Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1506/2022 04.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X3 iştirakı ilə, Nəsimi rayon X10 Şöbəsinin polis mayoru Vüsal Məmmədov tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan X3 verdiyi şikayətə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 rayon X10 Şöbəsinin polis mayoru Vüsal Məmmədov tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verərək həmin qərarın ləğv edilməsini, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 19.02.2022-ci il tarixdə özünə məxsus **-VO-*** dövlət nömrə nişanlı “BMW 328 minik” markalı avtomobili ilə Neftçilər prospektində hərəkətdə olarkən Nəsimi rayon DYPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq, avtomobilin səsboğucusundan yüksək səs gəldiyini bildirmişlər. İnspektora hər şeyin normativlərə uyğun olduğunu deməsinə baxmyaraq, barəsində heç bir protokol tərtib edilmədən, avtomobilini müvəqqəti duracağa yerləşdirmişlər. Ona isə Nəsimi DYPŞ-nə yaxınlaşmağını, məsələni orda aydınlaşdırmalı olduğunu bildirmişlər. Avtomobilini duracağa yerləşdirilən zaman, atomobilinin səs gücü, heç bir xüsusi texniki vasitə ilə ölçülməmişdir. Əvəzində isə, YPX inspektorlarından biri avtomobilinə əyləşərək güclü qaz vermiş, digəri isə xüsusi texniki vasitə sayılmayan mobil telefonu ilə video çəkmişdir. Çəkdikləri videonu sübut adlandırmaqdan çəkinməyən inspektor onu, qanunsuz tələblərinə riayət etməyəcəyi təqdirdə PPX-i çağıracağı, barəsində daha ciddi tədbirlər görəcəyi ilə hədələmişdir. 20.02.2022-ci il tarixində Nəsimi DYPŞ-nə yaxınlaşdıqda nəyə görə avtomobilin saxlanıldığını və duracağa yerləşdirildiyini soruşmuşdur. Cavab olaraq, avtomobilinin səs boğucu sistemindən səsin çox çıxdığını, guya bunun standartlara uyğun olmadığını bildirmişlər. Lakin o, israrla səsin standartlara uyğun olduğunu, səsin standartlara uyğun olmayan şəraitdə ölçüldüyünü, hüquqlarının Nəsimi DYPŞ-nin əməkdaşları tərəfindən kəskin şəkildə tapdalandığını bildirsə də, onu diqqətə almamışlar, əvəzində avtomobilinin duracaqdan buraxılması üçün pul tələb etmişlər. Azstandartın yaydığı məlumata əsasən ölkədə ГOCT-31333-2006 standartı keçərlidir. Bu sənəd 24 iyun 2006-cı ildə qəbul edilmişdir. Bu standarta əsasən avtomobilin səsi "Şumomer"lə ölçülməlidir və onun da standartı ГOCT-17187-ə uyğun olmalıdır. Qanuna əsasən şumomer ilk olaraq kalibrə edilməli, yəni yoxlanmalıdır. Kalibrə üsulu istehsalçı tərəfindən müəyən edilir və ya pistonfon adlı cihazla aparılır. Külək güzgüsündən istifadə edilən zaman isə əmin olmaq lazımdır ki, onun səs xətası 0.5-dən yuxarı deyildir. Ölçmə, avtomobilin səsi tam düz yerdə keçirilməlidir və bu yer elə olmalıdır ki, orada təkər səsi demək olar ki, olmasın. Yer quru olsun və bu şəhər vəziyyətində yoxlanılmır. Avtomobilin səsi xüsusi sınaq poliqonunda yoxlanılır. Poliqonun asfalt örtüyündən tutmuş ərazinin küləkli olması da önəmlidir. Məsələn saniyədə 5 metrdən sürətli külək əsərsə sınaq keçirilmir. Mikrofon 1.20 metr hündürlüyündə quraşdırılmalıdır və məsafə şəkillərdə göründüyü kimi olmalıdır. Avtomobili hər iki tərəfdən ən azı iki dəfə ölçmək lazımdır. Avtomobilin səsi ölçülən zaman avtomobil sınaq meydançasında yerləşdirilir, mühərrik söndürülür, avtomobil əl əyləci ilə dayandırılır, təkərlərin arxasına yığırlanma əleyhinə maneə quraşdırılır, avtomobilə istismarına icazə verildiyi formada taxometr quraşdırılır, qeyd olunmuş formada mikrofon yerləşdirilir, şumomer istehsalçının tövsiyəsinə uyğun işə salınır və ayarlanır, sürətlər qutusu neytrala keçirilir, mühərrik işə salınır. Qeyd edir ki, M1 kateqoriyalı minik avtomobilləri və N1 kateqoriyalı yüksərnişin və sərnişin avtomobillərində standart - 96 db-dir. İnspektorun əməlləri birbaşa qanunsuzdur. Çünki, YHQ-nun 85-ci maddəsinə əsasən, nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti qaydalarının, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və ya avtomobil yollarından istifadə qaydalarının pozulduğu vizual şəkildə aşkar edildikdə və ya xüsusi texniki vasitələrdən istifadə etməklə müəyyən olunduqda, yol hərəkəti təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) əməkdaşı nəqliyyat vasitəsini idarə edən şəxslərdən aşağıdakı hallarda nəqliyyat vasitəsini dayandırmağı tələb edir. Dayandırılmış nəqliyyat vasitəsinin sürücüsünə özünü təqdim edən YPX-nin inspektoru sürücü barəsində inzibati protokol tərtib etməlidir. İXM-nin 93-cü maddəsinə əsasən, nəqliyyat vasitəsinə baxış, yəni onun konstruktiv bütövlüyünü pozmadan inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müəyyən edilməsi məqsədi ilə aparılan müayinədir. Nəqliyyat vasitəsinə baxış nəqliyyat vasitəsi sahibinin və iki hal şahidinin iştirakı ilə aparılır. Nəqliyyat vasitəsinə baxış haqqında protokol tərtib olunur. Lakin, YPX inspektoru tərəfindən İXM-nin 93-cü maddəsinin tələbləri kobud şəkildə pozulmuş, avtomobilə qanunsuz baxış keçirilmişdir. Möhtərəm hakim, İXM-nin 8-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Yuxarıda qeyd etdiyi kimi YPX inspektoru İXM-nin 8-ci maddəsinin tələblərini kobud şəkildə pozaraq, onun təqsirini sübuta yetirmədən öz mülahizələrinə uyğun avtomobilini duracağa yerləşdirmiş, 3 gün sonra köhnə tarixə barəsində inzibati protokol tərtib edərək qərar çıxarmışdır. İXM-nin 101-ci maddəsinə əsasən, inzibatı xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilməlidir. Qeyd etdiyi kimi avomobili duracağa yerləşdiriləndən 3 gün sonra barəsində inzibati protokol tərtib edilmişdir. Hər kəsə məlumdur ki, bütün YPX avtomobilləri bort kompyuterlə təmin edilib və protokol onlara təhkim edilmiş planşetlər vasitəsi ilə tərtib edilir. Uzun illərdir ki, kağız formasında olan protokollardan DYP-nin əməkdaşları istifadə etmir. Hətta planşetlə tərtib edilən protokolun kağız nüsxəsini sürücüyə təqdim etmək üçün avtomobillərdə xüsusi printerlər də quraşdırılmışdır. Protokolu tərtib edən şəxs onun avtomobilini saxlayan, duracağa yerləşdirən şəxs olmamışdır. İXM-nin 97-ci maddəsinə əsasən, nəqliyyat vasitəsinin saxlanılması iki nüsxədə olan aktla rəsmiləşdirilir, onun birinci nüsxəsi inzibati xata haqqında protokola əlavə edilir, surəti isə nəqliyyat vasitəsini idarə edənə verilir. DYPŞ-nin əməkdaşları tərəfindən nəqliyyatı vasitəsi duracağa yerləşdirilən zaman heç-bir akt tərtib edilməmişdir. Avtomobil orda olan zaman taleyindən xəbərsiz olmuşdur. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53- cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Azərbaycan Respublikası İXM-nin 129.1.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Respublikası İXM-nin 126.1. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs inzibati xəta törətməsi barədə bu Məcəllənin 125.2.2-ci maddəsində və ya 125.2.3-cü maddəsində (elektron kabinetdə mobil telefon nömrəsi olmadığı halda) müəyyən olunmuş qaydada məlumatlandırıldığı vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikavət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Azərbaycan Respublikası İXM-nin 134.1.3-cü maddəsinə əsasən hakim bu Məcəllənin 53cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənləri nəzərə alaraq, Nəsimi Rayon DYPŞ-nin polis mayoru X4 tərəfindən 05.03.2022-ci il tarixdə tərtib edilmiş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X5 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Nəsimi rayon X10 Şöbəsinə lazımi qaydada məlumat verilsə də, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Nəsimi rayon X10 Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçılarını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək, hesab edir ki, şikayət qismən təmin edilməlidir. İş materiallarında olan Nəsimi rayon X10 Şöbəsinin polis mayoru Vüsal Məmmədov tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X5 19.02.2022-ci il tarixdə saat 23:15 radələrində idarə etdiyi “BMW 328 Minik” markalı, **-VO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospektində hərəkətdə olarkən mühərrikin səs gücünün artırılması məqsədi ilə nəqliyyat vasitəsinin işlənmiş qazları xaric etmə sisteminə normativ tələblər pozulmaqla avadanlığın dəyişdirilməsi müəyyən edilmişdir. X1 Azərbaycan Respublikası İXM-nin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinib 500 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikasında avtomobillərin mühərrikinin səs gücünün ölçülməsi Standartlaşma, Metrologiya və Sertifikasiya üzrə Dövlətlərarası Şurası (İnterstate Council for Standardization, Metrology and Certification) tərəfindən qəbul olunmuş və Azərbaycan Respublikasının 24 iyun 2006-cı il tarixdə qoşulduğu QOST 31333-2006 standartına uyğun həyata keçirilir. Həmin qaydalara görə, ölçmə QOCT 17187-nin 1-ci sinfinin tələblərinə uyğun olan, müvafiq kalibrovkadan keçmiş “Şumomer” aparatı ilə aparılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərərçəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 84.2-ci maddəsinə əsasən isə heç bir sübutun qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin Məcəllənin 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1. qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2. bu Məcəllənin 135.1.2 – 135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3. bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4. bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5. şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında. Həmin Məcəllənin 135.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə hərtərəfli və tam araşdırma aparılmadığından (avtomobilin mühərrikinin səs gücünün ölçülməsi zamanı istifadə edilən cihazın QOCT 17187-nin 1-ci sinfinin tələblərinə uyğun olub-olmaması, həmçinin yoxlamanın standartlara uyğun şəraitdə və qaydada həyata keçirilib-keçirilməməsi və s. araşdırılmadığından) şikayət qismən təmin edilməli, X3 barəsində Nəsimi rayon X10 Şöbəsinin polis mayoru Vüsal Məmmədov tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, materiallar tam və hərtərəfli araşdırılması üçün Nəsimi rayon X10 Şöbəsinə göndərilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133136ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Nəsimi rayon X10 Şöbəsinin polis mayoru Vüsal Məmmədov tərəfindən qəbul edilmiş 05.03.2022-ci il tarixli, TP seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin. X3 inzibati xəta törətməsinə dair materiallar yenidən baxılması üçün Nəsimi rayon X10 Şöbəsinə göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1506/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1506/2022
04.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver