Məhkəmə qərarları › İş №3(006)-1547/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №3(006)-1547/2021

18.06.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(006)-1547/2021 18.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Pənahov Babək Əkbər oğlu, Şəxs MMC barəsində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş 31.05.2021-ci il tarixli, 14000-0188/21 saylı inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri məhkəmə iclasında baxılmağa hazırlayarkən M Ü Ə Y Y Ə N E T D İ M: Tərtib olunmuş inzibati xəta haqqında protokol qanunvericilikdə nəzərdə tutulmuş qaydada ciddi hesabat sənədi olan blankda tərtib edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 100.5-ci maddəsinə görə protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.07.2017-ci il tarixli, 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”na görə:  protokol, qərar (qərardad) blanklarının hazırlanmasına sifarişin verilməsi, onların bölgüsü, protokol, qərar (qərardad) blanklarının istifadəsinin uçotunun və hesabatının aparılması Azərbaycan Respublikasının Maliyyə Nazirliyi (bundan sonra - Nazirlik) tərəfindən həyata keçirilir (1.2-ci bənd);  aidiyyəti orqanlar növbəti ilin tələbatına uyğun proqnozlaşdırılan protokol, qərar (qərardad) blanklarının miqdarı barədə hər il iyulun 1-dək Nazirliyə rəsmi müraciət edirlər (2.1-ci bənd);  elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blankları bu Qaydaların 1-1 nömrəli əlavəsi ilə müəyyən edilmiş spesifikasiyaya uyğun hazırlanır (2-1.1-ci bənd);  elektron informasiya (idarəetmə) sistemləri vasitəsilə tərtib olunan protokolların, qərarların (qərardadların) blanklarının hazırlanması, təqdim edilməsi, onların istifadəsinin uçotunun və hesabatının aparılması bu Qaydaların 2-ci (2.2-ci bəndi istisna olmaqla) və 3-cü hissələri ilə tənzimlənir (2-1.2-ci bənd);  növbəti il üçün tələb olunan protokol, qərar (qərardad) blanklarının ümumi miqdarı müəyyən edildikdən sonra onların təsdiq edilmiş formalara uyğun hazırlanması (sifarişi) “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Nazirlik tərəfindən həyata keçirilir. Protokol, qərar (qərardad) blankları bu Qaydaların 1 nömrəli əlavəsi ilə müəyyən olunmuş spesifikasiyaya uyğun hazırlanır (2.2-ci bənd);  nazirlik tərəfindən verilmiş protokol, qərar (qərardad) blanklarının uçotu “Qeydiyyat kitabı”nda aparılır. Kitabın hər səhifəsi nömrələnməklə qaytanlanır, Nazirliyin vəzifəli şəxsi tərəfindən imzalanır və möhürlənir (2.6-cı bənd). Eyni zamanda məsələ ilə bağlı məhkəmənin sorğusu əsasında əldə edilmiş Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 21.05.2021-ci il tarixli, MİKO/1.1-2-2021- 1063 saylı məktubunda qeyd olunur ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İnzibati xəta haqqında protokolun, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərarın və inzibati xəta haqqında işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadın formalarının təsdiq edilməsi haqqında” 18 noyabr 2016-cı il tarixli, 466 nömrəli Qərarı ilə inzibati xəta haqqında protokolun forması təsdiq edilmişdir. Bununla yanaşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25.07.2017-ci il tarixli, 305 nömrəli Qərarı ilə təsdiq edilmiş “İnzibati xəta haqqında protokol, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən inzibati xəta haqqında işə baxılarkən çıxarılan qərar (qərardad) blanklarının aidiyyəti orqanların sifarişi əsasında hazırlanması, saxlanılması, uçotu və təqdim edilməsi Qaydaları”nın 1.2-ci bəndinə əsasən protokol blanklarının hazırlanmasına sifarişin verilməsi, istifadəsinin uçotunun və hesabatının aparılması Maliyyə Nazirliyi tərəfindən həyata keçirilir və həmin blanklar çap olunaraq təşkilatların müraciətlərinə uyğun olaraq rəsmiləşdirilərək verilir. Lakin keçən dövr ərzində Maliyyə Nazirliyi tərəfindən Dövlət Gömrük Komitəsinə inzibati xəta haqqında protokol blankı verilməmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq hesab edirəm ki, protokol onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Belə ki, təqdim edilmiş inzibati xəta haqqında protokol Nazirlər Kabinetinin müəyyən etdiyi Qaydalara uyğun ciddi hesabat sənədi olan blankda tərtib edilməmişdir. Eyni zamanda protokol blanklarının hazırlanmasına sifarişi verən və istifadəsinə dair uçotu aparan Maliyyə Nazirliyinin məktubundan da göründüyü kimi protokolu tərtib edən quruma ötən il ərzində belə bir blank verilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 106.0.3-cü və 106.0.5-ci maddələrinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən inzibati xəta haqqında protokol və işin digər materialları bu Məcəllənin tələblərinə müvafiq olaraq tərtib edilməsini və mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutların toplanması məsələlərini həll edir. Həmin Məcəllənin 109.1.6-cı maddəsinə görə inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106-cı və 109-cu maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Şəxs MMC barəsində Aksizli Mallar üzrə Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi üzrə tərtib olunmuş 31.05.2021-ci il tarixli, 14000-0188/21 saylı inzibati xəta haqqında protokol ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. Hakim Babək Pənahov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar