Məhkəmə qərarları › İş №3(006)-1461/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1461/2022

12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1461/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin nümayəndələri X6, X1 müdafiəçisi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin 07 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin 07 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından şikayət verərək, həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, X12, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin MN ******* saylı 07 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) əsasən vəzifəli şəxs olaraq 4000 (dörd min) manat məbləğində cərimə edilmişdir. Qərar, barəsində müfəttişlik tərəfindən tərtib edilmiş inzibati xəta haqqında 01 aprel 2022-ci tarixli protokol əsasında qəbul edilmişdir. Protokol qanunla nəzərdə tutulmuş qaydada və müddətdə tərtib edilmədiyi və rəsmi olaraq ona təqdim edilmədiyi üçün, qanunvericiliklə müəyyən olunmuş qaydada protokolla razı olmadığına dair izahatı və şikayəti dövlət nəzarəti orqanına yazılı formada təqdim edə (protokolda qeyd apara) bilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 57-ci maddəsinin tələbi pozulmuş və sənədlər ona rəsmi qaydada verilməmişdir. Qeyd olunan protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilməmişdir və inzibati xəta haqqında protokolun tərtib edilməsi müddətləri barədə İXM-nin 101-ci maddəsinin tələbləri pozulmuşdur. Bundan əlavə, bu “xəta” ilə bağlı İXM-nin 102-ci maddəsində nəzərdə tutulmuş inzibatı araşdırılma aparılması haqqında qərardad qəbul edilmədiyindən protokol 1 ay ərzində tərtib oluna bilməzdi. Bu isə İXM-nin 109 və 109.1.6-cı maddələrinin tələbinə əsasən, inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol düzgün tərtib olunmadığından inzibati xətalar haqqında protokolun onu tərtib etmiş vəzifəli şəxsə geri qaytarılması üçün əsas olmuşdur. Prosessual tələblərin pozulması ilə yanaşı aşağıda qeyd edilən səbələrə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin müfəttişlik tərəfindən düzgün tətbiq edilməsindən də şikayət edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi (Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi) işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə cərimənin tətbiq edilməsini nəzərdə tutur ki, maddənin mətn hissəsində nəzərdə tutulan inzibati xəta əmək münasibətlərində olan, lakin müvafiq qaydada əmək müqaviləsini bağlayaraq “Əmək müqaviləsi bildirişi” altsisteminə daxil edilməməsindən ibarət olmalıdır. Faktiki olaraq vəziyyət belə deyildir, yəni tərəflər arasındakı münasibətlər qeyri-rəsmi deyil, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən mülki hüquqi müqavilə ilə rəsmiləşdirildiyi üçün mövcud vəziyyət bu maddənin predmetinə uyğun deyildir və bu səbəbdən həmin maddə tətbiq edilə bilməz. Belə ki, “X19 Hotel Company" MMC ilə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs-X13 (VÖEN **********) arasında 05.01.2020-ci tarixli XM-0016 saylı mülki hüquqi müqavilə bağlanılmaqla münasibətlər rəsmiləşdirilmişdir ki, bu halda müfəttişlik haqlı olduğu halda yalnız həmin münasibətlərin əmək müqaviləsi ilə rəsmiləşdirilməsi tələbini irəli sürə bilər. Belə ki, Əmək Məcəlləsinin 7ci maddəsinin 2-4-cü hissəsinin tələbinə əsasən bu maddənin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan biri aşkar edildiyi gündən bu maddənin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmalıdır. Müfəttişlik tərəfindən aşkar olunan bu hal düzgün olsa idi belə, bu hal aşkar olunduğu vaxta mövcud olmayıb, yəni aşkar olunduğu vaxtda “X19 Hotel Company” MMC ilə X13 (VÖEN **********) arasındakı, 04.01.2022-ci il tarixədək müddətə bağlanmış 05.01.2020-ci tarixli XM-0016 tarixli mülki hüquqi müqaviləyə xitam verilmiş və onlar arasında nə mülki hüquqi, nə də əmək hüquq münasibətləri mövcud olmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. “X19 Hotel Company” MMC ilə X13 (VÖEN **********) arasında mülki-hüquqi müqavilə 05.01.2020-ci il tarixdə, 04 yanvar 2022-ci il tarixədək bağlanılmış və Müfəttişlik tərəfindən protokol tərtib edilən tarixdə bu müddət ötürülmüşdür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsinə əsasən bu Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır. Tutaq ki, Müfəttişlik aşkar etdiyi bu xətanı uzanan inzibati xəta hesab edir. Yuxarıda qeyd edildiyi kimi, aşkar edildiyi vaxtda “X19 Hotel Company” MMC ilə X13 (VÖEN **********) arasındakı 05.01.2020-ci tarixli XM-0016 tarixli mülki hüquqi müqaviləyə xitam verildiyi üçün mövcud olmayan münasibətlər uzanan inzibati xəta hesab edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-cü maddəsinin Qeyd hissəsinin və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli Qərarındakı mövqeyə görə “İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin maddənin ikinci cümləsində sadalanmış inzibati tənbehin ən geci bir il keçənədək verilməsinə aid edilən inzibati xətalar, həmin Məcəllənin Xüsusi hissəsindəki eyniadlı fəsillərə daxil olan və ya eyni adlı inzibati xətalarla bağlıdır. İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi müəyyən edir ki, Məcəllənin 38.1-ci maddəsində nəzərdə tutulan müddətlər uzanan inzibati xətalara münasibətdə xətanın aşkara çıxarıldığı gündən hesablanır; Məcəllənin 38.3-cü maddəsində isə cinayət məsuliyyətini istisna edən hallar olduğu halda inzibati tənbehin tətbiq edilməsi müddəti göstərilmişdir. Maddənin dispozisiyasına əsasən, cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər; İnzibati məsuliyyətə cəlbetmə müddəti elə bir müddətdir ki, onun ərzində şəxs, hüquqpozmaya yol verdiyinə görə inzibati tənbehə məruz qala bilər. İnzibati məsuliyyətə cəlbetmə müddətinin bitməsi inzibati xətalar haqqında işlər üzrə icraatın başlanılmasını istisna edən, başlanmış icraata isə xitam verilməsinə səbəb olan hallardan biridir (İnzibati Xətalar Məcəlləsinin 53.1.6-cı maddəsi); Bu cür müddətləri nəzərdə tutarkən və onların hesablanması qaydalarını müəyyən edərkən qanunverici Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsindən irəli gələn insan və vətəndaş hüquq və azadlıqlarının hüquqi tənzimlənməsi zamanı şəxsi və publik maraqlar arasındakı tarazlığın gözlənilməsi tələbini rəhbər tutaraq inzibati məsuliyyətin qaçılmazlığının təmin olunması üçün şərait yaratmaqla yanaşı, eyni zamanda inzibati xəta törətmiş şəxslərin əsassız olaraq uzun müddətə inzibati təqib və inzibati tənbehin tətbiqi təhlükəsi altında qalmasının qarşısını almaq məqsədini güdmüşdür. İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin müddəaları nəzərə alınmadan həmin Məcəllənin 38.3-cü maddəsinin hərfi təfsiri yol hərəkəti qaydalarının pozulmasına görə inzibati tənbehin inzibati xətanın törədildiyi gündən bir il keçəndən sonra da verilə bilməsi hallarını istisna etmir. Belə təfsir həm də faktiki olaraq inzibati məsuliyyətə cəlbetmə müddətinin qeyri-müəyyən müddətədək uzadılmasına imkan yaradır. Belə hallarda inzibati məsuliyyətə cəlbetmə müddəti hətta cinayət məsuliyyətinə cəlbetmə müddətindən də artıq ola bilər. Belə ki, bu halda cinayət təqibi üzrə icraatın dayandırılması, ibtidai araşdırmanın və ya məhkəmə baxışının uzanması və ya prosessual hərəkətlərinin təkrarlanması istisna edilmir. Bununla da cinayət işinin başlanmasının rədd olunduğu, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduğu hallarda inzibati məsuliyyətə cəlbetmə müddətinin xətanın törədildiyi gündən deyil, cinayət işinin başlanmasının rədd edilməsi və ya cinayət işinə xitam verilməsi barədə qərarın qəbul edildiyi gündən hesablanması hüquqi müəyyənlik, ədalət, bərabərlik və inzibati məsuliyyət sahəsində tətbiq edilən məhdudiyyətlərin konstitusiya əhəmiyyətli məqsədlərə mütənasib olması prinsipləri ilə uyğunsuzluq təşkil edir; Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında dəfələrlə qeyd etmişdir ki, məhkəmə təcrübəsində normativ hüquqi aktların müddəaları onların konstitusiya hüquqi mənasına uyğun tətbiq olunmalıdır. (“M.Məmmədovun şikayəti əsasında Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55-ci maddəsinin bəzi müddəalarının Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” 2014-cü il 29 aprel və “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2 və 53-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2021-ci i! 11 noyabr tarixli Qərarlar). Bu hüquqi mövqeyin davamı olaraq qeyd olunmalıdır ki, normanın mümkün olan bütün təfsiri variantları sırasından məhkəmələr yalnız konstitusiyaya uyğun olana üstünlük verməlidirlər. Əgər normanın təfsiri konstitusion norma və prinsiplərin pozulmasına gətirib çıxarırsa, onun konkret işə tətbiq olunması yolverilməzdir. Məhkəmə təcrübəsi, yalnız normanın konstitusion tələblərə uyğun gələn məzmununun müəyyənləşdirilməsinə imkan verən, hamı tərəfindən qəbul edilmiş qaydalara uyğun aparılmış təfsirinə əsaslanmalıdır. Yuxarıda göstərilənlərə əsasən qeyd etmək lazımdır ki, İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb etmə müddətinin bitmə vaxtının müəyyən edilməsi məsələsinin həlli zamanı İnzibati Xətalar Məcəlləsinin 38.1 və 38.2-ci maddələrinin həmin Məcəllənin 38.3cü maddəsi ilə sistemli əlaqəsindən çıxış etmək lazımdır. Yəni cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilməlidir. Lakin belə olan hallarda inzibati tənbeh inzibati xətanın törədildiyi (aşkara çıxarıldığı) gündən ən geci bir il keçənədək verilə bilər.” Konstitusiya Məhkəməsinin yuxanda qeyd olunan mövqeyinə əsasan, inzibati xətanın aşkara çıxarıldığı tarix 04 yanvar 2022-ci il tarixədək müddətə bağlanmış 05.01.2020-ci tarixli XM-0016 tarixli mülki hüquqi müqavilənin qüvvədə olduğu dövrə təsadüf etmir. Yəni inzibati xətanın aşkara çıxarıldığı tarixdə o nə davam edirdi, nə də uzanırdı. Çünki, qeyd olunan xidməti müqavilə ləğv edilmişdi. Konstitusiya Məhkəməsinin yuxanda qeyd olunan mövqeyinə əsasan, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsini Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-4-cü hissəsinin tələbinə əsasən şərh etmək lazımdır. Barəsində inzibati xəta haqqında iş aparılan şəxs bunu aşkar edə bilməzdi. Bunu məhz Əmk Müfəttişliyi müəyyən etdiyindən Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsində nəzərdə tutulan hallardan birini aşkar etdiyi gündən Əmək Məcəlləsinin 2-ci hissəsinə uyğun olaraq yazılı əmək müqaviləsi bağlanmasını barəsində inzibati xəta haqqında iş aparılan şəxsdən tələb etməli idi. Bu qanuni tələbə əməl edilmədiyi halda Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta baş vermiş olardı. Əmək Müfəttişliyi isə belə bir tələb irəli sürməyib, yaxud sürə bilməmişdir. Çünki, tərəflər arasında əmək müqaviləsinin mövcud olmadığını aşkar etdiyi tarixdə tərəflər arasında mülki hüquqi müqavilə və heç bir faktiki əmək münasibəti olmamışdır. Əgər “X19 Hotel Company” MMC ilə X13 (VQEN **********) arasındakı 05.01.2020-ci tarixli XM-0016 tarixli mülki hüquqi müqavilə qüvvədə olduğu vaxtda müfəttişlik tərəfindən inzibati xəta aşkar olunsaydı, onda bu halın inzibati xata olubolmaması məsələsi müzakirə oluna və mübahisə predmeti ola bilərdi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 09 mart 2022-ci il tarixli Qərarındakı mövqeyə görə “Uzanan hüquqpozuntuları” isə (cinayət, xəta) başlayır və uzanaraq müəyyən müddət ərzində fasiləsiz törədilir. “Uzanan hüquqpozuntusu”nun mahiyyəti onun fasiləsizliyində ifadə olunur və bu, onun əsas meyarıdır. İnzibati xətalar qanunvericiliyində uzanan inzibati xətaların təsnifatı və ya mahiyyəti açıqlanmasa da, nəzəri cəhətdən qeyd etmək olar ki, uzanan inzibati xəta bir müddət ərzində inzibati cəza təhdidi altında qanunverici tərəfindən müəyyən şəxsin üzərinə qoyulmuş öhdəliklərin hərəkət və ya hərəkətsizlik formasında yerinə yetirilməməsidir. “Uzanan hüquqpozuntuları”nın bəzi səciyyəvi xüsusiyyətləri ondan ibarətdir ki, onlar konkret məqamda - qanunla müəyyən edilmiş öhdəliklərin pozulması məqamında başlayır, o cümlədən hüquqazidd əməlin konkret bitmə məqamında subyektin özü tərəfindən konkret hərəkətlərin dayandırılması məqamında başa çatır və ya bu hərəkət kənardan müdaxilə nəticəsində dayandırılır. Uzanan xətanın davam edən xətadan əsas fərqi onda ifadə olunur ki, birinci əksər hallarda hərəkətsiz formada həyata keçirilir. Qeyd edildiyi kimi, davam edən xəta isə bir sıra oxşar əməllərin bir neçə dəfə eyni məqsədlər, subyektlər, hərəkət üsulu ilə və məcmu halında vahid qanun pozuntusu hesab edilməklə həyata keçirilməsidir. Yanğın təhlükəsizliyi qaydalarının pozulması və ya yerinə yetirilməməsi, sanitar qayda və normaların pozulması, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və bir çox digər inzibati xətalar uzanan və ya davam edən inzibati xəta kimi də ifadə oluna bilər. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta davam edən və ya uzanan inzibati xəta ola bilər. Belə ki, şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edərsə, həmin Məcəllənin 9.2-ci maddəsinə uyğun olaraq, o, Məcəllənin 35-ci maddəsində nəzərdə tutulan müddət nəzərə alınmadan yenidən inzibati məsuliyyətə cəlb oluna bilər. Konstitusiya Məhkəməsinin yuxarıda qeyd olunan mövqeyinə görə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta yuxarıda qeyd olunan mülki müqavilənin qüvvədə olduğu müddətdə aşkar olunsa idi, uzanan inzibati xəta hesab edilə bilərdi. Bu halda “aşkar etmə tarixi” yuxarıda qeyd olunan mülki müqavilənin qüvvədə olmadığı tarixə təsadüf etdiyindən və tərəflər arasında faktiki əmək münasibətləri olmadığı üçün Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 38.2-ci maddəsi tətbiq edilə bilməz. Əmək müfəttişliyinin yanlış mövqeyinə görə hətta “aşkar etmə tarixi” 5 il sonraya da təsadüf etsə belə inzibati xəta verilə bilər. Yuxarıda qeyd edilənlərlə yanaşı bildirir ki, müfəttişliyin “X19 Hotel Company” MMC ilə X13 (VÖEN **********) arasında bağlanılmış 05.01.2020-ci tarixli XM- 0016 tarixli mülki hüquqi müqaviləyə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3-cü hissəsini rəhbər tutaraq əmək münasibətləri xarakteri verməsi tam əsassızdır. Müfəttişliklə keçirilən görüşdə onların bu qənaətə Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.4-cü hissəsinə (tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda) əsasən gəlməsi qeyd edilmişdir ki, “X19 Hotel Company” MMC-nin Nizamnaməsində onun mühafizə xidməti göstərməsi öz əksini tapmamışdır. Müfəttişlik Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-3.1-ci hissəsinə (müqavilənin məzmunu bu Məcəllənin 43-cü maddəsinin 2-ci hissəsinə, forması isə bu Məcəllənin 44-cü maddəsinin 2-ci hissəsi ilə müəyyən edilmiş formaya uyğun olduqda) istinad edərək Mülki Məcəllənin 752-ci maddəsinin tələblərinə tam uyğun formada bağlanılmış mülki hüquqi müqavilədə guya işçinin əmək funksiyalarının göstərildiyini iddia edərək, formaca əmək müqaviləsinə heç bir oxşarlığı olmayan mülki hüquqi müqavilənin əmək müqaviləsi ilə rəsmiləşdirilməsini iddia edir. Digər tərəfdən X13 VÖEN ********** əsasında əsas fəaliyyəti mühafizə xidməti olmaqla fəaliyyət göstərə bilər ki, bu halda onun vergi ödəyicisi olmaqda xidmət müqaviləsində göstərilən xidmətləri göstərməsi Mülki Məcəllənin tələblərinə tam uyğundur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə icraatın təmin olunması tədbirləri tətbiq edilərkən qanunvericiliyin tələblərinə əməl olunması yuxan orqanların və vəzifəli şəxslərin idarə nəzarəti ilə, məhkəmə və prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57.1 - 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. MN ******* saylı 07 aprel 2022-ci il tarixli inzibati tənbeh vermə haqqında Qərar 08 aprel 2022-ci il tarixdə onun iş yerinə poçt vasitəsilə çatdırılmışdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhəri idarəsinin 07 aprel 2022-ci il tarixli, MN seriyalı, ******* saylı qərarının ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. X1 müdafiəçisi X5 şikayət ərizəsinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidmətinin Bakı şəhər idarəsinin nümayəndələri X10 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq öz izahatında bildirmişdir ki, X8 inzibati orqana müraciəti əsasında aparılmış araşdırma nəticəsində müəyyən olunmuşdur ki, «X19 Hotel Company» MMC ilə X13 arasında xidmət müqaviləsi 05.01.2020-ci il tarixdən 04 yanvar 2022-ci il tarixədək bağlanılmış, halbuki qeyd olunan müqavilə Əmək Məcəlləsinin müddəalarına uyğun aparılmamışdır. Belə ki, X13 öz izahatında onun əmək intizamını pozmasına görə barəsində MMC tərəfindən tənbeh tədbirinin tətbiq edilməsini qanunsuz hesab etmiş və ümumiyyətlə onunla əmək müqaviləsinin qanunvericiliyə uyğun olaraq aparılamamasını qeyd etmişdir. Həmçinin, X13 ilə MMC arasında mülki hüquqi müqavilə deyil, əmək qanunvericiliyinə uyğun olaraq şəxsin mehmanxanada mühafizə işinə uyğun olaraq əmək müqaviləsi bağlanılmalı olmuşdur. Qeyd olunan inzibati iş üzrə X8 izahatı ətraflı şəkildə alındıqdan sonra «X19 Hotel Company» MMC-yə müraciət edilərək müvafiq sənədlərin təqdim edilməsi tələb olunsa da, «X19 Hotel Company» MMC tərəfindən hərəkətsizlik göstərilmiş və hər hansı hüquqi sənəd təqdim edilməmişdir. Qeyd olunan ərizə üzrə müraciətin bir aylıq icra müddəti bitdiyindən yenidən «X19 Hotel Company» MMC-yə müraciət edilmiş və müvafiq araşdırmanın nəticələrinə uyğun olaraq xəbərdarlıq edilmişdir. Lakin göstərilən bütün səylərə baxmayaraq, «X19 Hotel Company» MMC tərəfindən X13 ilə MMC arasında əmək qanunvericiliyinə uyğun olaraq müqavilə bağlanılması öz təsdiqini tapmamışdır. Göstərilənlərə əsasən qərarın tam qanuni və əsaslı olduğunu bildirərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin 07 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarına əsasən vətəndaş X8 müraciətinə baxılaraq «X19 Hotel Company» MMC-də Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işə götürən tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişdir. X4 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Həmin inzbati xətanı törətdiyinə görə X12 barəsində 4000 (dörd min) manat məbləğində inzibati cərimə edilmişdir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinə əsasən əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır. Həmin məcəllənin 44.1-ci maddəsinə əsasən əmək müqaviləsi yazılı formada bağlanır. Həmin məcəllənin 44.2-ci maddəsinə əsasən tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib edilir. Həmin məcəllənin 44.3-ci maddəsinə əsasən müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz. Həmin məcəllənin 49-cu maddəsinə əsasən bu Məcəllənin 7-ci maddəsinin 2-1-ci hissəsi və bu maddənin 1-2-ci hissəsi ilə müəyyən edilmiş hallar istisna olmaqla, əmək müqaviləsinin bağlanılması, ona dəyişiklik edilməsi və ya xitam verilməsi bununla bağlı elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin həmin elektron informasiya sistemində qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra hüquqi qüvvəyə minir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmçinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 135.1.6-cı maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardan biri kimi müəyyən edilmişdir. Lakin hazırkı iş üzrə işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərinin pozuntusu müəyyən edilmədi. İnzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxılması nəticəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134-cü maddəsində sadalanmış qərarlardan biri çıxarılır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, qərar qanunidir, şikayət əsassızdır və təmin edilməməlidir, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, iş materiallarından və tərəflərin izahatından məlum oldu ki, X13 ilə əmək müqaviləsi bağlanmadan işlərin görülməsinə cəlb edilmişdir. Bununla da, X12 Azərbaycan Respublikası İnzibati Xətalar məcəlləsinin 192.1-ci maddəsinin tələbini pozmuşdur. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin 07 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X7 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-137-ci maddərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X15 Xidməti Bakı şəhər idarəsinin 07 aprel 2022-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayət təmin edilməsin, həmin qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar