Məhkəmə qərarları › İş №3(006)-1477/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1477/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1477/2022 20.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 07.04.2022-ci il tarixli EP № ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 815.879,00 Avro məbləğində vəsaiti 06.03.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 815.879,00 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. İnzibati xəta 07.03.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov Şəxs MMC-nin barəsində olan inzibati iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan başqa, Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi O.R.Xaspoladov məhkəmə iclasında ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Şəxs MMC bunu dövlətə yardım kimi gətirmişdir. Humanitar yardımla bağlı rüsumlardan azad olunmasına dair gömrük idarəsinə müraciət olunmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin qanuni təmsilçisi F.B.Cabbarov bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, Şəxs MMC tərəfindən 815.879,00 Avro məbləğində vəsaiti 06.03.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş və sifariş edilən mallar ölkə ərazisinə idxal edilmişdir. Həmin mallar 2020-ci il ərzində ölkə ərazisinə Covid pandemiyası ilə mübarizə aparmaq üçün şirkət vəsaiti hesabına heç bir kommersiya marağı olmadan yardım kimi idxal olunmuşdur və təmənnasız olaraq müvafiq dövlət qurumlarına təhvil verilmişdir. Bu barədə X3 üzrə respublika Komissiyasına son gömrük rəsmiləşdirilməsində köməklik göstərilməsi üçün müraciət olunmuşdur. Malların ölkəyə idxalını (daxil olmasını) təsdiq edən Gömrük Komitəsindən çıxarışı məhkəməyə təqdim edir. Həmçinin məhkəməyə təhvil təslim aktı təqdim edir. Həmin aktda 194 ədəd tənəffüs aparatı gəlmiş, 06 ədədini isə hara verilməsi üçün müraciət etmişlər. Bundan başqa, o bildirmişdir ki, Azərbaycan Respublikası Baş Nazirinin məktubuna əsasən Şəxs MMC-nin tibbi ləvazimatların humanitar yardım qismində verildiyini nəzərə alaraq qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş **********4923 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 361.250,00 Avro məbləğində xarici valyuta vəsaitinin müqabilində 12.03.2020-ci il tarixdə xarici şirkət tərəfindən müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********3841 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 243.729,00 Avro məbləğində xarici valyuta vəsaitinin müqabilində 20.03.2020-ci il tarixdə, xarici şirkət tərəfindən müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş **********7554 saylı gömrük bəyannaməsindən görünür ki, Şəxs MMC-nin Azərbaycan Respublikasından kənara köçürdüyü 130.971,78 Avro məbləğində xarici valyuta vəsaitinin müqabilində 27.03.2020-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə xarici şirkət tərəfindən müvafiq mallar ölkəyə göndərilmişdir. İş materiallarına əlavə edilmiş 27.09.2021-ci il tarixli X6 surətindən görünür ki, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq təsis edilmiş və direktoru Fazil Cabbarov şəxsində təmsil olunan Şəxs MMC bir tərəfdən və digər tərəfdən idarə heyətinin sədri Zaur Əliyev şəxsində təmsil olunan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” publik hüquqi şəxsi arasında siyahıda qeyd olunan tibbi cihazların ianə olaraq təhvil verilməsi ilə bağlı aktı imzalamış və həmin aktda 90 ədəd “Lowenstein Prisma Vent50-C” 14.03.2020-ci il tarixdə, 40 ədəd “Lowenstein Prisma Vent50-C” 27.03.2020-ci il tarixdə, 24 ədəd “Lowenstein Prisma Vent50-C” 29.04.2020-ci il tarixdə, 40 ədəd “Lowenstein Prisma Vent50-C” 15.05.2020-ci il tarixdə Şəxs MMC tərəfindən “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi” PHŞ-yə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş 13.05.2022-ci il tarixli Azərbaycan Respublikası Baş Nazirinin müavini məktubunun surətindən görünür ki, Şəxs MMC-nin 2022-ci ilin 5 may tarixli, 033/0022 nömrəli məktubunda qeyd edilən tibbi ləvazimatların humanitar yardım qismində verildiyini nəzərə alaraq qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 815.879,00 Avro məbləğində xarici valyutada olan vəsait ödəniş tapşırığına əsasən bankda olan hesabından 06.03.2020-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürməyə əsasən satın alınmış mallar **********4923, **********3841, **********7554 saylı gömrük bəyannamələri ilə 15.05.2020-ci il tarixdə, yəni qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Həmçinin məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tibbi ləvazimatların humanitar yardım qismində verildiyindən bütün dövlət rüsumlardan və ödənişlərdən azad edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi yoxdur. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar