Məhkəmə qərarları › İş №3(006)-1560/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərar — İş №3(006)-1560/2023

13.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(006)-1560/2023 13.04.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Azər Heydər oğlunun sədrliyi, Lətifov Vəli Abdurəşid oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi X2 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2023-cü il tarixli, 00700-00091/23 (EP № 0002929) saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Nəsimi Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC xx.xx.2023-cü il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********5271 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedunda rəsmiləşdirilmiş, Rusiya Federativ Respublikasında göndərilmiş “ilkin formalarda etilen polimerləri, xüsusi çəkisi 0.94 və ya daha çox olan polietilen” yükü 29050853, 29050739 və 29786290 nömrəli vaqonlarla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verməli olduğu halda 12 mart 2023-cü il tarixdə, saat 22:21-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Q.M.Nəzərov törədilmiş əməli etiraf edərək bildirmişdir ki, gömrük orqanına qısa idxal bəyannaməsi vaxtında verilməməsinə səbəb səbəb ixracatçı şirkətin sənədləri onlara vaxtında göndərməməsi olmuşdur. Göstərilənləri nəzərə alaraq Şəxs MMC-nin barəsində ədalətli inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin tərəfin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə inzibati xəta haqqında protokol tərtib etmiş Azərbaycan Respublikası Gömrük Komitəsi Sumqayıt Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Sumqayıt Baş Gömrük İdarəsinin gömrük prosedurları və ödənişləri şöbəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC-nin ünvanına Rusiya Federasiyasından 29050853, 29050739 və 29786290 nömrəli nəqliyyat vasitələri ilə “polietilen” yükü ölkə ərazisinə daxil olmuş və **********5271 saylı gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Rəsmiləşdirilmə zamanı mallar gömrük ərazisinə daxil olmamışdan əvvəl qısa idxal bəyannaməsinin təqdim edilmədiyi aşkar edilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 sistemi” informasiya resursundan “malın çatdırılması və boşaldılmasına” dair çıxarışdan görünür ki, 29050853, 29050739 və 29786290 nömrəli vaqonlar vasitəsi ilə Şəxs MMC-nin ünvanına göndərilən mallar xx.xx.2023-cü il tarixdə, saat 23:44 radələrində Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçməklə Azərbaycan Respublikası gömrük ərazisinə gətirilmişdir. İş materiallarında olan Dövlət Gömrük Komitəsinin “X1 sistemi” informasiya resursuna baxış keçirilməsi haqqında protokoldan görünür ki, Sumqayıt Baş Gömrük İdarəsində təqdim edilən xx.xx.2023-cü il tarixli, **********5271 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedunda rəsmiləşdirilmiş,“ilkin formalarda etilen polimerləri, xüsusi çəkisi 0.94 və ya daha çox olan polietilen” yükü Rusiya Federativ Respublikasından xx.xx.2023-cü il tarixdə, saat 22:21 29050853, 29050739 və 29786290 nömrəli vaqonlarla Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, lakin həmin yükə dair gömrük orqanına elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli, **********5271 saylı gömrük bəyannaməsinin surətindən görünür ki, həmin bəyannamənin “əvvəlki bəyannamə və sənədin xülasəsi” adlanan 40-cı qrafasında heç bir qeydiyyat aparılmamışdır. İş materiallarında olan 28 mart 2023-cü il tarixli barəsində icraat aparılan şəxsin sorğu-sual edilməsi haqqında protokolda Şəxs MMC-nin nümayəndəsi V.G.Alməmmədovun izahatında bildirmişdir ki, gömrük orqanına qısa idxal bəyannaməsi verilməmişdir. Buna səbəb ixracatçı şirkətin sənədləri onlara vaxtında veriməməsi olmuş və bununla da qısa idxal bəyannaməsini vaxtında verə bilmədiklərini etiraf etmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC xx.xx.2023-cü il tarixdə Sumqayıt Baş Gömrük İdarəsində **********5271 sorğu nömrəli gömrük bəyannaməsi ilə “Sərbəst dövriyyə üçün buraxılış” gömrük prosedunda rəsmiləşdirilmiş, Rusiya Federativ Respublikasında göndərilmiş “ilkin formalarda etilen polimerləri, xüsusi çəkisi 0.94 və ya daha çox olan polietilen” yükü 29050853, 29050739 və 29786290 nömrəli vaqonlarla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməzdən əvvəl Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113.1-ci maddəsinin tələblərinə riayət edərək gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsinin verməli olduğu halda 12 mart 2023-cü il tarixdə, saat 22:21-də Şimal Ərazi Baş Gömrük İdarəsinin “Yalama” gömrük postundan keçirilməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş həmin mallara dair elektron formada qısa idxal bəyannaməsi verilməmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Belə ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 113.1-ci maddəsinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada qısa idxal bəyannaməsi verilir. Qısa idxal bəyannaməsinin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur, lakin gömrük rəsmiləşdirilməsinin və malların buraxılışının həyata keçirilməsinə mane olmur. Qısa idxal bəyannaməsinin formasını beynəlxalq standartlar və ticarət təcrübəsi nəzərə alınmaqla müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli, 920 nömrəli fərmanı ilə təsdiq edilmiş “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə” Qaydalarının 2.2-ci maddəsinə əsasən qısa idxal bəyannaməsində risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan məlumatlar əks etdirilməli və malların gömrük sərhədini keçməsindən ən azı 1 (bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 485.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Məhkəmə inzibati tənbeh tədbiri tətbiq edilərkən Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 485.2-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 49-51, 114-115, 117, 129,130 və 485.2-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə R A R A A L D İ: Şəxs MMC (VÖEN: **********) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nzərədə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1.500 (bir min beş yüz) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərarın surəti rəsmi qaydada alındığı gündən 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə şikayət və ya protest verilə bilər. Hakim: Azər Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar