Məhkəmə qərarları › İş №3(006)-1462/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1462/2021

25.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1462/2021 25.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X1 Barəsində inzibati xəta haqqında iş üzrə icraat Şəxs MMC-nin aparılan şəxs: vəkili X2 İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yangın nəzarəti idarəsinin böyük inspektoru X5 oğlunun iştirakları ilə Şəxs MMC (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, K.Səfərliyeva küçəsi, ev 19, VÖEN:**********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsi üzrə tərtib olunmuş 27.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Protokola görə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin 2-ci ərazi Dövlət yangın nəzarəti idarəsi tərəfindən 27.05.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən, Şəxs MMC-yə məxsus “SAZZ” internet xidməti ilə məşğul olan obyektdə keçirilən yanğın-texniki müayinə zamanı yoxlama ilə bağlı sənədlər təqdim edilməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərlə baxış keçirilməsinə şərait yaradılmamışdır. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş X3 izahat verərək bildirdi ki, 27.05.2021-ci il tarixdə ünvan 2 ünvanda yerləşən, Şəxs MMC-yə məxsus “SAZZ” internet xidməti ilə məşğul olan obyektdə keçirilən yanğın-texniki müayinə zamanı yoxlama ilə bağlı sənədləri təqdim edilməmiş, sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərlə baxış keçirilməsinə şərait yaradılmamışdır. Məsələ ilə bağlı yoxlama obyektinin məxsus olduğu şirkətin rəhbəri ilə əlaqə yaratmaq mümkün olmadığından inzibati xəta haqqında protokol da məcbur elə şirkətin özü barəsində tərtib olunmuşdur. Belə ki, yoxlamanın aparıldığı gün şirkətin girişində onlar zəruri sənədləri təqdim etdikdən sonra direktorun başqa yerdə olduğu, daha sonra onlarla əlaqə saxlayacağı deyilsə də, sonuncu bunu etməmişdir. Məhkəmə iclasında Şəxs MMC-nin vəkili X4 izahatında göstərdi ki, cəmiyyət tərəfindən yoxlamanın keçirilməsi üçün Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına heç bir maneçilik törədilməmişdir. Sadəcə onlar şirkətin girişindəki məlumat mərkəzinə yaxınlaşıb direktorun başqa yerdə olduğunu öyrənən kimi yoxlama ilə bağlı əməkdaşlara məlumat vermədən çıxıb getmişlər. Beləliklə, nazirliyin nümayəndələri yoxlamanın keçirilməsini tələb etmədiklərindən bunun üçün şəraitin yaradılmadığını mübahisələndirmək düzgün deyil. Məhkəmə proses iştirakçılarının izahatını, habelə iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı işə barəsində inzibati xəta haqqında icraat aparılan şəxs qismində yoxlama obyektinin məxsus olduğu Şəxs MMC-nin vəzifəli şəxsi cəlb olunmadığından ona baxılması mümkün deyil. Bu səbəbdən natamam tərtib edilmiş protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi sahibkar tərəfindən yoxlama prosesində yoxlamaya aid sənədlərin yoxlayıcıya təqdim edilməməsinə, yoxlama zamanı yaranan suallara şifahi və (və ya) yazılı izahatlar verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya sahibkarlıq fəaliyyəti üçün istifadə olunan əraziyə, istehsal və emal müəssisələrinə, anbarlara, satış sahələrinə, nəqliyyat vasitələrinə, habelə sahibkarlıq fəaliyyəti üçün istifadə olunan digər yerlərə baxış keçirilməsinə mane olmağa görə vəzifəli şəxslərin inzibati məsuliyyətini nəzərdə tutulur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin “Qeyd” hissəsinə müvafiq olaraq dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilib-edilməməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanıb-toplanmaması məsələlərini həll edir. Sözügedən Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109-cu maddəsini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 602.4cü maddəsi üzrə tərtib olunmuş 27.05.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar