Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1472/2020 14.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclasının katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YPX inspektoru x1 iştirakları ilə, xx.xx.1984-cü ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 mənzil 13 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1 və 511.1-ci maddələri üzrə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib olunmuş AP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətməsinə dair 11 iyul 2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 11 iyul 2020-ci il tarixdə heç bir icazə sənədi və sms xəbərdarlığı olmadan xüsusi karantin rejiminin tələblərini pozaraq, Nəsimi rayonu, Neftçilər prospektində idarə etdiyi “Mercedes C 220 CDİ MİNİ” markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri etmişdir. Bununla da, o Azərbaycan Respublikasının İXM-nin 211.1 və 511.1-ci maddələrində nəzərdə tutulmuş əməlləri törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YPX inspektoru x2 izahat verərək göstərdi ki, 11 iyul 2020-ci il tarixdə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs “Mercedes C 220 CDİ MİNİ” markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən yol hərəkəti qaydalarının tələblərini pozaraq avtoxuliqanlıq hərəkətləri etmiş və polis əməkdaşlarının qanuni tələbi əsasında saxlanılmışdır. Daha sonra aparılan araşdırma nəticəsində Şəxs karantin qaydalarının tələblərini pozaraq heç bir icazə sənədi olmadan yaşadığı ünvanı tərk etməsi müəyyən olunmuş və polis əməkdaşları tərəfindən polis şöbəsinə gətirilmişdir. Bundan sonra polis şöbəsində barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1 və 511.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsizahatında göstərmişdir ki, 11 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində “Mercedes C 220 CDİ MİNİ” markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobillə hərəkət edərkən sürət həddini aşaraq bir dəfə manevr qaydasını pozmuş və sonradan qarşıdakı işıqforda yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Bundan sonra, polis əməkdaşları ona yaxınlaşaraq, ondan idarə etdiyi avtomobilin sənədlərini tələb etmiş və o, həmin sənədləri təqdim etdikdən sonra polis əməkdaşları ona karantin qaydalarına əməl etməməsini və avtoxuliqanlıq hərəkətləri etməsini bildirmişdir. Lakin o, işlədiyi şirkət tərəfindən ona icazə sənədinin verildiyini və həmin icazənin portalda yerləşdirildiyini qeyd etmişdir. Lakin polis əməkdaşları onun sözlərinə əhəmiyyət verməyərək onu polis şöbəsinə dəvət etmişdir. O da, polis əməkdaşları ilə birlikdə polis şöbəsinə gəlmiş və izahatı alınaraq barəsində inzibati xəta haqqında protokol tərtib edilərək, baxılması üçün Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İzahatının sonunda heç bir inzibati xəta törətmədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin Yol-patrul xidməti inspektoru x5 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 11.07.2020ci il tarixdə digər polis əməkdaşları ilə xidməti vəzifələrini yerinə yetirərkən bir nəfər şəxsin “Mercedes C 220 CDİ MİNİ” markalı, **-EP-*** dövlət nömrə nişanlı avtomobillə avtoxuliqanlıq hərəkətləri etməsinin şahidi olmuşlar. Dərhal həmin şəxsin avtomobili saxlanılmış və aparılan araşdırma nəticəsində həmin şəxsin karantin qaydalarının tələblərini pozması müəyyən olunmuşdur. Bundan sonra həmin şəxs Polis bölməsinə gətirilmiş və orada onun şəxsiyyəti müəyyən edilmişdir. Xüsusi karantin rejiminin tələblərini pozduğu və avtoxuliqanlıq hərəkətləri etdiyi üçün Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib olunmuşdur. Məhkəmə, Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsinin YPX inspektoru x2 tərəfindən tərtib edilmiş 11.07.2020-ci il tarixli, AP ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 511.1-ci maddəsinə əsasən avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə hesab edir ki, avtoxuliqanlığın obyektiv cəhəti aşağıdakı əlamətlərə malik olan qərəzli hərəkətlərdən ibarətdir. 1) bu hərəkətlər ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozmalıdır; 2) bu hərəkətlər cəmiyyətə açıqca hörmətsizlik ifadə etməlidir; 3) bu hərəkətlər yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunmalıdır. Bu əlamətlərin mövcud olması ilə törədilən qərəzli hərəkətlər avtoxuliqanlıq hesab edilir və həmin əlamətlərdən birinin olmaması bu inzibati xətanı istisna edir. İctimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. Əhalinin dincliyi ictimai qaydanın tərkib hissəsi olub, hər kəsin sərbəst surətdə istirahət etməsi, işləməsi və fərdi tələbatını təmin edən fəaliyyətlə məşgul olması üçün zəruri olan şərait kimi başa düşülür. İctimai qaydanı və əhalinin dincliyi nümayişkaranə pozan hərəkətlər dedikdə, ictimai və ya ayrı-ayrı şəxsi mənafelərə madi və ya mənəvi zərər vuran və ya cəmiyyətə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər dedikdə, ətrafdakı digər sürücülər, piyadalar və başqa şəxslər üçün aşkar surətdə ictimai qaydaya laqeyidlik, etinasızlıq göstərilməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq, mənəviyyat normalarının tapdalanması, qeyri-müəyyən dairədən olan insanların və ya cəmiyyətin hər hansı üzvünün mənafelərinə toxunan hərəkətlərin edilməsi başa düşülür. Avtoxuliqanlıq zamanı bu əməli törədən şəxsin hərəkətləri konkret şəxsə qarşı deyil, çox zaman cəmiyyətin özünə və ya müəyyən bir qrupa məsələn konkret məhəllədə yaşayan sakinlərə qarşı yönəlmiş olsun. Yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması dedikdə isə nəqliyyat vasitəsini idarə edən şəxsin yol hərəkətinin qanunvericiliklə müəyyən edilmiş qaydalarını pozan bir neçə müxtəlif hərəkətlərə ardıcıl olaraq yol verməsi, yaxud yol hərəkəti qaydalarını pozan eyni bir hərəkəti müəyən müddət ərzində qısa zaman fasilələri ilə bir neçə dəfə təkrar etməsi başa düşülür. Bu nəqliyyat vasitəsi ilə bir neçə qayda pozuntusuna ardıcıl olaraq yol verilməsində (məsələn sürət rejimini, eyni zamanda manevr etmə qaydasını, ardınca yolayrıcını keçmə qaydasını pozma və. s., ətrafdakıları (xüsusən yol hərəkətinin digər iştirakçılarını) nəzərə almadan yol hərəkəti qaydasını pozmaqda davam etmədə (məsələn, qarşı hərəkət zolağına çıxaraq, səs siqnalı verməklə hərəkəti davam etdirmə) və başqa bu kimi qərəzli hərəkətlərdə ifadə oluna bilər. Şəxs avtoxuliqanlıq, yəni nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının müxtəlif üsullarla davamlı olaraq pozulması ilə müşayiət olunan qərəzli hərəkətlərə yol verməsi məhkəmə iclası zamanı müəyyən edilməmiş, bu barədə qanunvericiliklə müəyyən edilmiş möhtəbər sübutlar məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat xitam verilir. Eyni Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs İnzibati xətalar Məcəlləsinin 511.1-ci maddəsi ilə başlanmış iş üzrə icraata xitam verilsə də, həmin Məcəllənin 211.1-ci maddəsi ilə başlanmış icraat üzrə inzibati qaydadahəbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair işin icraatına xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs müddətinin əvvəli 14 iyul 2020-ci il tarixdən, saat 17:45-dən hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinə və Daxili İşlər Nazirliyinin x4 Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1472/2020
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1472/2020
14.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver