Məhkəmə qərarları › İş №3(006)-1553/2024

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1553/2024

22.04.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1553/2024 22.04.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Nəsimi rayon Məhkəməsinin hakimi Hüseynov Elməddin Mirpaşa oğlunun sədrliyi, məhkəmə iclas katibi Mustafayeva İlhamə Mövlan qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, protokolu tərtib edən şəxs Daxili İşlər Nazirliyi NBPİ X3 Polis İdarəsinin İTŞ-nin YYÇİ üzrə inspektoru X1 iştirakları ilə, xx xxxxxx 1995-ci ildə Xanlar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Göygöl rayonu, Göygöl şəhəri, İ.Məmmədov küçəsi ev 88-də qeydiyyatda olan və Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 48də yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi üzrə Daxili İşlər Nazirliyi NBPİ X3 Polis İdarəsi tərəfindən tərtib olunmuş MN ******* saylı inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İnzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara əsasən, Şəxs 22 aprel 2024-cü il tarixdə, saat 04:00-da Nəsimi rayonu ərazisində yerləşən «28 May» metrostansiyasının qarşısında sərxoş vəziyyətdə polisin qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da, o, Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş əməli törətmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Daxili İşlər Nazirliyi NBPİ X3 Polis İdarəsinin İTŞ-nin YYÇİ üzrə inspektoru X2 izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə «28 May» metrostansiyasının qarşısında sərxoş vəziyyətdə Şəxs polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamış. Bir neçə dəfə Şəxs polisin xidməti vəzifəsini yerinə yetirərkən mane olmaması tövsiyə edilsə də, sonuncu polisin qanuni tələbini yerinə yetirməmişdir. Şəxs polis idarəsinə getməkdən imtina etmiş, lakin sonuncu polis əməkdaşlarının birlikdə səyi nəticəsində polis idarəsinə aparılmışdır. Polis idarəsində Şəxs izahatı alınmış və daha sonra Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Hal-hazırda protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunması barədə qərar qəbul olunmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə «28 May» metrostansiyasının qarşısında sərxoş vəziyyətdə olduğundan öz hərəkətlərinin faktiki nəticəsini dərk etmədən səs-küy salmışdır. Bundan sonra ona yaxınlaşan polis əməkdaşlarının qanuni tələblərini yerinə yetirməkdən imtina etmişdir. Polis idarəsinə aparıldqıdan sonra spirtli içkinin təsirindən çıxdıqdan sonra onunla proflaktik söhbətlər aparılmış və o da səhvini başa düşərək peşman olmuş, polis əməkdaşlarına qarşı hörmətsizlik etmək niyyətində olmadığını bildirmişdir. İzahatının sonunda törətdiyi əməldən peşman olduğunu bildirərək, barəsində yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Daxili İşlər Nazirliyi X7 X4 polis nəfəri X5 verdiyi izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 04:00 radələrində «28 May» metrostansiyasının qarşısında sərxoş vəziyyətdə bir nəfər şəxsin səs-küy saldığını müşahidə edərək həmin şəxsə yaxınlaşmaqla ictimai qaydaları pozmaması tələb edilsə də, barəsində inzibati icraat aparılan şəxs əməllərinə davam etmişdir. Bundan sonra, həmin şəxsi polis idarəsinə aparılması üçün dəvət edilsə də, sonuncu imtina etmişdir. Bundan sonra şəxsiyyəti onlara sonradan məlum olan Şəxs avtomobilə əyləşdirərək polis idarəsinə aparmışlar. Polis idarəsində Şəxs şəxsiyyəti müəyyən edilmiş və sonradan həmin şəxsin barəsində protokol tərtib olunmuşdur. Məhkəmə, Daxili İşlər Nazirliyi NBPİ X3 Polis İdarəsinin İTŞ-nin YYÇİ üzrə inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolu nəzərdən keçirib, məhkəmə iclasında iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi toplanmış sübutlarla təsdiqini tapır. Ona görə də o, inzibati məsuliyyətə cəlb edilməlidir. İşdə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən verilmiş 22 aprel 2024-cü il tarixli, 2/21343 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə aktından görünür ki, 1995-ci il təvəllüdlü Şəxs orta dərəcəli sərxoşluq vəziyyətində olması halı müəyyən olunmuşdur. İşdə olan 22 aprel 2024-cü il tarixli inzibati qaydada tutma haqqında protokoldan görünür ki, Şəxs 22 aprel 2024-cü il tarixdə, saat 04:00 radələrində inzibati qaydada tutulmuşdur. “Polis haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinə görə hər bir şəxsdən cinayətlərə və digər hüquqpozmalara, şəxsiyyət və ictimai asayiş üçün təhlükə törədən və onlara şərait yaradan hərəkətlərə son qoyulmasını tələb etmək üzərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün polis əməkdaşının hüququdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 31.2-ci maddəsinin tələbinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən həmin Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə Şəxs törətdiyi əməldən səmimi peşman olmasını onun məsuliyytini yüngülləşdirən hal hesab edir. Məhkəmə Şəxs inzibati xətanı sərxoş vəziyyətdə törətməsini məsuliyyətini ağırlaşdıran hal hesab edir. İnzibati xətanın xarakterini və işin göstərilən hallarını, eləcə də inzibati xəta törədənin şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs inzibati qaydada cərimə cəzasının tətbiq edilməsi inzibati tənbehin məqsədlərini təmin edə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 150 (yüz əlli) manat miqdarında cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə Nəsimi rayon məhkəməsi vasitəsi ilə şikayət verilə bilər. Hakim: Elməddin Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar