Məhkəmə qərarları › İş №3(006)-1471/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1471/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1471/2025 14.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Qərardan şikayət vermiş şəxs X1, Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, X1 Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, telefonuna SMS gələrək etibarnamə əsasında idarə etdiyi ** BS *** dövlət nömrə nişanlı avtomobilə görə 102 manat məbləğində cərimə olunmuşdur. Bu barədə telefona yüklənən SMS radar.az apllicationundan əldə etdiyi məlumatda etibarnamə əsasında idarə etdiyi ** BS *** dövlət nömrə nişanlı avtomobilin xx.xx.2025-ci il tarixdə saat 15:26:00 radələrində Nəsimi rayonu, 28 May 9b küçəsində İXM-nin 327.3, 327.1-ci maddələri ilə patrul xidməti əməkdaşı tərəfindən saxlama barədə verilmiş işarəyə əməl etmədiyinə görə 100 manat məbləğində cərimə olunmağı qeyd olunmuşdur. Qanunun tələbinə görə inzibati xətanı törətməkdə təqsirli bilinən şəxsin inzibati xəta törətməsini sübut edən hallar-foto və ya video çəkiliş inzibati xəta haqqında protokola əlavə edilməli və inzibati xəta törədən şəxsin təqsirisizlyini sübut edən hallar sübutlarla birlikdə qiymətləndirilməlidir. Barəsində tərtib olunan 90BS755 dövlət nömrə nişanlı avtomobilə görə onun Qanunun tələblərini pozmağını təsdiq edən sübutlar-foto şəkil və ya video görüntü yoxdur. Əgər belə bir sübutları olsaydı onlar barəsində qəbul olunmuş qərara əlavə olunardı. Qeyd edir ki, 12 fevral 2025-ci il tarixli onda olan və təqdim etdiyi foto şəkildə yol hərəkəti işarəsinin, yerdə isə sağa, düz və ya sağa istiqamət bildirən nişanın olduğu görünür. Onun barəsində 08 yanvar 2025-ci il tarixində cərimə yazılıb və protokol tərtib edilibdir. Bildirir ki, 12 fevral 2025-ci il tarixindən protokolun tərtib edilmə tarixinədək 1 ay müddətdən bir qədər çox vaxt keçmişdir. Təqdim etdiyi ikinci şəkil isə 08 yanvar 2025-ci il tarixinə aiddir. Həmin şəkildən görünür ki, yerdə (çəkilməmişdir) və yuxarıda sağa və sola istiqamət bildirən heç bir yol hərəkəti nişanı yoxdur. 2025-ci il fevral ayında görünür çəkilmişdir, qoyulmuşdur. Təqdim etdiyi digər 3-cü şəkildəki uzaqdan görünən yol hərəkəti nişanı ona sağa və sol istiqamətində hərəkət etməyə icazə verir. Həmin küçədə hər zaman tıxaclar olur. Ümumiyyətlə tıxacdan yerdəki işarələrə fikir vermək və görmək qeyri mümkündür. Birmənalı olaraq həmin gün yerdə və göydə yol hərəkəti nişanı yox idi. Ahıl yaşda tənha qadındır, avtomobillə işə gedib gəlir, öz işlərini görmək üçün istifadə edir. Maddi durumu qənaətbəxşdir. İş üzrə xx.xx.2025-ci il tarixdə saat 15:26:00-radələrində Nəsimi rayonu, 28 May 9b küçəsində onun Azərbaycan Respublikası İXM-nin 327.3, 327.1 üfüqi nişanlama xətlərinin tələblərini patrul xidməti əməkdaşı tərəfindən saxlama barədə verilmiş işarəyə əməl etmədiyi sübuta yetirilmir. Sübutlar olmadığı təqdirdə qərar qəbul etmiş şəxs onun təqsirli bilinməyinə dair qərar qəbul etməməli idi. O, hər hansı bir qayda pozmamışdır və məsuliyyətə də cəlb olunmalı deyildir. Bu qərar qanunsuzdur. Qanunvericiliyin tələblərini pozmaqla qəbul olunmuşdur. Bu səbəbdən də qərar ləğv olunmalı və inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Barəsində olan qərardan təzəlikcə, ona sms gəldikdən sonra məlumatı olmuşdur. Bu barədə bildikdən sonra dərhal məhkəməyə müraciət etmək qərarına gəlmişdir. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Göründüyü kimi, yalnız inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün əlamətlərini daşıyan əməli törətmiş şəxs inzibati məsuliyyətə cəlb edilə bilər. Bildirir ki, sözügedən inzibati xətanın tərəfindən törədilməməsinə baxmayaraq, Bakı şəhər X4 İdarəsi tərəfindən onun barəsində inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq, barəsində Bakı şəhər X4 İdarəsi tərəfindən inzibati tənbeh tətbiq etmə barədə xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli protokol əsasında qəbul olunmuş xx.xx.2025-ci il tarixli elektron qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 yuxarıda göstərilən məzmunda izahat verərək şikayətinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Bakı şəhər BPİ DYPİ-nin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, X1 şikayətində göstərdiyi arqumentlər tam əsassızdır. Belə ki, X3 xx.xx.2025-ci il tarixdə saat 15:26-da idarə etdiyi “X2” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddələrdə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İnzibati xətanın törədildiyi yerdə zolaqlar üzrə hərəkət yalnız sağa olsa da, xanım düzünə hərəkət edir və saxlama əmrinə də tabe olmur. Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs inzibati tənbeh vermə haqqında qərardan Bakı şəhər BPİ DYPİ-nə şikayət vermiş və həmin hal araşdırılaraq hüquq pozuntusuna yol verildiyi təsdiq olunmuşdur. Yol nişanlanması varsa, sürücü hər bir halda həmin nişana əməl etməli idi. İnzibati xətanın törədilməsi ilə bağlı videogörüntünü məhkəməyə təqdim edərək barəsində qərar çıxarılmış şəxs X1 şikayətinin təmin edilməməsini, Azərbaycan Respublikası İXM-nin 327.1 və 327.3-cü maddələrinə əsasən X1 barəsində qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli tənbeh vermə haqqında qərarın dəyişdirilmədən qüvvədə saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. İş materiallarında olan Bakı şəhər BPİ DYPİ tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərardan görünür ki, X3 xx.xx.2025-ci il tarixdə saat 15:26-da idarə etdiyi “X2” markalı, **-BS-*** dövlət qeydiyyat nişanlı avtomobillə İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulan inzibati xətanı törətmiş və həmin maddələrdə nəzərdə tutulan inzibati xətanı törətdiyi üçün 100 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş hadisənin videogörüntülərini əks etdirən diskə baxış zamanı X3 tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi təsdiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 122.1-ci maddəsinə əsasən bu Məcəllənin 327.1 - 327.5, 328, 329.1, 329.2, 330, 339.1-1, 346, 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində inzibati tənbeh vermə haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə - qırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 327.3-cü maddəsinə əsasən, dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə yüz manat məbləğində cərimə edilir Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəlləsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, X3 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 327.3-cü maddələrində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi iş materiallarında olan sübutlar ilə öz təsdiqini tapmışdır. Ona görə də X3 barəsində Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunidir, şikayət əsassız olduğundan təmin edilməməli, barəsində şikayət verilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı şəhər BPİ DYPİ tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar