Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1507/2024 02.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim: Pənahov Babək Əkbər oğlunun sədrliyi Məhkəmə iclasının katibi: X3 İnzibati xəta haqqında Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük protokolu tərtib etmiş: icra məmuru X2 oğlunun Zərər çəkmiş şəxs: Zərərçəkmiş şəxs iştirakları ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi (hüquqi ünvanı: Bakı şəhəri Nəsimi rayonu, Xan Şuşinski küçəsi, ev 17, VÖEN: **********) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi üzrə tərtib olunmuş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri üzrə Təhsil İdarəsi Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-747/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6706/2021 saylı icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Sabunçu rayon İcra şöbəsinin böyük icra məmuru X1 izahatında bildirdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-747/2020 saylı icra vərəqəsinə əsasən Firuz Bayramov adına 22 saylı tam orta məktəbin xx.xx.2019-cu il tarixli, 424 saylı əmri qanunsuz hesab edilərək ləğv edilmiş və iddiaçı Zərərçəkmiş şəxs vurulmuş mənəvi ziyanın əvəzi olaraq 500 manat məbləğində pul cavabdeh Firuz Bayramov adına 22 saylı tam orta məktəbdən tutularaq Zərərçəkmiş şəxs verilməlidir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6706/2021 saylı icra vərəqəsinə əsasən vurulmuş mənəvi zərərin əvəzi kimi Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbdən 500 manat pul tutularaq Azərbaycan Respublikası Təhsil Nazirliyi vasitəsilə Zərərçəkmiş şəxs ödənilməli, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 15 manat hissəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 7,50 manat hissəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi vasitəsilə Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbdən tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir. İcra sənədləri icraata daxil olduqdan sonra müvafiq qaydada icraata başlama haqqında qərarlar qəbul edilmiş, həmçinin xx.xx.2023cü il tarixdə icra işlərinin ümumi icraatda birləşdirilmişdir. Firuz Bayramov adına 22 saylı tam orta məktəbin 08 may 2023-cü il tarixli, 714 saylı məktubunda qeyd olunmuşdur ki, icra vərəqələrinin məktəbin səlahiyyətlərinə aid olan hissəsi icra olunmuş, məktəbin səlahiyyətlərinə aid olmayan hissəsi, yəni pul vəsaitlərinin ödənilməsi barədə isə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumatlandırılmışdır. Məktəbin maliyyələşdirilməsi Bakı şəhəri üzrə Təhsil İdarəsi vasitəsilə həyata keçirildiyindən, qeyd olunan icra vərəqələrində göstərilən pul vəsaitlərinin ödənilməsi üçün xx.xx.2024-cü il tarixli və təkrar olaraq xx.xx.2024-cü il tarixli məktublarla həmin İdarəyə müraciətlər olunmuş, lakin qurumun əməkdaşları hər dəfə pulun yaxın günlərdə ödəniləcəyi bildirilsələr də, bugünə kimi tələb təmin olunmamışdır. Buna görə də Bakı şəhəri üzrə Təhsil İdarəsinin inzibati məsuliyyətə cəlb edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs izahatında göstərdi ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-747/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6706/2021 saylı icra vərəqələrinə əsasən Firuz Bayramov adına 22 saylı tam orta məktəbdən onun xeyrinə ümumilikdə 1.022,50 manat pul tutulmalıdır. Lakin bugünə qədər bu vəsait ödənilməmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbardarlıq edilməsi üzrə görülmüş tədbirlərə baxmayaraq, barəsində icraat aparılan hüquqi şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan: • Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)- 747/2020 saylı icra vərəqəsinə əsasən Firuz Bayramov adına 22 saylı tam orta məktəbin xx.xx.2019-cu il tarixli, 424 saylı əmri qanunsuz hesab edilərək ləğv edilmiş və iddiaçı Zərərçəkmiş şəxs vurulmuş mənəvi ziyanın əvəzi olaraq 500 manat məbləğində pul cavabdeh Firuz Bayramov adına 22 saylı tam orta məktəbdən tutularaq Zərərçəkmiş şəxs verilməlidir; • Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6706/2021 saylı icra vərəqəsinə əsasən isə vurulmuş mənəvi zərərin əvəzi kimi Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbdən 500 manat pul tutularaq Azərbaycan Respublikası Təhsil Nazirliyi vasitəsilə Zərərçəkmiş şəxs ödənilməli, iddia ərizəsi verilərkən dövlət rüsumu kimi ödənilmiş 30 manat pulun 15 manat hissəsi və apellyasiya şikayəti verilərkən ödənilmiş 15 manat dövlət rüsumunun 7,50 manat hissəsi Azərbaycan Respublikası Təhsil Nazirliyi vasitəsilə Bakı şəhəri Sabunçu rayonu Firuz Bayramov adına 22 saylı tam orta məktəbdən tutularaq Zərərçəkmiş şəxs ödənilməlidir; • Firuz Bayramov adına 22 saylı tam orta məktəbin 08 may 2023-cü il tarixli, 714 saylı məktubunda qeyd olunur ki, icra vərəqələrinin məktəbin səlahiyyətlərinə aid olan hissəsi icra olunmuş (əmrin surəti əlavə olunur), məktəbin səlahiyyətlərinə aid olmayan hissəsi barədə isə Bakı şəhəri üzrə Təhsil İdarəsi məlumatlandırılmışdır; • Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri üzrə Təhsil idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli, 48753/28 saylı məktubla Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-747/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6706/2021 saylı icra vərəqələri icrası olunması üçün göndərilməklə müvafiq bank rekviziti təqdim olunmuşdur; • Bakı şəhəri Sabunçu rayon İcra şöbəsi tərəfindən Bakı şəhəri üzrə Təhsil idarəsinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd olunan icra sənədlərinin icra olunmaması göstərilərək tələbin icrasını təmin edib 3 gün ərzində şöbəyə məlumatın verilməsi xahiş olunmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-747/2020 saylı və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(103)-6706/2021 saylı icra vərəqələrinin icrası ilə bağlı icra məmurunun qanuni tələbləri yerinə yetirilməmişdir. Bununla da qurum tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə məsuliyyət nəzərdə tutur. Azərbaycan Respublikası Konstitusiyanın 129-cu maddəsinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hornsbi Yunanıstana qarşı” iş üzrə 19 mart 1997-ci il tarixli Qərarında vurğulayır ki, iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi iş olan tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı. Qeyd olunan maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı; halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi “Burdov Rusiyaya qarşı” iş üzrə 07 may 2002-ci il tarixli Qərarında qeyd edir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci və 3-cü maddələrinə əsasən Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmədə Bakı şəhəri üzrə Təhsil İdarəsinin məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən törədilən inzibati xətanın xarakterini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini və işin digər hallarını nəzərə alaraq belə nəticəyə gəlir ki, Bakı şəhəri üzrə Təhsil İdarəsi hüquqi şəxs qismində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinməli və quruma həmin maddənin sanksiyasında nəzərdə tutulan cərimə növündə inzibati tənbeh növü tətbiq olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-50, 114-115 və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Bakı şəhəri üzrə Təhsil İdarəsi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş xətanın törədilməsində təqsirli bilinərək 3.000 (üç min) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov
Məhkəmə qərarları › İş №3(006)-1507/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1507/2024
02.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver