Məhkəmə qərarları › İş №3(006)-1525/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1525/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1525/2020 20.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi Hakim Pənahov Babək Əkbər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi x7, İnzibati xəta haqqında protokolu tərtib etmiş şəxs – x1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs: xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN: xxxxxxx), subay, Bakı şəhəri, Binəqədi rayonu, M.Cəlal küçəsi, ev 09, mənzil 31-də qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə tərtib olunmuş 19.07.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs 19 iyul 2020-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, “Qış parkı” deyilən ərazidə karantin rejimini pozmuşdur. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş şəxs Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin sahə inspektoru x4 izahatında göstərdi ki, yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədi ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03.07.2020-ci il tarixli Qərarına əsasən Bakı şəhərində və ölkənin bəzi digər yerlərində xüsusi karantin rejiminin müddəti 20 iyul 2020-ci il tarixədək uzadılmışdır. Bu qərara görə şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə başqa hallarla yanaşı ancaq ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar yol verilir. Bununla əlaqədar şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS-məlumat göndərməlidirlər. İcazə 2 saat müddətinə gündə 1 dəfə verilir. Şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. Həmin Qərarla müəyyən edilmiş hərəkət məhdudiyyətlərinin tətbiqi qaydalarına riayət olunmasına nəzarət polis orqanlarına həvala edilmişdir. Bununla əlaqədar polis əməkdaşları tərəfindən koronavirus infeksiyasının kütləvi yayılmasının qarşısının alınması üçün paytaxtın küçə və prospektlərində, məhəllədaxili yollarda, qapalı məkanlarda gücləndirilmiş kütləvi nəzarət-profilaktik tədbirlər görülür. 19 iyul 2020-ci il tarixdə polis əməkdaşları Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, “Qış parkı” deyilən ərazidə xidmət apararkən tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən iki nəfər şəxsin hərəkət etdiyini görmüşlər. Bu səbəbdən də onlar həmin şəxslərə yaxınlaşıb onların şəxsiyyətini müəyyən edərkən sonuncuların müvafiq icazə olmadan hərəkət etdikləri müəyyən olunmuşdur. Daha sonra həmin şəxslər - Şəxs və x5 polis bölməsinə dəvət edilmişlər. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, 19 iyul 2020-ci il tarixdə heç bir icazə almadan yaşayış yerini tərk etmiş, tənəffüs yollarını qoruyan fərdi vasitədən istifadə etməyərək tanışları ilə Nəsimi rayonu, Füzuli küçəsində yerləşən “Qış parkı”nda görüşmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilən x6 izahat verərək göstərdi ki, 19.07.2020-ci il tarixdə Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinin inzibati ərazisində xidmətdə olarkən Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi, “Qış parkı” adlanan yerdə bir qrup şəxsin xüsusi karantin rejiminin tələblərini pozaraq toplaşdığını və tənəffüs yollarını qoruyan fərdi vasitədən istifadə etmədiyini görüb onlara yaxınlaşmışlar. Bu zaman həmin şəxslərdən bir neçəsi onları görüb qaçmağa cəhd etsələr də, saxlanılmışlar. Onlardan iki nəfər şəxsin - Şəxs və x2 yaşayış yerini müvafiq icazə olmadan tərk edilməsi müəyyən olunmuşdur. Buna görə də həmin şəxslər 21-ci polis bölməsinə dəvət edilmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən polis əməkdaşı x8 şahid x3 ifadəsinə oxşar məzmunda ifadə verdi. İş materiallarında olan inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs faktiki olaraq 19 iyul 2020-ci il tarixdə, saat 19:00-da tutulmuşdur. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib, habelə iş materiallarını araşdırıb hesab edir ki, Şəxs tərəfindən karantin rejiminin pozulması halı tam sübuta yetirilir. Buna görə də o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə məsuliyyət müəyyən edir. “Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19.06.2020-ci il tarixli Qərarına müvafiq olaraq yeni növ koronavirus (COVİD-19) infeksiyasının yayılma sürətinin azaldılması, habelə onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsini təmin etmək üçün Bakı, Sumqayıt, Gəncə, Lənkəran, Yevlax, Masallı, Cəlilabad, Mingəçevir şəhərlərinin və Abşeron, Bərdə, Samux, Siyəzən, Şəki, Xaçmaz, Goranboy, Göygöl rayonlarının ərazisində 2020-ci il 21 iyun saat 00:00-dan 20 iyul saat 06:00-dək aidiyyəti məhdudiyyətlər tətbiq edilmişdir. Həmin Qərarın 1.5-ci bəndinə əsasən bu Qərarın 1.2-ci, 1.3-cü və 1.4-cü bəndlərində göstərilən şəxslər istisna olmaqla, digər şəxslərin yaşayış yerini və olduğu yeri tərk etmələrinə aşağıdakı hallarda yol verilir: təxirəsalınmaz tibbi zərurətlə və hər hansı bir qrafik üzrə müalicə almaqla əlaqədar (1.5.1); ərzaq və digər gündəlik tələbat mallarının, habelə dərman vasitələrinin alınması, dövlət xidmətlərindən, bank, poçt və fəaliyyətinin davam etdirilməsinə icazə verilən iş və xidmət sahələrində göstərilən digər xidmətlərdən istifadə edilməsi zərurəti ilə, həmçinin açıq havada vaxtın keçirilməsi ilə əlaqədar (1.5.2); yaxın qohumunun dəfnində iştirakla əlaqədar (1.5.3). Qeyd olunan Qərarın 1.6-cı bəndinə görə bu Qərarın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində göstərilən şəxslər yaşayış yerini və olduğu yeri tərk etmək üçün icazə almaq məqsədilə 8103 nömrəsinə SMS - məlumat göndərməli və ya “E-Təbib” mobil tətbiqi vasitəsilə həmin icazəni almaq üçün müraciət etməlidirlər. Sözügedən Qərarın 1.8-ci bəndinə əsasən şəxs yaşayış yerini və olduğu yeri yalnız müsbət cavab aldıqdan sonra tərk edə bilər. İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Şəxs törətdiyi inzibati xətanın xarakterini, onun şəxsiyyətini və iş üzrə digər halları nəzərə alaraq hesab edir ki, ona İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbiri tətbiq edilməli, bu zaman İnzibati Xətalar Məcəlləsinin 30.3-cü maddəsinin tələblərinə müvafiq olaraq inzibati qaydada tutma müddəti onun inzibati həbs müddətinə daxil edilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40-cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 14 (on dörd) gün müddətinə inzibati həbs tətbiq edilsin. İnzibati həbs müddətinin əvvəli 19 iyul 2020-ci il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci polis bölməsinə və Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbs olunanların saxlanılma mərkəzinə həvalə edilsin. Qərardan, onun surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar