Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1460/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1 iştirakı ilə, X1 Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 05.11.2022-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Nəsimi rayon Polis İdarəsinin 22ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 05.11.2022-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, 03.11.2021-ci il tarixində 28 MALL ticarət mərkəzində olarkən maska taxmışdır, bununla yanaşı daimi taxmalı olduğu görmə əngəlinə qarşı eynək də istifadə edir, mülki geyimdə olar bir şəxsin və bir polis əməkdaşının telefon ilə ətrafda insanların şəklini çəkdiyinin şahidi olmuşdur və bu an mülki geyimdə olan şəxs onu səsləyərək yaxınlaşmağını və özünü təqdim etməyini tələb etmişdir və 22-ci polis bölməsinin əməkdaşı olduğunu bildirmişdir. O, özünü təqdim etdikdən sonra maskası ilə bağlı irad bildirdiyində izah etməyə çalışmışdır ki, maska ilə yanaşı eynək də istifadə etdiyi üçün eynəklərinin buxarlanması səbəbindən bəzən bir qədər maskanı aşağı etmək məcburiyyətində qalır. Və əlavə olaraq niyə hər kəsin şəklini çəkdikləri ilə maraqlanmışdır. Həmin an polis ona inzibati xəta haqqında protokol tərtib ediləcəyini və şəkillərin də sübut məqsədilə çəkildiyini və protokola əlavə ediləcəyini, həmin qərardan şikayət edə biləcəyini bildirərək ondan uzaqlaşmış və onun məsələni aydınlaşdırıb, əlavə bir qeyd etməyinə imkan yaratmamışdır. Ona heç bir sənəd təqdim edilmədiyi üçün elə həmin gün bölməyə yaxınlaşaraq müvafiq protokolun nüsxəsini əldə etməyə çalışsa da mümkün olmamışdır. Belə ki, polis bölməsində ona sənədin təqdim olunacağı bildirilsə də, hazırki tarixədək də heç bir sənəd təqdim edilməmişdir. 05.11.2021ci il tarixində ona məlum olmuşdur ki, “Asanpay” platformasında haqqında 100 manat məbləğində cərimə mövcuddur və bu barədə şikayətini platforma üzərindən 07.11.2021-cil il tarixində bildirmişdir. 30 iş günündən daha çox keçdikdən və heç bir cavab almadıqdan sonra 03.01.2022-ci il tarixində yenidən platforma üzərindən müraciət etmiş və bir neçə gün sonra 108 çağrı mərkəzi ilə əlaqə saxladıqdan sonra bu məsələnin DİN-nə yönləndirildiyini öyrənə bilmiş və məlumat üçün onlarla əlaqə saxlamalı olduğu bildirilmişdir. Daha sonra 102 çağrı mərkəzi ilə əlaqə saxlayıb məlumat almaq istəsə də, məsələnin aidiyyəti şöbəyə yönləndirildiyi bildirilmiş və müraciət hələ də cavabsız olaraq qalır. Barəsində protokol tərtib ediləcəyi bildirilsə də, qeyd olunan hüquqları ona izah olunmamış və beləliklə də, ona imzalamağı üçün heç bir protokol təqdim edilməmişdir. Ona belə bir işə baxılması barədə heç bir məlumat verilməmişdir. Beləliklə, əgər belə bir işə baxılıbsa, qanunvericiliyə uyğun olmayan qaydada baxılmışdır. Müvafiq protokolda onun imzası mövcud deyildir və qanunvericiliyə uyğun tərtib edilməmişdir. Hazırkı işdə istinad olunan protokol qanunvericiliyə zidd olaraq və tamamilə əsassız şəkildə tərtib edilmişdir. Beləliklə, haqqında tərtib olunan 100 manat məbləğində cərimə olunmağı barədə inzibati tənbeh vermə haqqında qərar tamilə qanunvericiliyə ziddir və ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X2 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq Nəsimi rayon Polis İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Nəsimi rayon Polis İdarəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsini, şikayət vermiş şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən tərtib edilmiş 03.11.2021-ci il tarixli, EXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X2 03.11.2021-ci il tarixdə İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İş materiallarında olan Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 05.11.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərara əsasən X2 İXM-in 211.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: Bu Məcəllə insan və vətəndaş hüquqlarının və azadlıqlarının dövlət orqanları, qurumları və vəzifəli şəxslər tərəfindən pozulmasının qarşısının alınmasını və onlara hörmət olunmasını təmin edir (5.2-ci maddə); İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir (48-ci maddəsi); İnzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən, qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüquqi ilə təmin edilir (6.2ci maddə); İnzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı ilə baxılır. Həmin işə şəxsin iştirakı olmadan, yalnız o hallarda baxılır ki, işə baxılmasının yeri və müddətinin ona vaxtında bildirilməsi barədə məlumat olsun və ya işə baxılmasını təxirə salmaq haqqında ondan vəsatət daxil olmasın, yaxud belə vəsatət rədd edilmiş olsun (61.3-cü maddə); İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir (76.1-ci maddə); Beləliklə məhkəmədə müəyyən edilir ki, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22ci Polis Bölməsi tərəfindən hazırkı inzibati xəta haqqında işə baxılarkən qanunvericiliyin yuxarıda göstərilmiş tələblərinə riayət olunmamış, işin bütün halları tədqiq edilmədən, zəruri araşdırma aparılmadan və şəxsin təqsirliliyinə dair hər hansı təkzibedilməz dəlil olmadan işə baxılaraq inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul olunmuşdur. İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilə bilər. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli, Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 05.11.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş yenidən baxılması üçün həmin quruma göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsi tərəfindən qəbul edilmiş 05.11.2021-ci il tarixli, EPQ seriyalı ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün həmin quruma göndərilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1460/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1460/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver