Məhkəmə qərarları › İş №3(006)-1527/2020

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1527/2020

20.07.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1527/2020 20.07.2020 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru x1 iştirakları ilə, xx.xx.1999-cu ildə Qəbələ rayonu, Uludaş kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, Qəbələ rayonu, Uludaş kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməlləri törətməsinə dair 19 iyul 2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 19 iyul 2020-ci il tarixdə heç bir icazə sənədi və sms xəbərdarlığı olmadan xüsusi karantin rejiminin tələblərini pozaraq yaşadığı ünvanı tərk etmişdir. Bununla da, o Azərbaycan Respublikasının İXM-nin 211.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru x2 izahat verərək göstərdi ki, 15.07.2020-ci il tarixdə bir qrup şəxsin Bakı şəhəri, Nəsimi rayonu, Füzuli küçəsi “Qış parkı” adlanan ərazidə karantin qaydalarının tələblərini pozaraq qrup halında toplaşması polis əməkdaşları tərəfindən müəyyən edilmiş və həmin şəxslərə yaxınlaşaraq ünvanlarına getməsi tələb olunmuşdur. Lakin həmin şəxslər mübahisə edərək virusun mövcud olmaması ilə bağlı əsasız fərziyələr bildirmişdir. Daha sonra həmin şəxslərin sms icazə olmadan yaşadığı ünvanları tərk etməsi müəyyən olunmuşdur. Həmin şəxslərdən şəxsiyyəti sonradan müəyyən olunmuş Şəxs polis əməkdaşları tərəfindən 19 iyul 2020-ci il tarixdə polis şöbəsinə dəvət edilmiş və onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Polis şöbəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs etdiyi əməldən peşman olmasını bildirərək polis əməkdaşlarından üzr istəmiş və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmişdir. Daha sonra tərtib olunmuş inzibati xəta haqqında protokol aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxsizahatında bildirmişdir ki, o, 15.07.2020-ci il tarixdə bir qrup şəxs ilə Nəsimi rayonu, Füzuli küçəsi, “Qış parkı” adlanan ərazidə olarkən polis əməkdaşları onlara yaxınlaşaraq qrup halında toplaşmalarının karantin qaydalarının pozulması ilə nəticələnməsini bildirərək ünvanlarına getmələrini bildirmişdir. Bu zaman onların sms icazə ilə ünvanlarını tərk etməməsi müəyyən olunmuş, bu səbəbdən polis əməkdaşları ilə onların arasında yaranmış anlaşılmazlıqlar nəticəsində mübahisə yaranmışdır. Sonradan polis əməkdaşlarının dəvəti ilə əlaqədar olaraq polis şöbəsinə getmiş və orada ona etdiyi əməlin karantin qaydalarının tələblərinin pozulması ilə nəticələnməsi bildirilmişdir. O, etdiyi əməldən peşman olmasını bildirmiş və polis əməkdaşlarından üzr istəmişdir. Daha sonra onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və Nəsimi rayon məhkəməsinə göndərilmişdir. İzahatının sonunda etdiyi əməldən peşman olmasını bildirərək, barəsində yüngül cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin Post-patrul xidməti bölüyü polis nəfəri x5 verdiyi izahatında göstərmişdir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs əvvəllər tanımamışdır. Onunla heç bir qohumluğu, düşmənçiliyi və ya ədavəti yoxdur. 15.07.2020-ci il tarixdə digər polis əməkdaşları ilə xidməti vəzifələrini yerinə yetirərkən bir neçə nəfər şəxsin karantin qaydalarını pozaraq, Nəsimi rayonu, Füzuli küçəsi, “Qış parkı” adlanan ərazidə qrup halında toplaşması müəyyən edilmişdir. Həmin şəxslərə yaxınlaşaraq qrup halında toplaşmanın karantin qaydalarının pozulması ilə nəticələnəcəyini bildirməklə ünvanlarına getməsi bildirilmişdir. Lakin bu zaman həmin şəxslər polis əməkdaşları ilə mübahisə yaratmışdır. Daha sonra həmin şəxslərin ümumiyyətlə sms icazə olmadan ünvanlarını tərk etməsi müəyyən olunmuşdur. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs x8 19 iyul 2020-ci il tarixdə polis şöbəsinə dəvət edilmiş və həmin şəxs etdiyi əməldən peşman olmasını bildirərək polis əməkdaşlarından üzr istəmişdir. Şəxs barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin polis nəfəri x6 da şahid x3 izahatına oxşar məzmunlu izahat vermişdir. Məhkəmə, Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin sahə inspektoru x2 tərəfindən tərtib edilmiş 19.07.2020-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etməkdən ötrü hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxslərin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Qeyd olunan Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər dörd min manatdan on min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xəta haqqında işə baxılarkən Şəxs məsuliyyətini yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilmədi. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydadahəbs cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40cı, 43-cü, 48-50-ci, 114-115-ci və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 16 (on altı) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati qaydada həbs etmənin əvvəli 19 iyul 2020-ci il tarixdən, saat 19:00-dan hesablansın. Qərarın icrası Bakı şəhəri Nəsimi rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə və Daxili İşlər Nazirliyinin x4 Saxlanılma Məntəqəsinə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar