Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1532/2023 18.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Şikayət vermiş şəxs X1, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və dəbbə pulunun silinməsini məhkəmədən xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, o, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə mərdliklə döyüşərərk Qarabağ müharibəsi qazisi olmuşdur. İİ qrup müharibə əlilidir. Uşaqları 2001-ci il təvəllüdlü Novruzlü Aytən və 2002-ci il təvəllüdlü Novruzlu Tural doğulduğu gündən 2-ci qrup əlildirlər. 15 ildən artıqdır ki, övladları, X7 yardımı vasitəsilə müalicə alırlar. Özü heç bir yerdə işləmir. Dövlətin verdiyi təqaüdlə çətinliklə ailəsini dolandırır. Azərbaycan Respublikası Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin üzvü və müavinidir. Bir qazi ailəsi kimi Ali Baş Komandanın ailəsi ilə görüşləri olmuşdur. Qeyd etdiyi Birlik ünvan 1 ünvanda evin arxasında olan bir ədəd ağac qurumuş, hər dəfə külək əsərkən ağacın qırılmış budaqları orada dayanan avtomaşınların üstünə salaraq zədələmişdir. Buna görə də həmin qurumuş ağacı kəsmişdir. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tam, hərtərəfli, obyektiv araşdırma aparmadan onun barəsində inzibati xəta haqqında protokol və inzibati tənbeh vermə haqqında qərar tərtib etmişdir. Bu barədə də ona heç bir məlumat verilməmişdir. Rəsmi qaydada qərar ona təqdim olunmamışdır. Nəsimi Rayon İcra Şöbəsinin İcra məmuru onu icra şöbəsinə dəvət etmiş, cərimə olduğunu bildirdikdən sonra məlumatı olmuşdur. 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin barəsində tərtib etdiyi xx.xx.2022-ci il tarixli MN ******* nömrəli protokol əsasında xx.xx.2022-ci il tarixli MN ******* saylı qərar ilə İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 2200 manat məbləğində cərimə olunmuşdur. 1320 manat da dəbbə pulu yazılmışdır. 2200 manat məbləğində cərimə və 1320 manat dəbbə pulunun ödənilməsi üçün həmin qərar icraya yönəldilmişdir. Halbuki bu günə qədər cərimə olunması və dəbbə pulunun yazılması barədə ona heç bir məlumat verilməmişdir. Yalnız bu barədə İcra Şöbəsinə çağırıldıqdan sonra məlumatı olmuşdur. Bu günə qədər nə protokol, nə də həmin qərar ona rəsmi qaydada təqdim olunmamışdır. Qərarın surəti ona icra məmuru tərəfindən verilmişdir. Cəriməninn silinməsinə köməklik göstərməsi üçün Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyindən xahiş etsə də ona heç bir köməklik göstərilməmişdir. Göstərilənlərə əsasən qeyd edilən qərarın ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X4 şikayətin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X5 izahatında bildirmişdir ki, verilmiş şikayət əsassızdır. Belə ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr, Cavadxan küçəsi 40 saylı binanın arxasında tikinti işləri zamanı X4 tərəfindən bir ədəd ağacın zədələnməsi və bir ədəd ağacın isə məhv edilməsi aşkar edilmişdir. Qeyd olunanlarla bağlı inzibati araşdırma aparılmış və X4 barəsində Azərbaycan Respublikası İXM-nin 253.3.1 və 253.5.1-ci maddələri ilə protokol tərtib edilmişdir. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, şikayəti və təqdim olunmuş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN № ******* saylı qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Nəsimi rayonu, 2-ci mkr, Cavadxan küçəsi 40 saylı binanın arxasında tikinti işləri zamanı bir ədəd ağacın zədələnməsi və bir ədəd ağacın isə məhv edilməsi aşkar edildiyi üçün X4 Azərbaycan Respublikasının İXM-nin 253.3.1 və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törətmiş və 2200 manat məbləğində cərimə olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.3.1-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsi, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin məhv edilməsinə, habelə qanunsuz kəsilməsinə (götürülməsinə) görə - fiziki şəxslər iki min iki yüz manat miqdarında, vəzifəli şəxslər beş min manat miqdarında, hüquqi şəxslər otuz beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 253.5.1-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kol əkililərinin zədələnməsi, şəhərlərdə və digər yaşayış məntəqələrində yerləşən yaşıllıq sahələrində tikinti və abadlaşdırma işləri aparılarkən törədildikdə, hər bir ağacın və ya kol əkililərinin zədələnməsinə görə - fiziki şəxslər iki yüz manat miqdarında, vəzifəli şəxslər dörd yüz manat miqdarında, hüquqi şəxslər iki min manat miqdarında cərimə edilir. Məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlar əsasında X2 Azərbaycan Respublikası İXM-nin 253.3.1 və 253.5.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir, ona görə də məhkəmə hesab edir ki, M.P.Novruzov barəsində qəbul olunmuş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar əsaslı olmuşdur. Belə ki, faktla bağlı inzibati araşdırma aprılmış, X1 izahatı alınmış və o, izahatında Nəsimi rayonu, Cavadxan küçəsi 40 saylı binanın arxasında maşınını saxladığı yerdə olan bir ədəd zeytun ağacını maşınına təhlükə törətdiyi üçün kəsdiyini, sözügedən ağacın küləkli havada şiferi qıraraq maşınına xəsarətlər yetirdiyini, ağacı kəsməkdə məqsədinin maşınının yerini düzəltmək və sınmış şiferləri təmir etmək olduğunu, məsuliyyətini anladığını bildirmişdir. Hazırda da xətanın törədilməsi faktını sübut edən dəlilləri inkar edə biləcək hər hansı sübut şikayət vermiş şəxs tərəfindən məhkəməyə təqdim edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilə bilər. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin və qeyd edilən qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva
Məhkəmə qərarları › İş №3(006)-1532/2023
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1532/2023
18.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver