Məhkəmə qərarları › İş №3(006)-1519/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1519/2024

03.05.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1519/2024 03.05.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, Mustafayeva İlhamə Mövlan qızının katibliyi ilə, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6, şikayətçi X4 nümayəndəsi və vəkili X2 iştirakları ilə, X4 Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X9 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, barəsində (13 mart 2024-cü il tarixli MN №1932054 saylı inzibati xəta haqqında protokol əsasında) AR İXM-nin 192.4-cü maddəsinə əsasən 900 manat cərimə olunmasına dair 05 aprel 2024-cü il tarixli MN №1612679 saylı inzibati tənbeh tətbiq edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. X9 şikayət ərizəsini onunla əsaslandırmışdır ki, X3 "xxxx" QSC-də əmək hüquqlarının pozulması barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında X12 Xidməti Bakı şəhər İdarəsinə əmək müqaviləsinə xitam verildikdən sonra xx.xx.2024-cü il tarixində müraciət etmişdir. Onun müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı şəhər idarəsi tərəfindən baxılmasının nəticəsi olaraq onun barəsində AR İXM-nin 198.1.5-ci və 192.4-cü maddəsində əks olunan inzibati xətaları törətməkdə təqsirli bilinərək barəsində AR İXM-in 192.4-cü maddəsinə əsasən 900 (doqquz yüz) manat cərimə tətbiq edilməsi barədə qərar qəbul edilmişdir. İlkin olaraq məhkəmənin diqqətinə çatdırır ki, Qərarda onun 2023-cü il ərzində işçinin artıq işə cəlb etdiyi qeyd olunur. Məlum olduğu kimi İXM-in 38.1-ci maddəsinə İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Göründüyü kimi inzibati orqan tərəfindən onun konkret olaraq hansı tarixdə xəta törətməyi müəyyən edilməmişdir. Əgər ortada bir xəta varsa və onun törədilməsindən 4 aydan çox vaxt keçibsə İXM-in 38-ci maddəsinə görə ona inzibati tənbeh verilə bilməzdi. Həmçinin İXM-in tənzimlədiyi ümumi qaydalara görə şübhələr onun xeyrinə həll edilməlidir və onun təqsirliliyini sübut etmək qarşı tərəfin öhdəliyidir. Barəsində tərtib edilən inzibati xəta haqqında qərarda qeyd edilən İnzibati Xətalar Məcəlləsinin 192.4cü maddəsi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə inzibati xəta olaraq müəyyən edir. Məcəllənin 198.1.5-ci maddəsi isə normal əmək və istirahət rejiminə riayət edilməməsini xəta olaraq müəyyən edir. Lakin işəgötürən olaraq tərəflərindən qeyd edilən pozuntulardan heç biri törədilməmişdir. Araşdırma zamanı bizə işçinin iş saatından artıq işlədilməsini pozuntu olaraq müəyyən edildiyi bildirilmişdir. Halbuki artıq işlənilən saata görə işçiyə əlavə əmək haqqı tərəflərindən ödənilmişdir. Yəni heç bir pozuntuya yol verilməmişdir. Ümumiyyətlə İXM-də əks olunan “normal əmək və istirahət rejimi” dedikdə nə nəzərdə tutulur onlar üçün anlaşılmazdır. AR Əmək Məcəlləsində yalnız 1 yerdə “normal əmək və istirahət rejimi” ifadəsi işlənir ki, o da “Əməyin mühafizəsi sahəsində mülkiyyətçinin və işəgötürənlərin vəzifələri” maddəsində əks olunmuşdur. Yəni əməyin təhlükəsizliyi ilə bağlı olan şərait nəzərdə tutulur. Lakin araşdırma zamanı ona sırf vaxt normalarına düzgün riayət etməməyi nöqsan olaraq bildirilmişdir. Məlum olduğu kimi İXM maddi normaların pozulmasını özündə əks etdirir. İXM-in 198.1.5-ci maddəsi Əmək Məcəlləsinin 215-ci maddəsində əks olunan - təhlükəsizliyin pozulmamasını özündə xəta olaraq əks etdirir. Buna görə də “iş saatından artıq işləmə halında” qeyd edilən maddə, yəni 198.1.5-ci maddə ilə təqsirli hesab edilə bilməzdim mən. Buna görə də sözügedən qərar ləğv edilməlidir. Əlavə olaraq bildirir ki, AR Əmək Məcəlləsinin 99.1-ci maddəsinə görə İş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. Həmin maddənin 3-cü hissəsi iş vaxtından artıq işə cəlb etmənin qadağan edildiyi halları müəyyən edir ki, hazırki situasiyada həmin istisna hallar mövcud deyildir. X10 da qeyd edilən haldan şikayətçi olmamış, onun orqana şikayəti bununla bağlı olmamışdır. İşçi özünün razılığı ilə iş saatından artıq işə cəlb edilmiş və ona uyğun da əmək haqqına əlavəsini almışdır. Həmçinin Əmək Məcəlləsinin 95.1-ci maddəsinə görə İş vaxtının rejimi qaydaları — gündəlik iş vaxtının müddəti, onun başlanması və qurtarması, işdə fasilələrin vaxtı və müddəti, sutkadakı növbələrin sayı, növbə sənədləri və onların tərtibi, bir növbədən digər növbəyə keçirilmə, iş vaxtının cəmlənmiş uçotu, işlənmiş iş günlərinin istirahət günləri ilə əvəz edilməsi (əvəzgünün verilməsi) qaydaları, habelə həftəlik iş günlərinin sayı müəssisədaxili intizam qaydaları və ya əmək müqaviləsi, kollektiv müqavilə ilə müəyyən edilir. Ağadadaş Salahovun aylar üzrə iş cədvəlləri, norma saatları, əmək haqqı və s. ödənişlərin ödənilməsi, normal əmək rejiminə əmək Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun olaraq, şikayətçinin əmək münasibətində olduğu müəssisənin həmkarlar ittifaqı komitəsi ilə razılaşdırılaraq təsdiq olunmuşdur. Bütün bunlar dəmiryolçuların müstəqil həmkarlar ittifaqı Respublika komitəsi ilə "xxxx" QSC rəhbərliyi arasında imzalanmış baş kollektiv saziş əsasında icra olunmuşdur. Həmçinin Əmək Məcəlləsinin 165.1-ci maddəsində qeyd olunur ki, işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla, əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində ödənilir. Qeyd edilənlərə uyğun olaraq işçi öz razılığı və kollektiv sazişə uyğun olaraq artıq işə cəlb edilibsə buna uyğun olaraq artıq əmək haqqı alıbsa son haqq hesabın hesablanmasında hər hansı pozuntuya yol verilməsi mümkün deyildir. Yəni İXM-in 192.4-cü maddəsi ilə məsuliyyətə cəlb edilməyi də əsassızdır. Ümumiyyətlə həmin maddə ilə məsuliyyətə cəlb edilməyinin səbəbi ona sual olaraq qalmaqdadır. Belə ki, əgər orqanın iddia etdiyi kimi onun işçini iş saatından artıq işlətməyi qanunsuzdursa son haqq-hesabın hesablanmasından bu səbəbdən hansı səhvə yol verilməsi sual olaraq qalmaqdadır. Qeyd edilən hesabların düzgün olub-olmamasını müəyyən etmək üçün müvafiq ekspert rəyi alınmalı idi. İXM-in 76.1-ci maddəsinə görə inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Orqan tərəfindən tərtib edilmiş tək protokol işə obyektiv baxılması üçün tək sübut kimi nəzərə alınmamalıdır. Əlavə olaraq bildirir ki, protokol tərtib olunan, inzibati araşdırma aparılan zaman AR İXM-in də tələbləri pozulmuşdur. İXM-in 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. İnzibati xətanı törətdiyi müddət, ondan 4 ay keçib-keçməməsi müəyyən edilməmişdir. 101.1-ci maddəyə görə inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. İşin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. X8 2024-cü ilin yanvar ayında pozuntu ehtimalı barədə aidiyyəti orqana müraciət etsə də, araşdırma aparılsa da protokol 2 gün ərzində yox, 2 aydan sonra tərtib edilmişdir. Azərbaycan Respublikası İXM-nin 100.2-ci maddəsinə əsasən protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə və ya hüquqi şəxsin nümayəndəsinə, habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Həmin Məcəllənin 100.4-cü maddəsinə əsasən protokol onu tərtib etmiş şəxs, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi tərəfindən imzalanır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya hüquqi şəxsin nümayəndəsi protokolu imzalamaqdan imtina etdikdə, bu barədə protokolda müvafiq qeyd aparılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin və ya hüquqi şəxsin nümayəndəsinin izahatlar və protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə protokolu imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüquqları vardır. Onların bu izahatları və mülahizələri protokola əlavə olunur. Yalnız inzibati xəta haqqında protokolun və qərarın tərtib edilməsi faktı şəxsin inzibati məsuliyyətə cəlb edilməsi, onun təqsirli hesab edilməyi üçün əsas ola bilməz. Həmin Məcəllənin 117.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərar onun baxılmasından dərhal sonra elan olunur. Həmin Məcəllənin Qərarın surəti iki gün müddətində barəsində qərar qəbul edilmiş fiziki şəxsə, hüquqi şəxsin nümayəndəsinə və zərər çəkmiş şəxsə verilir. Qeyd etdiyi kimi barəsində vəzifəli şəxs kimi inzibati xəta haqqında protokol və həmin protokol əsasında qərar qəbul edilərkən həmin inzibati xətanın törədilib-törəolilməməsi, əməlində inzibati xəta tərkibinin olub-olmaması, inzibati xəta törətməkdə onun təqsirinin olub-olmaması müəyyən edilməmiş və nəticədə X12 Xidmətinin Bakı şəhər İdarəsi tərəfindən natamam və birtərəfli qaydada aparılmış əsassız araşdırma əsasında inzibati tənbeh haqqında qərar qəbul edilmişdir. Baş vermiş hadisə tam, obyektiv, hərtərəfli araşdırılmadan qəbul edilmişdir. Qeyd edilməlidir ki, barəsində aparılmış araşdırmanın qəbul edilmiş qərar hissəsində Departamentin hüquqşünası X11 nümayəndə qismində iştirak etmişdir. Asim Hüseynovun da qəbul edilmiş qərarla bağlı etirazı, qanuni və əsaslı mövqeyi nəzərə alınmamışdır. Nümayəndə bu barədə tərtib edilmiş MN ******* saylı, 13 mart 2024-cü il tarixli protokolun qeyd hissəsində yazılı münasibət bildirmişdir. Azərbaycan Respublikası İXM-nin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə o, barəsində (13 mart 2024-cü il tarixli MN №1932054 saylı inzibati xəta haqqında protokol əsasında) AR İXM-nin 192.4-cü maddəsinə əsasən 900 manat cərimə olunmasına dair 05 aprel 2024-cü il tarixli MN №1612679 saylı inzibati tənbeh tətbiq edilməsinə dair qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayətçi X4 nümayəndəsi X7 bildirmişdir ki, "xxxx" QSC-də strateji əhəmiyyəti olan binalar mövcuddur və orada növbəliliyinin pozulması yol verilməzdir. Həmin obyektlərdə işçilərə artıq iş saatlarına görə əlavə ödənişlər edilir, işçilərin əmək haqqları qorunur və pozuntulara yol verilmir. Hazırki müzakirə olunan məsələdə isə Ağadadaş Salahov əmək haqqı ilə bağlı şikayət etməmiş, yalnız işə bərpa olunmaq üçün müvafiq orqana müraciət etmişdir. Ümumiyyətlə əmək müfəttişliyinin əməkdaşları araşdırmaları bərbad vəziyyətdə aparmışdır. Belə ki, "xxxx" QSC-nin nümayəndəsi Asim Hüseynov araşdırmalarda yaxından iştirak etmiş və onlara öz etirazını bildirmiş, Ağadadaş Salahova verilməli olan məbləğlərin düzgün şəkildə hesablanaraq ödənildiyini qeyd etmiş və müvafiq sənədlər təqdim etmiş, lakin buna baxmayaraq Azər Fərəcov barəsində inzibati tənbeh vermə barədə qərar qəbul olunmuşdur. Bundan əlavə inzibati xəta haqqında protokol tərtib olunarkən Azər Fərəcovun izahatı alınmamış və digər prosessual pozuntulara yol verilməklə sonuncu barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Göstərdiklərinin nəzərə alınmasını və X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən Azər Fərəcov barəsində qəbul olunmuş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək inzibati xəta üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X14 izahat verərək bildirmişdir ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəisi X9 tərəfindən X5 2023-cü il ərzində qanunvericiliklə müəyyən edilmiş illik iş saatı normasından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb edilmiş, buna uyğun olaraq əmək haqları düzgün hesablanmamış, beləliklə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilərkən son haqq-hesabının hesablanıb ödənilməsində qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi əsas gətirilərək xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş və 900 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Qeyd edir ki, qərarın tərtib edilməsinə səbəb olmuş faktlar üzrə hesablama əməliyyatları əmək müfəttişi tərəfindən aparılmış və hər hansı yalnışlıqlara yol verməsi mümkün deyil. Beləliklə o, göstərilənləri nəzərə alaraq şikayətçi X9 tərəfindən verilmiş şikayətin əsassız olduğunu bildirərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə şikayətçinin ərizəsini, X4 nümayəndəsi və vəkili X2 və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X6 izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin baş əmək müfəttişi Bayramova Xalidə Vəkil qızı tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəisi X9 tərəfindən X5 2023-cü il ərzində qanunvericiliklə müəyyən edilmiş illik iş saatı normasından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb edilmiş, buna uyğun olaraq əmək haqları düzgün hesablanmamış, beləliklə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilərkən son haqq-hesabının hesablanıb ödənilməsində qanunvericiliyin tələbləri pozulmuşdur; Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin rəis müavini X15 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəisi X9 tərəfindən X5 2023-cü il ərzində qanunvericiliklə müəyyən edilmiş illik iş saatı normasından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb edilmiş, buna uyğun olaraq əmək haqları düzgün hesablanmamış, beləliklə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilərkən son haqq-hesabının hesablanıb ödənilməsində qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 900 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir; Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin surətindən, "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəisi X9 tərəfindən tərtib olunmuş arayışdan və kompensasiya hesablama cədvlindən görünür ki, X5 ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilərkən son haqq-hesabı hesablanaraq ödənilmişdir. Məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli müraciət vərəqəsinin məzmunundan görünür ki, Ağadadaş Salahov müraciətində həyat yoldaşının uzun müddətdir ki, onkoloji xəstə olduğunu, maddi vəziyyətinin yaxşı olmadığını bildirərək, onun işlə təmin olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə - vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. 198.1.5-ci maddəsinə əsasən əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, X1 əmək hüquqlarının pozulması barədə müraciətinə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsində baxılmış, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəisi X9 tərəfindən X5 2023-cü il ərzində qanunvericiliklə müəyyən edilmiş illik iş saatı normasından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb edilmiş, buna uyğun olaraq əmək haqları düzgün hesablanmamış, beləliklə onunla bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “b” bəndinə əsasən xitam verilərkən son haqq-hesabının hesablanıb ödənilməsində qanunvericiliyin tələblərinin pozulması faktı aşkar edildiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi göstərilmiş və barəsində 900 manat məbləğində cərimə cəzası tətbiq edilmişdir. Lakin məhkəmə qeyd edir ki, X9 tərəfindən Azərbaycan Respublikası İXM-nin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulan inzibati xətanı törətməsi iş materialları və onlara əlavə olunmuş sənədlərlə öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinin tərkibi işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsinə görə, İXM-nin 198.1.5-ci maddəsinin tərkibi isə əməyin mühafizəsi qaydalarının pozulmasına, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsinə görə yarana bilər. Məhkəmə ilk olaraq qeyd etməyi zəruri hesab edir ki, X4 nümayəndəsi və vəkili X7 izahatında bildirmişdir ki, Ağadadaş Salahovla əmək müqaviləsinə xitam verilərkən 2023-cü il ərzində işlərin yerinə yetirilməsinə cəlb edilmiş müddətlərə görə son haqq-hesabı tam olaraq ödənilmiş və buna uyğun olaraq əmək haqları düzgün hesablanmışdır. Məhkəmə hesab edir ki, X4 nümayəndəsi və vəkili X2 izahatlarında göstərdiyi hallar şikayət ərizəsinə əlavə olunmuş sənədlərlə, məhkəməyə təqdim edilmiş sübutlarla öz təsdiqini tapmışdır. Bundan əlavə qeyd edilməlidir ki, məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsinin etibarnamə üzrə nümayəndəsi X14 da X4 barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarın tərtib edilməsi faktlarını əsaslandırmamış, yalnız əmək müfəttişi tərəfindən yalnışlığa yol verilməsinin mümkün olmadığını deməklə kifayətlənmişdir. Halbuki, X1 2023-cü il ərzində qanunvericiliklə müəyyən edilmiş illik iş saatı normasından artıq vaxtda işlərin yerinə yetirilməsinə cəlb edilməsi, buna uyğun olaraq əmək haqlarının düzgün hesablanmaması barədə inzibati tənbeh verə haqqında qərarı tərtib etmiş orqan tərəfindən inzibati xəta haqqında protokolda və inzibati tənbeh vermə haqqında qərarda qeydlər edilməklə kifayətlənilməməli, həmçinin bunu təsdiq edə biləcək sübutlar təqdim edilməli idi. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.2. hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələrin işin faktiki hallarına uyğun olmaması; 135.1.3. hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi; 135.1.4. inzibati məsuliyyət müəyyən edən qanunun normasının düzgün tətbiq edilməməsi; 135.1.5. tətbiq edilmiş tənbehin bu Məcəllənin 31 – 34-cü maddələrinin tələblərinə uyğun olmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərın işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət, şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, X9 tərəfindən işçinin əmək və məzuniyyət haqqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi, habelə əməyin mühafizəsi qaydalarının pozulması, yəni normal əmək və istirahət rejiminə riayət edilməməsi faktı sübuta yetirilmədiyindən şikayət təmin edilməli, səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən X4 barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İXM-nin 53, 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 tərəfindən verilmiş şikayət təmin edilsin. X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4 və 198.1.5-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X12 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata inzibati xəta hadisəsi olmadığından xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar