Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1491/2022 18.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Məhkəmə iclasının katibi Fərəcova Təranə Aydın qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin (hüquqi ünvanı: Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsi, ev 33, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsi üzrə tərtib olunmuş 05.04.2022-ci il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İnzibati xəta haqqında protokola görə Şəxs MMC 21000 Avro məbləğində vəsaiti 03.03.2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 21000 Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 04.03.2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 izahatında bildirmişdir ki, sifariş edilən mallar qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmiş, Şəxs MMC-yə məxsus mağazanın dizayn işlərinin görülməsi ilə bağlı xidmətlər göstərilmiş, lakin həmin sənədlər MMC-nin barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən Mərkəzi Banka təqdim edilməmişdir. Göstərilənlərə əsasən Şəxs MMC-nin barəsində olan inzibati iş üzrə icraata xitam verilib-verilməməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMC-nin barəsində əsassız olaraq inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, 2019-cu ildə Şəxs MMC ilə Türkiyədə yerləşən “TSM X6 San ve Tic S” şirkəti arasında malların göndərilməsinə dair müqavilə imzalanmış, Şəxs MMC tərəfindən 03.03.2020-ci il tarixdən etibarən hər ay 21000 Avro məbləğində vəsait “TSM X6 San ve Tic S” şirkətinin hesabına ödənilməli idi. Həmin ödəniş texniki səhv olaraq avans kimi qeyd edilmişdir. Buna səbəb pulun köçürüldüyü banka bəyan edilmə düzgün aparılmamışdır. Sifariş olunan mallar qanunla müəyyən edilmiş müddətdə ölkəyə idxal edilmişdir. Bu halı təsdiq edən sənədi də məhkəməyə təqdim edir. Göründüyü kimi, Şəxs MMC-yə istinad edilən inzibati xəta hadisəsi yoxdur. Göstərilənləri nəzərə alaraq, Şəxs MMC-nin barəsində başlanılmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 10.10.2019-cu il tarixli, 10102019 saylı müqavilənin surətindən görünür ki, həmin müqavilə “Sifarişçi”- Şəxs MMC ilə “İcraçı” – “TSM X6 San ve Tic S” şirkəti arasında bağlanmış, müqaviləyə görə Sifarişçinin tapşırığı ilə İcraçını tərəfindən 2 ədəd ekskavator göndərilməsi razılaşdırılmışdır. İş materiallarında olan 70956 saylı, 03.03.2020-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC tərəfindən “TSM X6 San ve Tic S” şirkətinin hesabına 10.10.2019cu il tarixli, 10102019 saylı müqavilə üzrə 15.10.2019-cu il tarixli, 2019/0061 saylı Proforma İnvoice əsasən 21000 Avro məbləğində vəsait köçürülmüşdür. İş materiallarında olan 22.11.2019-cu il tarixli, ES**********0173 saylı və ES**********0172 saylı “Commercial İnvoice”lərdən görünür ki, Şəxs MMC tərəfindən “TSM X6 San ve Tic S” şirkətindən 1 ədəd 215000 Avro dəyəri olan və 1 ədəd də 155000 Avro dəyəri olan, ümumilikdə 2 ədəd ekskavator sifariş edilmişdir. İş materiallarında olan "xxxx" ASC tərəfindən Şəxs MMC-nin direktoruna ünvanlanmış 18.05.2022-ci il tarixli, 033 saylı məktubdan görünür ki, 01.06.2020-ci il tarixli “TSM X6 San ve Tic S” şirkətinə ödənilmiş 10.000 Avro avans üzrə **********8847 saylı YGB bağlanılmışdır. İş materiallarında olan "xxxx" ASC tərəfindən Şəxs MMC-nin direktoruna ünvanlanmış 16.05.2022-ci il tarixli, 1260 saylı məktubdan görünür ki, Şəxs MMC-nin "xxxx"-nın Mərkəzi filialında olan AZ90İBAZ******************** saylı hesabdan “TSM X6 San ve Tic S” xeyrinə icra edilmiş 204OCT**********, 204OCT********** və 204OCT********** ödəniş nömrəli avans köçürmələr **********8847 saylı YGB ilə 204OCT********** ödəniş nömrəli avans köçürməsi isə **********8847 və **********8774 saylı YGB-lər ilə bağlanmışdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC ilə Türkiyədə yerləşən “TSM X6 San ve Tic S” şirkəti arasında 10.10.2019-cu il tarixdə 2 ədəd ekskavatorun göndərilməsinə dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən 03.03.2020-ci il tarixdə 21000 Avro məbləğində vəsait “TSM X6 San ve Tic S” şirkətinin hesabına köçürülmüş, həmin köçürməyə əsasən sonuncu tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində sifariş olunan mallar ölkəyə idxal edilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətdə sifariş olunan mallar ölkəyə idxal edildiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə göstərilənləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iş üzrə inzibati xəta hadisəsi olmadığından Şəxs MMC barəsində başlanılmış iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1491/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1491/2022
18.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver