Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1507/2022 12.05.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi X1 iştirakı ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 15.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 15.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və inzibati iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, onun Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən barəsində 24.11.2021-ci il tarixli ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və o, inzibati Xətalar Məcəlləsinin (İXM) 198.1, 114.1.1 -ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək 1500 manat məbləğində cərimə edilmişdir. Bildirir ki, həmin qərar qəbul edilərkən qanunvericiliyin normaları kobud şəkildə pozulmuş və nəticədə qanunsuz və əsassız qərar qəbul edilmişdir. Belə ki, inzibati tənbeh vermə haqqında qərarı qəbul etmiş orqan qərarını onunla əsaslandırmışdır ki, guya o, Azəbyacan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etmişdir. Bildirir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən barəsində tərtib edilmiş qərarı qanunsuzdur. Belə ki, o, həmin obyektin sahibi deyil və heç bir sənəddə onun adı yoxdur. Həmin obyekt onun dostunundur və dostu işlə əlaqədar olaraq çıxdığı üçün müvəqqəti olaraq həmin obyektə nəzarət etməyi ona həvalə etmişdir. O, heç vaxt hər hansı bir fiziki şəxsi işə götürməmiş və hər-hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb etməmişdir. Qərarı qəbul edən orqan heç bir araşdırma aparmadan, hətta onu çağırıb izahat almadan barəsində belə bir qərar qəbul etmişdir. Qərarı qəbul etmiş orqan bir vətəndaş kimi onun bütün konstitusion hüquqlarını tamamilə pozmuşdur. Hesab edir ki, qərar qanunsuz olduğundan rədd edilməli və icraata xitam verilməlidir. Göstərilənləri nəzərə alaraq Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 15.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi və inzibati iş üzrə icraata xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Ə.C.Əsədullayev şikayətlə razılaşmayaraq bildirmişdir ki, Bakı şəhəri Nəsimi RPİ-nin X7 Xidmətinə ünyanladığı 19.10.2021-ci il tarixli məktub və ona əlavə edilmiş sənədlər əsasında C.V.Quliyev tərəfindən X2 əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb edilməsi faktı aşkar edilmiş və C.Quliyev barəsində 24.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. C.V.Quliyev şikayətini onunla əsaslandırılmışdır ki, obyektin sahibi deyil və heç bir sənəddə onun adı getmir, obyekt dostunundur və dostunu əvəz etmək üçün obyektə nəzarət etmişdir, habelə səlahiyyətli orqan araşdırma aparılan zaman onun izahatını almamışdır. Bildirir ki, C.V.Quliyevin şikayəti məsuliyyətdən boyun qaçırmaq üçün verilmiş əsassız ifadələrə əsaslanıldığından və Xidmət tərəfindən aparılmış icraat ədalətli və qanuni olduğundan şikayət təmin edilməməlidir. Nəzərə çatdırır ki, Nəsimi RPİ-nin Memar Əcəmi metrosu yaxınlığında yerləşən bir sıra çayxanalarda azyaşlıların fəaliyyətə cəlb olunması ilə bağlı araşdırma aparılmış və həmin çayxanalardan biri olan “Boss” adlı obyekti işlədən C.V.Quliyev tərəfindən yetkinlik yaşına çatmayan A.Ə.İsmayılovanın ofisiant olaraq fəaliyyətə cəlb edildiyi müəyyən edilmişdir. Belə ki, C.V.Quliyev polisə verdiyi izahatında “Boss” adlı çayxananı icarəyə götürdüyünü, çay və pivə satdığını, sentyabr ayında Aysu adlı xanımı ofisiant kimi işə götürüdüyünü, gündəlik 15-20 manat əmək haqqı verdiyini, şəxsiyyət vəsiqəsini götürmədiyi üçün yetkinlik yaşına çatmayan olduğunu bilmədiyi qeyd etmiş və öz imzası ilə təsdiqləmişdir. Həmçinin, A.Ə.İsmayılova 2005-ci ildə anadan olduğunu, 3 ildir valideynlərindən ayrı yaşadığını Çoşqun adlı şəxsin onu ofisiant kimi işə götürdüyünü, güncəlik 20 manat əmək haqqı verdiyini, bundan əvvəl də gecə klublarında işlədiyini, işə götürən zaman Coşquna yaşını demədiyini və s bildirmişdir. İzahatlardan da göründüyü kimi, şəxs faktiki olaraq sözügedən obyektdə qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və 16 yaşında olan Aysun İsmayılovanı sentyabr ayının sonlarından çayxanada ofisiant kimi işə cəlb etmişdir. Bu halı təsdiq edən sənədləri məhkəməyə təqdim edir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati rrəsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 10-cu maddəsinə əsasən dövlət orqanları (qurumları) və bələdiyyələr inzibati xətaların qarşısının alınması, inzibati xətaların törədilməsinə kömək edən səbəblərin və şəraitin aşkar edilməsi və aradan qaldırılması, vətəndaşların hüquq şüurunun və mədəniyyətinin yüksəldilməsi və Azərbaycan Respublikasının qanunlarına cicidi əməl etmək ruhunda tərbiyə olunması sahəsində tədbirlər hazırlayır və həyata keçirirlər. Göstərilənləri nəzərə alaraq şikayətin əsassız olduğundan təmin edilməməsini və X7 Xidmətinin 24.11.2021-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının qüvvədə qalmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə şikayətçi C.V.Quliyevə lazımi qaydada məlumat verilsə də, şikayətçi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə şikayətçinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Belə ki, iş materiallarına əlavə edilmiş 26.04.2022-ci il tarixli bildirişdən görünür ki, şikayətçinin qeydiyyatda olduğu ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir (27.04.2022-ci il tarixli reyestrin 19 sıra nömrəsi ilə). İş materiallarına əlavə edilmiş SMS xəbardarlığı AZEMİS vasitəsi ilə göndərilməsi barədə bildirişdən görünür ki, şikayətçi C.V.Quliyevə məxsus ***-***-**-** saylı mobil telefon nömrəsinə 04.05.2022-ci il tarixdə keçiriləcək məhkəmə iclasının vaxtı və yeri barədə SMS bildiriş göndərilmişdir. İş materiallarına əlavə edilmiş 04.05.2022-ci il tarixli bildirişdən görünür ki, şikayətçinin qeydiyyatda olduğu ünvan 1 ünvanına Nəsimi Rayon Məhkəməsi tərəfindən inzibati xəta haqqında işə məhkəmədə baxılmasının vaxtı və yeri barədə məlumat göndərilmişdir. Məhkəmə şikayət ərizəsini və digər iş materiallarını araşdıraraq hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 15.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokolun surətindən görünür ki, C.V.Quliyev ünvan 3 ünvanında yetkinlik yaşına çatmayan 14.12.2005-ci il təvəllüdlü A.Ə.İsmayılovanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da C.V.Quliyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan 24.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında qərarın surətindən görünür ki, C.V.Quliyev Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməməsinə cəlb etmiş, nəticədə sonuncu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Nəsimi RPİ-nin 19.10.2021-ci il tarixli, 082-38947 nömrəli məktubunun surətindən görünür ki, “Yetkinlik yaşına çatmayanların qanuna zidd əməllərə cəlb edilməsi və onların əməyinin istismarı hallarının qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi haqqında” Azərbaycan Respublikası DİN-in 04.11.2009-cu il tarixli, 61 nömrəli göstərişin icrası zamanı 03.10.2021-ci il tarixdə ünvan 4 ünvanında yerləşən “Boss” adlı çay evində işləyən yetkinlik yaşına çatmayan 14.12.2005-ci il təvəllüdlü A.Ə.İsmayılova müəyyən edilmişdir. “Boss” adlı çay evini işlədən şəxs yetkinlik yaşına çatmayan A.Ə.İsmayılovanı qeyri-qanuni işə qəbul etmiş, onunla Azərbaycan Respublikası Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontrakt) bağlamadan, uşağın həyatına, sağlamlığına və mənəviyyatına təhlükə yaradan fəaliyyətə cəlb edərək ona hüquq və vəzifələrini eyni zamanda texniki təhlükəsizlik qaydalarını izah etməmişdir. Bununla da, “Boss” adlı çay evini işlədən şəxs C.V.Quliyev Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192-ci və Əmək Məcəlləsinin 91, 250, 252 və 254-cü maddələrinin tələblərini kobu surətdə pozaraq inzibati xəta törətmişdir. Yetkinlik yaşına çatmayan şəxs A.Ə.İsmayılovanın əməyinin istismar edilməsi və həmçinin “Boss” adlı çay evini işlədən şəxsin yetkinlik yaşına çatmayanı qeyriqanuni olaraq işə qəbul etməsini nəzərə alıb və eləcə də belə halların qarşısının alınması məqsədi ilə polis əməkdaşları tərəfindən akar olunmuş fakt əsasında toplanmış material aidiyyəti üzrə baxılıb tədbir görülməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X5 göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən olunmuşdur ki, C.V.Quliyev ünvan 3 ünvanında yetkinlik yaşına çatmayan 14.12.2005-ci il təvəllüdlü A.Ə.İsmayılovanı əmək müqaviləsi hüquqi qüvvəyə minmədən işlərin yerinə yetirilməsinə cəlb etmiş, bununla da C.V.Quliyev barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə 15.11.2021-ci il tarixli, MN № ******* saylı protokol tərtib edilmiş, həmin protokol əsasında 24.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati tənbeh vermə haqqında əsaslı olaraq qərar qəbul edilmişdir. Həmçinin məhkəmə iclasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin nümayəndəsi Ə.C.Əsədullayev tərəfindən təqdim edilmiş materiallarla da müəyyən edilmişdir ki, şikayətçi C.V.Quliyevin Nəsimi RPİdə izahatı alınarkən A.Ə.İsmayılova ilə əmək müqaviləsi bağlamadığını və gündəlik ona 15-20 manat məbləğində əmək haqqı verdiyi bildirmişdir. Eyni zamanda A.Ə.İsmayılova da izahatında onunla heç bir əmək müqaviləsi bağlanmadığını və gündəlik əmək haqqı aldığını bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, C.V.Quliyev əmək müqaviləsi olmadan A.Ə.İsmayılovanı əməyə cəlb etmiş və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti tərəfindən əsaslı olaraq onun barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 46-cı maddəsinin 4-cü hissəsinə əsasən əmək müqaviləsi on beş yaşına çatmış fiziki şəxslərlə bağlanıla bilər 15 yaşına çatmamış şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu Məcəllənin 312-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilir. On beş yaşından on səkkiz yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanarkən onların valideynlərindən və ya övladlığa götürənlərdən (qəyyumlarından) birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı razılığı alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 99.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər halların səlahiyyətli vəzifəli şəxs tərəfindən bilavasitə və ya xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilməsi inzibati xətalar haqqında işlər üzrə icraata başlamağa səbəb ola bilər. Həmin Məcəllənin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə - fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin inzibati xəta haqqında işin baxılmağa hazırlanması adlanan 106-cı maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən bir sıra məsələləri o cümlədən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələbinə müvafiq olaraq tərtib edildiyini (106.0.3), mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplandığını (106.0.5) həll edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 15.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24.11.2021-ci il tarixli, MN № ******* saylı qərarı qanuni və əsaslı olduğundan C.V.Quliyevin verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X3 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidmətinin 15.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 24.11.2021-ci il tarixli, MN № ******* saylı inzibati xəta haqqında qərar qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılsın. Qərarın surəti tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Azər Tağıyev
Məhkəmə qərarları › İş №3(006)-1507/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1507/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver