Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1494/2022 05.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati qaydada icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2, inzibati xəta haqqında protokolu tərtib edən Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X1 iştirakı ilə, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq, məhkəmə müəyyən etdi: İnzibati xəta haqqında protokola əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq Departamentinin İnzibati icraat və məhkəmə işləri şöbəsinin rəisi Rasim Məmmədov tərəfindən 05 aprel 2022-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, "xxxx" ASC-dən təqdim edilmiş məlumat və sənədlərə əsasən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 50000,00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 03.03.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 50000,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Məhkəmə iclası zamanı barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X2 verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının İnzibati icraat və məhkəmə işləri şöbəsi tərəfindən tərtib edilmiş İnzibati xəta haqqında 05 aprel 2022-ci il tarixli, EP ******* nömrəli Protokolda qeyd olunmuşdur ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti 50000,00 Avro məbləğində xarici valyutada olan vəsaiti ödəniş tapşırığına əsasən bankda olan hesabından 03.03.2020-ci il tarixində Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüşdür. Lakin ödənişin aparıldığı gündən 02 ildən artıq müddət keçməsinə baxmayaraq, 50000,00 Avro məbləğində vəsait hesabına alınan malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsini və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Lakin qeyd etmək istəyir ki, "xxxx" MMC ilə İtaliya şirkəti - Piam S.p.A. arasında 02.10.2017-ci il tarixdə distribütorluq haqqında müqavilə bağlanmışdır. Həmin müqaviləyə görə, Piam S.p.A. öz məhsullarını Azərbaycan Respublikasının ərazisində satmaq və s. hüquqları həyata keçirməyi "xxxx" MMC-yə vermişdir. "xxxx" MMC müqavilə çərçivəsində müvafiq malları ölkə ərazisinə idxal etmək üçün müəyyən olunmuş pul vəsaitini (xarici valyutanı) əvvəlcədən adı çəkilən şirkətə ödəmişdir. Həmin müqavilənin imzalandığı tarix “02.10.2017-ci il” göstərilsə də, müqavilədə Piam S.p.A. şirkətinin səlahiyyətli nümayəndəsinin imzası altında əlyazma ilə 13.11.2017-ci il qeyd olunmuşdur. Müqavilə üzrə ödənişlərin təyinatı kimi 02.10.2017-ci il tarixli müqaviləyə istinad olunmuş, lakin müəyyən idxal bəyannamələrində texniki səhv nəticəsində müqavilənin tarixi “13.11.2017-ci il” göstərilmişdir. Halbuki, tərəflər arasında 13.11.2017-ci il tarixdə hər hansı müqavilə imzalanmamışdır. Göstərilənləri nəzərə almağınızı və müqavilə üzrə təqdim etdikləri idxal bəyannamələrində olan 13.11.2017-ci il tarixini texniki səhv kimi qəbul etməyinizi və iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclası zamanı Azərbaycan Respublikasının Mərkəzi Bankının nümayəndəsi X3 iş üzrə icraata xitam verilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş köçürmə haqqında ərizənin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Piam PharmaceuticiSPA” şirkətinin müvafiq bank hesabına 50000,00 Avro ödəniş edilmişdir. Məhkəməyə təqdim edilmiş **********5607 nömrəli, 07 mart 2020-ci il tarixli bank tərəfindən təsdiq olunmuş gömrük bəyannaməsinin surətindən görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən qabaqcadan ödəniş etməklə köçürülmüş 50000,00 Avro məbləğində vəsait hesabına malların ölkəyə idxalı öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə məsuliyyət nəzərdə tutur. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilən Məcəllənin 105.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol 04 aprel 2022-ci il tarixdə tərtib edilənədək həmin hüquqi şəxs tərəfindən 50000,00 Avro məbləğində malların ölkəyə idxalı qanunvericilikdə nəzərdə tutulan müddətdə həyata keçirilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi baş vermədiyindən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53, 105, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1494/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1494/2022
05.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver