Məhkəmə qərarları › İş №3(006)-1476/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1476/2024

17.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1476/2024 17.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis mayoru X1 və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə xx.xx.1988-ci il tarixdə Abşeron rayonu, Mehdiabad qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, (FİN: xxxxxxx), ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi üzrə tərtib edilmiş xx.xx.2024-cü il tarixli, İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə olunmuş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Nəsimi RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis mayoru X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü nəzərdə tutulmuş inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, Şəxs xx.xx.2023-cü il tarixdə, saat 08:40 radələrində Nəsimi rayonu ərazisində “Hyundai Elantra” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomaşınla ictimai qaydanı və əhalinin dincliyini pozmuş, cəmiyyətə hörmətsizlik etmiş, yol hərəkət qaydalarını müxtəlif üsullarla davamlı olaraq pozaraq avtoxuliqanlıq etmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Nəsimi RPİ-nin DYPŞ-nin inzibati təcrübə üzrə inspektoru, polis mayoru X2 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində müvafiq inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında törətdiyi inzibati xətada özünü təqsirli bilməyərək göstərdi ki, xx.xx.2023-cü il tarixdə özünə məxsus “Hyundai Elantra” minik markalı, **-ME-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkətdə olarkən Nəsimi rayonu, Hənifə Ələskərova küçəsində sağ zolaqdan sol zolağa keçmək istərkən yolun orta zolağında olan “Kia Sorento” minik markalı, 90-Na-043 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü ona anidən siqnal verərək etirazını bildirmişdir. O da onun uzun siqnalına etiraz olaraq avtomobilinin qapısını açıb ona etirazını bildirmiş, daha sonra həmin şəxsin maşından düşdüyünü görüb o da avtomobildən düşərək ona tərəf getmiş və onunla təxminən 30 saniyəlik söz mübahisələri olmuşdur. Söz mübahisələri bitdikdən sonra o, avtomobilinə əyləşərək hərəkətinə davam edərkən “Kia Sorento” minik markalı, 90-Na-043 dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü onu kobud şəkildə keçmək istəyərkən o da həmin sürücünün onu keçməsinə mane olmuşdur. Qeyd olunanları nəzərə alaraq barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və inzibati xəta haqqında protokolu tərtib etmiş şəxsi dinləyərək və iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi təqdim edilmiş sənədlərlə və ya əlavə sübutlarla təsdiq edilmir. Belə ki, protokol Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə tərtib edildiyindən, həmin maddənin dispozisiyasına əsasən həmin maddədəki avtoxuliqanlıq mexaniki nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ictimai qaydanı və əhalinin dincliyini nümayişkaranə şəkildə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, yol hərəkəti qaydalarının davamlı olaraq pozulması ilə müşayiət olunan - mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılmasından ibarət olan əməl kimi qeyd edilmişdir. Lakin şəxsin həmin əməli törətməsinə dair, yəni mexaniki nəqliyyat vasitəsini qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılmasına və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması dair hər hansı bir sübut mövcud deyildir. Məhkəməyə təqdim edilmiş DVD diskə baxış keçirilməsi zamanı da həmin faktın mövcudluğu təsdiq edilmir. Videogörüntüdə avtomobilin qəflətən sürətləndirməklə davamlı olaraq təkərlərin yolun səthi ilə sürtünməsi səslərinin çıxarılması və ya yolun səthində çoxsaylı təkər izlərinin buraxılması ümumiyyətlə mövcud deyildir. Bununla da həmin maddədə göstərilən əməlin törədilməsi öz təsdiqini tapmamışdır. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 511.1.3-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü maddəsi ilə başlanılmış iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar