, T.İsmayılova həmin istiliklərin avadanlığının alınması, quraşdırılması və sonradan həmin istiliklərə servis xidmətin görülməsi üçün müqavilə bağlamış, həmin müqavilə əsasında müəyyən pul köçürmələri olmuşdur. Həmin köçürülmüş pul vəsaitləri müqabilində işlərin 70%-i görülmüşdür. Yerdə qalan 30%-i isə Dünyada yaranmış Pandemiya şəraitinə əsasən gecikməyə səbəb olmuşdur. Həmin iş üzrə əsas avadanlıqlar ölkəyə gətirilmiş və quraşdırılmışdır. Hal hazırda köçürülmüş vəsaitin hesabına qarşı tərəfdən həmin avdanlıqların quraşdırılması və quraşdırma zamanı bəzi avadanlıqların ölkəyə gətirilməsi qalmışdır. Belə ki, həmin avadanlıqları əvvəlcədən ölkəyə gətrildiyi halda quraşdırmaya kimi keyfiyyətini itirdiyindən, yalnız həmin avadanlıqlar ölkəyə yalnız quraşdırma işləri aparılarkən gətirilməlidir. Bundan başqa, birinci köçürülən pulun real sektora aid olması, sonradan pandemiyanın olması fors major olması səbəbindən qarşı tərəflə müqavilə müddətini 2023-cü ilədək uzatmışlar. Həmin göstərdiyi hal müqaviləyə əlavə olunmuşdur. Demək olar ki, həmin şirkət tərəfindən xidməti işlər qalıbdır. Həmçinin bildirir ki, burada işin icrasının davam etməsi halı var, bununla bağlı Plenumun qərarı var, ECM-qarşısında öhdəlikləri var. Hətta onlara da pandemiya şəraitinin düşməsi ilə bağlı öhdəliyin yerinə yetirilməsi üçün vaxtı uzadıblar. O, həmçinin bildirmişdir ki, köçürmələr «Xalq Bank» tərəfindən həyata keçirilmişdir. Qarşı tərəfin hesabı olduğu bank isə hal-hazırda bağlandığından onların bəzi problemləri yaranmışdır. Müqavilənin özündə xidmətlər göstərilib, həmin müqavilə bağlanan şirkət istiliklərin quraşdırılmasında böyük nüfuza malik olan bir şirkətdir. Həmin şirkətin hesabları olan bank bağlanmışdır. Həmin şirkət pulunu alıb işini görə bilmirsə bunun məsuliyyətini onlar daşımamalıdır. Həmin şirkət bu günədək konstruksiya və montaj işlərini görmüşdür. Təqribən müqavilə şərtləri üzrə 30% işin həcmi görülməmişdir. Həmin halı təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Bundan başqa, N.V.Əzizli məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, elə mallar var ki, onlara xidmətlə bir yerdə daxil olmalıdır. Həmin mallar əvvəl gətirildiyi halda xarab olur və onların istifadəsi yararsız olur. Xidmətlər isə pandemiya şəraitinə görə müqavilə öhdəliyi götürən şəxs tərəfindən təmin edilə bilməmişdir. Onların münasibətləri davam edən münasibətlərdir. Bununla bağlı da Konstitusiya Məhkəməsinin qərarı vardır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi F.F.Yadigarov şikayətlə razılaşmayaraq bildirmişdir ki, şikayətçi tərəfindən toplam olaraq 1.000.000 ABŞ dollar vəsait köçürülmüşdür. Həmin köçürmələr əsasında Mərkəzi Bank tərəfindən araşdırma aparılarkən şikayətçi tərəfindən təqdim olunmuş bütün bəyamnamələr, xidmətlərlə bağlı sənədlər araşdırılaraq hüquqi qiymət verilmişdir. 78.908 ABŞ dollarlıq bir, 68.000 ABŞ dollarlıq bir bəyamnamə təqdim olunmuş, bundan əlavə 384.000 ABŞ dollarlıqda xidmətin göstərilməsinə dair zəruri sənədləri nəzərə alınmışdır. Ümumilikdə 532.322 ABŞ dollarını qəbul etmiş, yerdə qalan 467.678 ABŞ dolları ilə bağlı hər hansı bir sənəd təqdim olunmadığından barələrində protokol tərtib olunmuş və şirkət ümumilikdə 46.000 ABŞ dolları həcmində Mərkəzi Bank tərəfindən cərimə olunmuşdur. Bundan başqa, o bildirmişdir ki, pandemiya şəraiti ilə əlaqədar mallar ölkəyə daxil olmamışdır. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmamasını xahiş edirik. Bundan başqa, F.F.Yadigarov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, həmin davam edən münasibətlər xüsusi məhsullara aiddir. Bunlar neft məhsulları, digər stateji məhsullara aiddir. Həmin şirkətin gördüyü işlər, gətirdikləri məhsullar həmin siyahıya aid deyildir. Ona görə də davam edən münasibətlər buna şamil oluna bilmir. Məhkəmə proses iştirakçılarının izahatlarına və digər sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 14 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, T.Ə.İsmayılova 400.000,00 ABŞ dolları məbləğində vəsaiti 04 noyabr 2019-cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 400.000,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 05 noyabr 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, T.Ə.İsmayılova Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından görünür ki, T.Ə.İsmayılova 400.000,00 ABŞ dolları məbləğində vəsaiti Bank hesabından 04 noyabr 2019-cu il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüşdür. Ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçsə də, 15.500,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidməti) idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə T.Ə.İsmayılova Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, bəyan olunmayan 15.500,00 ABŞ dollarının 10%-i həcmində 1.550 ABŞ dolları məbləğində cərimə edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, T.Ə.İsmayılova 400.000,00 ABŞ dolları məbləğində vəsaiti bankda olan hesabından 04 noyabr 2019-cu il tarixdə 16 avqust 2019-cu il tarixli, № 18-06 saylı müqaviləyə invoysa əsasən Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin köçürmənin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçsə də, 15.500,00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidməti) idxalını təsdiq edən sənədlər banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Nəticədə T.Ə.İsmayılova Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinərək, bəyan olunmayan 15.500,00 ABŞ dollarının 10%-i həcmində 1.550 ABŞ dolları məbləğində cərimə edilmişdir. Məhkəmə qeyd olunanlara əsasən, həmçinin işin faktiki hallarına və hazırki şikayətin əsaslandırıldığı dəlillərə qiymət verərək hesab edir ki, şikayətçi T.Ə.İsmayılovanın şikayətində qeyd etdiyi hallar özünümüdafiə xarakteri daşıyır, işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Məhkəməyə və Mərkəzi Banka təqdim edilmiş müqavilələr isə T.Ə.İsmayılova tərəfindən 15.000,00 ABŞ dolları məbləğində vəsaitin xaricdən geri qaytarılmasını heç bir formada təsdiq etmir. Belə ki, Azərbaycan Respublikasından Dövlət Gömrük Komitəsinin sədrinin 17 iyun 1998-ci il tarixli, 027 saylı əmri ilə təsdiq edilmiş “Yük gömrük bəyannamələrinin doldurulması” Qaydalarının 20-ci qrafasına əsasən, birinci və ikinci yarımbölmə malların ixracında olduğu kimi doldurulur. Bu qrafanın üçüncü yarımbölməsi aşağıdakı qaydada doldurulur: «100» - malın dəyəri əvvəlcədən ödənilmişdir; «110» - malın dəyərinin bir hissəsi əvvəlcədən ödənilmişdir; «120» - malın dəyəri ödənilməmişdir; «130» - mal kredit hesabına idxal olunur; «200» - malın dəyəri kredit hesabına əvvəlcədən ödənilmişdir; «210» - malın dəyərinin bir hissəsi kredit hesabına əvvəlcədən ödənilmişdir; «220» - malın dəyərinin ödənilməsi üçün akkreditiv açılmışdır. Əgər mallar kredit hesabına gətirilərsə, belə hallarda yuxarıda göstərilən rəqəmlərin (sözlərin) - kodların əvəzinə ayrılmış kredit əsasında hər bir ay üzrə bank tarif dərəcəsinin faizi yazılır. Azərbaycan Respublikasının Mərkəzi Bankının 28 noyabr 2016-cı il tarixli, 45/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyrirezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın 4.3.1.3-cü maddəsinə əsasən, qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, T.Ə.İsmayılova tərəfindən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə müvafiq malların ölkəyə idxal edilməməsi, işlərin görülməməsi və xidmətlərin göstərilməməsi, ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmaması Azərbaycan Respublikasının Mərkəzi Bank tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının İXM-nin 430.4-cü maddəsinin tələbinin pozulması kimi qiymətləndirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 dekabr 2021-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan T.Ə.İsmayılovanın verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Mərkəzi Bankının 17 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar