Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-154/2022 26.01.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, şikayətçi X1 nümayəndəsi və vəkili X4, Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X3 iştirakları ilə, X1 Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək göstərmişdir ki, Azərbaycan Respublikası Mərkəzi Bankının baş direktoru X8 tərəfindən onun barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərək o, 20.000 ABŞ dolları məbləğində cərimə olunmuşdur. Bu qərarda göstərilmişdir ki, o, 200,000.00 ABŞ dolları məbləğində olan vəsaiti bank hesabından 04.12.2019-cu il tarixdə respublikadan kənara qabaqcadan ödəniş etməklə köçürmüş və ödənişin aparıldığı gündən 2 ildən artıq müddət keçsə də, 200,000.00 ABŞ dolları məbləğində vəsait hesabına alıan malların (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. O, fərdi sahibkar olaraq ölkədə qeyri-neft sektorunun inkişafına töhvə vermək məqsədi ilə uzun illərdir ölkə ərazisində tərəvəz istixanalarının quraşdırılması və istismarı fəaliyyəti ilə məşğul olur, xaricə böyük həcmdə məhsullar ixrac edir. Biznes fəaliyyətini genişləndirmək məqsədi ilə kənd təsərrüfatının inkişafı üçün Sahibkarlığa yardım fonduna müraciət olunmuş və ona kredit xətti açılmışdır. Bundan sonra, yüksək məhsuldarlığa nail olmaq və böyük həcmli istixana təsərrüfatının beynəlxalq standartlara cavab verən şəkildə qurulması üçün bu sahədə ixtisaslaşdırılmış və xarici tərəfdaşlardan olan “Niva Greenhouses” şirkəti ilə əməkdaşlığa başlanılmış, 16.08.2019-cu il tarixdə əməkdaşlıq müqaviləsi bağlanılmışdır. Həmin şirkətin görəcəyi işlər üçün avans olaraq 04.12.2019-cu il tarixdə ilkin olaraq 200.000 ABŞ dolları vəsait köçürülmüşdür. İşlərin əsas mahiyyətində həm mal və əmtəələrin ölkəyə daxil olması, həm də mütəxəssilərin bu işlərə cəlb edilməsi və işlərin mərhələsindən asılı olaraq quraşdırma, montaj və istifadəyə başladıqdan sonra servis xidməti olmuşdur. İşlər 30 avqust 2020-ci il tərixə kimi tamamlanmalı idi. Əməkdaşlığın öz axarı ilə getdiyi bir vaxtda 2020-ci ilin əvvəlindən başlayan “Covid-19” virusu ilə bağlı pandemiya vəziyyəti ilə əlaqədar işlərdə uzun fasilə yaranmağa başlamış, sərhədlər bağlanmış, kənd təsərrüfatı mütəxəssislərinin ölkəyə girişiçıxışında ciddi məhdudiyyətlər yaranmışdır. Məsələnin ən problemli tərəfi də onlar üçün, oldu ki, tərəfdaşları olan şirkətin partnyoru olduğu “Kreditinvest” Kommersiya Bankı, Rusiya Bankının 15.11.2019-cu il tarixli, 260 saylı əmrinə əsasən bank əməliyyatlarını aparmaq üçün lisenziyası ləğv edilmiş və 11.01.2020-ci il tarixli Dağıstan Respublikası Arbitraj Məhkəməsinin qərarı ilə bankın məcburi ləğvetmə proseduruna başlanılmışdır. Nəticədə, onlar tərəfindən 21 oktyabrdan başlayaraq aralıq tarixlər üzrə köçürülmüş pullar ləğvedici funksiyasını icra edən Əmanətlərin Sığortalanması Agentliyi tərəfindən dondurulmuşdur. Göründüyü kimi, bir tərəfdən pandemiya vəziyyəti ilə fors-major halının yaranması, digər tərəfdən tərəfdaş şirkətin partnyor bankla bağlı mövcud maliyyə çətinlikləri səbəbindən işlər tam şəkildə təhvil verilməmişdir. Covid 19 bəlasının davam etmə riskləri nəzərə alınaraq əməkdaşlıq müqaviləsinin icra müddəti 2023-cü il tarixədək uzadılmışdır. Ancaq bütün çətinliklərə baxmayaraq, bugünə kimi işlərin 70%-dən çoxu görülmüş və digər işlərin də tamamlanması istiqamətində işlər gedir. Qeyd olunan bütün xüsusatlar barədə Mərkəzi Bankın rəhbərliyi və aidiyyatı əməkdaşları ilə videokonfrans formatında inzibati xəta haqqında icraata baxılarkən diqqətə çatdırılmış və bütün zəruri sənədlər həm yerli bank, həm də tərəflərindən təqdim edilmişdir. Lakin, bütün hallara və ən əsası işlərin tam təhvil verilməsi üçün mal və xidmətlərdə çatışmamazlıqlar onun bir sahibkar olaraq təqsirli olmamasına baxmayaraq, səlahiyyətli dövlət orqanı tərəfindən barəsində inzibati tənbeh qərarı qəbul edilmişdir. Gördüyü işin davam edən xarakterə malik olmasını, işlərin böyük hissəsinin görülməsini, müqavilə üzrə işlərin icra müddətinin uzadılmasını və dünyada baş verən pandemiya şəraiti ilə əlaqədar, eləcə də Konstitusiya Məhkəməsinin 19.12.2019-cu və 28.02.2020-ci il tarixli qərarlarını nəzərə alaraq barəsində qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şikayətçinin vəkili X7 şikayəti müdafiə edərək onun təmin olunmasını xahiş etdi. Məhkəmədə qərarından şikayət verilən orqan Azərbaycan Respublikası Mərkəzi Bankın nümayəndəsi X6 izahatında göstərdi ki, fərdi sahibkar olan şikayətçi X2 tərəfindən Rusiyada fəaliyyət göstərən “Niva Greenhouse” şirkətinə 16.08.2019-cu il tarixli, 18-06 saylı müqavilə üzrə 04.12.2019-cu il tarixdə 200.000 ABŞ dolları məbləğində pul köçürmüş və bundan 2 ildən artıq müddətin keçməsinə baxmayaraq 200,000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan mallar (xidmətlərin) ölkəyə idxalını təsdiq edən sənədlər banka təqdim edilməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarılmamışdır. Ümumilikdə isə bu müqavilə üzrə 1.000.000 ABŞ dollar məbləğində vəsait köçürülmüşdür. Həmin köçürmələr əsasında Mərkəzi Bank tərəfindən araşdırma aparılarkən şikayətçi tərəfindən təqdim olunmuş bütün bəyannamələr, xidmətlərlə bağlı sənədlər araşdırılmış, 78.908,00 və 68.000,00 ABŞ dolları dəyərində malların idxalına dair bəyannamələr qəbul olunmuş, həmçinin 384.000,00 ABŞ dollar dəyərində xidmətlərin göstərilməsinə dair zəruri sənədlər nəzərə alınmışdır. Ümumilikdə 532.322,00 ABŞ dollarla bağlı köçürmələr bağlanılmışdır. Yerdə qalan 467.678,00 ABŞ dolları ilə bağlı hər hansı bir sənəd təqdim olunmadığından şikayətçi müxtəlif qərarlarla, o cümlədən Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarla cərimə olunmuşdur. “Niva Greenhouse” şirkətinin bank hesabı olan “Sberbank” Kommersiya Bankının lisenziyasının ləğv edilməsi öhdəliklərin icrasına mane olmur. Çünki, X2 lisenziya ləğv edildikdən sonra “Niva Greenhouse” şirkətinin digər bankda – “Kreditinvest”da olan hesabına köçürmələr etmişdir. Bu da ona dəlalət edir ki, əgər sifariş verilmiş mallar və ya xidmətlər göstərilməyibsə, həmin bank vasitəsilə də göndərilmiş vəsait geri qaytarıla bilinərdi. Göstərilənləri nəzərə alaraq şikayətin təmin olunmamasını xahiş etdi. İş materiallarında olan 17 dekabr 2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 200,000.00 ABŞ dolları məbləğində vəsaiti bank hesabından 04.12.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, ödənişin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçsə də, 200,000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidməti) idxalını təsdiq edən sənədləri banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaiti xaricdən geri qaytarmamışdır. T.Ə.İsmayılova Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirli bilinərək 20.000 ABŞ dolları məbləğində cərimə edilmişdir. İş materiallarında olan X2 ilə “Niva Greenhouses” şirkəti ilə bağlanılmış 16.08.2019cu il tarixli, 18-06 saylı müqaviləyə əsasən onun ümumi məbləği 2.346.040,00 ABŞ dolları təşkil edir. İş materiallarında olan 02.12.2019-cu il tarixli köçürmə sənədinə görə X2 “Niva Greenhouses” şirkətinin hesabına (“Sberbank” Kommersiya Bankı vasitəsilə) 16.08.2019cu il tarixli, 18-06 saylı müqavilə üzrə 200.000,00 ABŞ dolları pul göndərmişdir. İş materiallarında olan “Əmanətlərin Sığortalanması Agentliyi” Dövlət Korporasiyasının “Niva Greenhouses” şirkətinə ünvanlanmış 02.08.2021-ci il tarixli məktubda qeyd olunur ki, “Bank Rossii”nin 15.11.2019-cu il tarixli əmri ilə “Kreditinvest” Kommersiya Bankının bank əməliyyatlarının aparılması üçün lisenziyası ləğv edilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, habelə proses iştirakçısının izahatını dinləyərək belə nəticəyə gəlir ki, X2 tərəfindən verilmiş şikayət əsassız olduğundan təmin edilməməlidir. Məhkəmədə müəyyən edilir ki, X2 “Niva Greenhouses” şirkəti ilə bağlanılmış 16.08.2019-cu il tarixli, 18-06 saylı müqaviləyə əsasən 200,000.00 ABŞ dolları məbləğində vəsaiti bankda olan hesabından 04.12.2019-cu il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürmüş, lakin köçürmənin aparıldığı gündən 02 (iki) ildən artıq müddət keçsə də, 200,000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların (xidməti) idxalını təsdiq edən sənədi banka təqdim etməmiş, qabaqcadan ödənilmiş valyuta vəsaitini xaricdən geri qaytarmamışdır. Eyni zamanda şikayətçinin öz müdafiəsi üçün gətirdiyi dəlil – “Niva Greenhouses” şirkətinin hesabı olan və onun pulu köçürdüyü “Sberbank” Kommersiya Bankının lisenziyasının ləğv edilməsi Azərbaycan Respublikası Mərkəzi X9 28.11.2016-cı il tarixli, 45/1 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydaları”nın tələblərinə əməl edilməməsinə səbəb ola bilməz. Göründüyü kimi, X2 tərəfindən 04.12.2019-cu il tarixli köçürmə ilə bağlı sifariş verilmiş mallar və ya xidmətlər göstərilmədiyi təqdirdə, elə bu bank vasitəsilə də göndərilmiş vəsait geri qaytarıla bilinərdi. Bu səbəbdən də məhkəmə hesab edir ki, T.Ə.İsmayılova düzgün olaraq Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərarla cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim olunmuş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati tənbeh vermək haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Yuxarırda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-130-cu və 133-135-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şikayət təmin edilməsin. Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən qəbul edilmiş 17.12.2021-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermək haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərardan, onun surəti rəsmi qaydada verildiyi andan 10 gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-154/2022
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-154/2022
26.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver