Məhkəmə qərarları › İş №3(006)-1499/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1499/2025

15.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1499/2025 15.04.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim İbadzadə Anar Qənimət oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunan inzibati xəta haqqında protokol üzrə inzibati xəta haqqında işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə MN seriyalı ******* nömrəli, 12 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və inzibati tənbeh tədbiri görülməsindən ötrü material aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, vətəndaş X11, X8, X12 xx.xx.2024-cü il tarixdən bugünədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmişlər. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinin nümayəndəsi X13 protokolun məzmununa uyğun çıxış edərək təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının nümayəndəsi və vəkili Vəkil etiraz ərizəsi təqdim etmiş və etiraz ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, 07 avqust 2024-cü il tarixində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi tərəfindən geri qaytarılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər X14 Xidmətinin (bundan sonra “DƏMX”) 6 fevral 2025-ci il tarixli 3-17-5/2-10494/2025 nömrəli izahat məktubu (bundan sonra "izahat məktubu”) ilə təkrar məhkəməyə göndərilmişdir. İzahat məktubu ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İzahat məktubunda əsas sübut kimi işçi statusu ilə alınan icazə barədə çıxarışa istinad edilmiş (“... informasiya portalında işçi statusu ilə İcazələrin alınması, lakin işəgötürən tərəfindən həmin işçilərlə əmək müqaviləsinin bağlanılmaması...”), protokolun bu sübut əsasında tərtib edildiyi qeyd edilmiş və məhkəmədən həmin sübuta qiymət verilməsi xahiş edilmişdir. Lakin, icazələrin “işçi statusu” ilə alındığını təsdiq edən çıxarış iş üzrə icraat materiallarına əlavə edilmədiyindən bu sübuta qiymət verilməsi mümkün deyildir. Bununla yanaşı, bu “sübut" inzibati xətanın olub-olmaması, habelə inzibati xəta törədən şəxsin təqsirini müəyyən etməyə əsas verən fakt və məlumatları özündə əks etdirmədiyindən heç bir əhəmiyyət kəsb etmir. Belə ki, əvvəla, sözügedən vətəndaşlar üçün (X15, X8 və X12) icazələr alınarkən şəxslərin işçi statusunda olması barədə Şəxsnin Azərbaycan Respublikasındakı Filialı (bundan sonra “Filial”) tərəfindən hər hansı bir məlumat verilməmiş, belə bir fakt Filial tərəfindən, ümumiyyətlə, qeyd edilməmişdir. Bu qeyd "X26 Adİ X10" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən səhvən edilmiş, daha sonradan isə bu qeydin texniki xəta olduğuna dair Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə və DƏMX-ya 30 iyul 2024-cü il tarixdə "X26 Adi X10" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən məktub göndərilmişdir. Belə ki, işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilən, adlarə qeyd olunmuş şəxslərin hər biri - X11, X12 və X8 müvafiq olaraq X4 (VÖEN: **********), X1 (VÖEN: **********) və X9 (VÖEN: **********) rəsmi qeydiyyata alınmış işçiləridir və adları qeyd olunan işəgötürənlər ayrı-ayrılıqda hər biri "Nar Transport Services” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) ilə müxtəlif tarixlərdə nəqliyyat xidməti müqaviləsi bağlamış, sözügedən müqavilənin icrası məqsədilə nəqliyyat xidmətlərinin göstərilməsinə həmin şəxsləri (sürücüləri) cəlb etmişdir. "xxxx" MMC, "X26 Adi X10" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı ilə, həmçinin Şəxsnin Azərbaycan Respublikasındakı Filialı ilə müqavilə bağlamış, tərəflər arasındakı əməkdaşlıq çərçivəsində "X26 Adi X10" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı "xxxx" MMC-yə xidmət göstərən sürücülərə işğaldan azad olunmuş ərazilərə buraxılışa icazə üçün müvafiq portalda qeydiyyatdan keçirmiş, lakin texniki xəta səbəbindən "xxxx" MMC-yə məxsus əməkdaşlar kimi deyil, yanlışlıqla “X19 X7 Turizm Sanayi ve Ticaret Anonim Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialının işçiləri kimi portalda qeydə almışdır. Nəticə etibarilə, DƏMX və Məhkəməyə göndərilmiş məktubda "X26 Adi X10" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı portalda icazə alınan şəxslərin "X19 X7 Turizm Sanayi ve Ticaret Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının deyil, "xxxx" MMC-yə məxsus əməkdaşlar olduğunun nəzərə alınmasını xahiş etmişdir. Buna baxmayaraq, mövcud faktiki vəziyyət belə qənaətə gəlməyə əsas verir ki, DƏMX həmin məktubu nəzərə almamış və materialları təkrar məhkəməyə göndərmişdir. Digər tərəfdən, DƏMX tərəfindən məhkəməyə ünvanlanmış izahat məktubunda qeyd edilmişdir ki, “müəyyən edilmiş faktın əlavə araşdırılması ilə əlaqədar işəgötürənlərə rəsmi qaydada dəvət məktubları göndərilmiş”dir. DƏMX tərəfindən Filialın ünvanına sözügedən dəvət məktubu göndərilməmiş və nəticədə, dəvət məktubu daxil olmamışdır. Dəvət məktubunun əldə edilməməsi sözügedən məsələnin əksini sübut edəcək əsaslandırmanın təqdim olunmaması ilə nəticələnmişdir. Odur ki, izahat məktubunda qeyd edilən: “işəgötürənlər tərəfindən sözügedən məsələnin əksini sübut edəcək əsaslandırma təqdim olunmadığı üçün işçi statusu ilə alınan icazələrə dair çıxarışın təkzib edilməmiş sübut kimi qiymətləndirilməsi”, hüquqi və məntiqi baxımdan qəbuledilməzdir. Beləliklə, X14 Xidmətinin lazımi tədbirləri görmədən və natamam araşdırma apararaq, yalnız portaldakı məlumata əsasən X11, X12 və X2 Filialın işçiləri olduğu və Filial tərəfindən İXM-in 192.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi nəticəsinə gəlməsi tamamilə əsassızdır. Göstərilənlərə əsasən hesab edir ki, Filial barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə xüsusilə qeyd edir ki, iş üzrə izahat vermələri üçün protokolda adları qeyd olunmuş şəxslər X11, X8 və X5 məhkəmə iclasında iştiraklarını təmin etmək məqsədi ilə həmin şəxslərlə dəfələrlə əlaqə yaratmağa cəhd göstərilsə də, X11, X8 və X5 məhkəmə iclasında iştiraklarını təmin etmək mümkün olmamışdır. Məhkəməyə təqdim edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: “Nəqliyyat xidməti göstərilməsi haqqında” NTS 13/23 nömrəli müqavilədən görünür ki, sifarişçi “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı ilə icraçı "xxxx" MMC arasında nəqliyyat xidməti göstərilməsi haqqında müqavilə bağlanmışdır. "X26 Adi X10" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidmətinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, portal tələb olunmuş X6, X2 və X5 “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının deyil "xxxx" MMC-nin məxsus əməkdaşları olmasının nəzərə alınması xahiş edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə, işin hallarını tam, hərtərəfli və obyektiv tədqiq edərək belə nəticəyə gəlir ki, X11, X8 və X5 “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən hər-hansı bir işlərin yerinə yetirilməsinə cəlb edilməsi mötəbər sübutlarla təsdiq olunmur. Protokol tərtib edən orqan tərəfindən X11, X8 və X5 izahatları alınmamışdır. Bu hal bir daha onu təsdiq edir ki, X14 Xidməti tərəfindən toplanmış material üzrə tam, obyektiv və hərtərəfli yoxlama aparılmamış, iş üzrə düzgün hüquqi nəticəyə gəlinməsini təmin edəcək işin faktiki halları araşdırılmamışdır. Məhkəmə iclasında tədqiq edilmiş sübutlarla müəyyən olunmuşdur ki “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilə bilməz. Məhkəmə hesab edir ki, “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı tərəfindən həmin inzibati xətanın törədilməsi iş üzrə mötəbər sübutlarla təsdiq edilmir. İş üzrə məhkəməyə təqdim edilmiş sübutlar “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının təqsirliliyini təsdiq etmir, əksinə məhkəmə iclasında tədqiq edilmiş tərəflərin izahatları və digər sübutlarla “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının təqsirliliyi təkzib olunur. Belə ki, X14 Xidməti tərəfindən “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə tərtib olunmuş 12 iyul 2024-cü il tarixli “İnzibati xəta haqqında” protokolda X11, X8, X12 xx.xx.2024-cü il tarixdən bugünədək Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildikləri göstərilsə də, iş materiallarından görünür ki, X11, X8, X12 "xxxx" MMC-nin əməkdaşlarıdır və “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı ilə icraçı "xxxx" MMC arasında nəqliyyat xidməti göstərilməsi haqqında müqavilə bağlanmışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin baxdığı işlərdə istər dövlətə, istərsə də şəxsə münasibətdə “ağlabatan şübhələrə yer qoymadan sübutetmə” standartını əsas götürmüşdür. “Ağlabatan şübhələrə yer qoymadan” (və yaxud, “əsaslı şübhədən kənar”) sübutetmə standartı, adından da göründüyü kimi, sübutetmə predmetinə dair (təqsirliliyin və yaxud işin həlli üçün əhəmiyyət kəsb edən bu və ya digər faktın sübut olunmuş sayılmasına) ağlabatan, ciddi şübhələrin olmamasını ehtva edir. Bu standart sübutlardan hasil olunan nəticənin həqiqiliyinə heç bir şübhənin qalmaması, zərrə qədər də şübhənin istisna olunması anlamına gəlmir. Lakin, bu şübhələr o dərəcədə əhəmiyyətsiz, az inandırıcı olmalıdırlar ki, onlar tədqiq edilmiş sübutlardan başqa nəticələrin çıxarılması, sübutetmə predmetinə dair alternativ fərziyələr (digər ağlabatan ehtimallar) üçün əsas yaratmasınlar. Başqa sözlə, “əsaslı şübhədən kənar” standartı sübutetmədə mövcud olan şübhənin sübutlardan hasil olunmuş nəticəni ağlabatanlıqla təkzib etmək iqtidarında olmaması deməkdir. Beləliklə, məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol tərtib etmiş orqan işin hallarına düzgün qiymət verməmiş, iş üzrə zəruri əhəmiyyət kəsb edən halları araşdırmadan inzibati xəta haqqında protokol tərtib etmişdir. Məhkəmə sadalanan xüsusatlara əsasən qeyd edir ki, hər hansı bir şəxs barəsində inzibati məsuliyyətin yaranması üçün həmin şəxs törədilmiş inzibati xətanın ilk əvvəl subyekti olmalıdır və təqsirli bilindiyi maddənin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərin və yaxud hərəkətsizliyin onun tərəfindən törədilməsi sübutlarla müəyyən olunmalı və bu halların olması toplanmış sənədlərlə kifayət qədər öz təsdiqini tapmalıdır. Təqsirliliyi sübut etmək yükü məhkəmənin və ya barəsində protokol tərtib edilmiş şəxsin üzərinə düşmür. Bu yük protokol tərtib etmiş səlahiyyətli orqanın üzərinə düşür. Şəxs təqsirsizliyini sübut edə bilməməsi əsası ilə inzibati məsuliyyətə cəlb edilə bilməz. Həmçinin Azərbaycan Respublikası İXM-nin vəzifələri və prinsiplərinə əsasən məhkəmə mötəbər sübutlarla aradan qaldırıla bilinməyən şübhələri və ziddiyyətli məqamları həmin şəxsin xeyrinə həll etməli olması müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75-ci maddəsində göstərildiyi kimi, inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Həmin Məcəllənin maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə xətanın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələrin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin xeyrinə təfsir edilməli olmasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialının inzibati xəta törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X14 Xidməti tərəfindən tərtib olunmuş MN seriyalı ******* nömrəli, 12 iyul 2024-cü il tarixli protokol əsasında Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 40, 43, 48-51, 114-117, 128-130-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “X19 X7 Turizm Sanayi ve Ticarət Anonim Şirkəti”nin Azərbaycan Respublikasındakı Filialı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə tərtib edilmiş MN seriyalı ******* nömrəli, 12 iyul 2024-cü il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Anar İbadzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar