Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1540/2025 12.03.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mehdiyev Nihal Elbəyi oğlunun katibliyi, protokolu tərtib edən şəxs Bakı şəhər Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis sahə inspektoru X1, zərərçəkmiş şəxs X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə 16 iyun 1992-ci il tarixdə Sumqayıt şəhərində doğullmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2 Şəxs barəsində Bakı şəhəri Nəsimi rayon Polis İdarəsi 22-ci Polis Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiallara baxaraq məhkəmə müəyyən etdi: Şəxs 03 noyabr 2024-cü il tarixdə X2 etibarında sui-istifadə edərək dələduzluq yolu ilə 280 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında Bakı şəhər Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin polis inspektoru X3 izahatında göstərmişdir ki, X4 03 noyabr 2024-cü il tarixdə DİN-nin 102 xidmətinə zəng edərək, həmçinin Nəsimi RPİ-nin 22-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək 03 noyabr 2024-cü il tarixdə saat 22:10 radələrində tanımadığı mobil nömrədən zəng edən şəxsin özünü 14 saylı cəzaçəkmə müəssisəsinin həkimi Samir Allahverdiyev kimi təqdim etdiyini və həmin müəssisədə cəza çəkən övladı Novruz Novruzovun səhhətinin pisləşdiyini və əməliyyat xərcləri üçün 280 manat pul lazım olduğunu dediyini, bunu eşidib oğlu X5 həmin şəxsin göndərdiyi kart hesabına 280 manat pul göndərdiyini, lakin sonradan həmin müəssisədə Samir adlı tibb işçisinin olmadığını və aldadıldığını bildiklərini qeyd etmişdir. Bundan sonra təhqiqatçı Azər Aslanlı tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərara əsasən hadisəni törətmiş şəxsin İXM-nin 227-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi qərara alınmışdır. Daha sonra dələduzluq əməlinin Şəxs tərəfindən törədilməsi müəyyən olunsa da, sonuncunun inzibati həbsdə olması müəyyən olunmuş, buna görə də adıçəkilən şəxs inzibati həbs müddətini başa vurduqdan sonra barəsində inzibati xəta haqqında protokol tərtib edilərək aidiyyəti üzrə Nəsimi rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs verdiyi izahatında göstərmişdir ki, o, cəzaçəkmə müəssisəsində olduğu müddətdə Esmira İslamovanın oğlu ilə eyni cəzaçəkmə müəssisəsində olduğundan telefon nömrələrini götürərək sonradan azadlıqda olduqları təqdirdə əlaqə saxlamaq niyyətində olmuşdur. Lakin cəzaçəkmə müddti bitdikdən sonra azadlıqda olarkən maddi vəziyyəti pis olduğundan 03 noyabr 2024-cü il tarixdə, Esmira İslamovaya zəng edərək oğlunun səhhətində problemlər olduğuna görə təcili pul lazım olduğunu bildirmiş və kart hesabına 280 manat göndərilməsinə nail olmuşdur. Lakin sonradan polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirildikdən sonra əməlini etiraf etmişdir. Hal-hazırda əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı tam olaraq ödədiyini bildirərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs X4 verdiyi izahatında göstərmişdir ki, 03 noyabr 2024-cü il tarixdə tanımadığı mobil nömrədən zəng edən şəxs özünü 14 saylı cəzaçəkmə müəssisəsinin həkimi “Xəyal” adl şəxs kimi təqdim etmiş və həmin müəssisədə cəza çəkən övladı Novruz Novruzovun səhhətinin pisləşdiyini, Yəni qan laxtalanmasının baş verdiyini demiş, hətta sonradan nəsə olarsa məsuliyyət daşımadıqlarını qeyd etmiş və əməliyyat xərcləri üçün 280 manat pul lazım olduğunu bildirmişdir. Bundan sonra oğlu X6 həmin şəxsin göndərdiyi kart hesabına 280 manat pul göndərmiş, lakin sonradan həmin müəssisədə Samir adlı tibb işçisinin olmaması və aldadıldıqlarını baş düşmüşlər. Bundan sonra hadisə barədə polisə müraciət etmişdir. Lakin hal-hazırda ona dəymiş zərərin Şəxs tərəfindən ödənilməsə də, onunla barışdığını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirərək, sonuncu barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Azər Aslanlı tərəfindən qəbul edilmiş 13 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərara əsasən 1 saylı HK-2534 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə iclası zamanı müəyyən olunmuşdur ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinin təhqiqatçısı Azər Aslanlı tərəfindən qəbul edilmiş 13 noyabr 2024-cü il tarixli cinayət işi başlanmasının rədd edilməsi haqqında qərardan 03 aydan artıq müddət keçmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38.1-ci maddəsinin tələbinə görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci dörd ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, qeyri-hökumət təşkilatları haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 38.3-cü maddəsinə əsasən cinayət işinin başlanması rədd edildikdə və ya cinayət işinə xitam verildikdə, lakin şəxsin əməllərində inzibati xəta tərkibinin bütün əlamətləri olduqda, inzibati tənbeh cinayət işinin başlanmasının rədd edilməsi və ya ona xitam verilməsi haqqında qərar qəbul edildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Həmin Məcəllənin 53.1.6-ci maddəsinə əsasən bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinməli, lakin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinın 38-ci maddəsində nəzərdə tutulmuş müddət keçdiyindən iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 53, 49-51, 105, 109, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə qərara a l d ı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və inzibati məsuliyyətə cəlb etmə müddəti başa çatdığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov
Məhkəmə qərarları › İş №3(006)-1540/2025
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1540/2025
12.03.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver